Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 2015-ci ilin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

10 fevral 2016 | 16:00

Fevralın 10-da rayon İcra hakimiyyətində 2015-cİ ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulmuşdur.

Yığıncaqda geniş hesabatla çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və  2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.

Natiq məruzəsində qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə uğurla inkişaf edən müstəqil Azərbaycan dövlətinin 2015-ci ildə dinamik inkişafı təmin edilmiş, beynəlxalq mövqeləri daha da möhkəmlənmiş, iqtisadi və sosial proqramlar müvəffəqiyyətlə icra olunmuşdur.

Ötən il ümumi daxili məhsul, sənaye istehsalı və qeyri-neft sənayesi artmış, ölkəyə investisiya qoyuluşunun həcmi yüksəlmiş,  sosial obyektlərin inşası uğurla təmin edilmişdir. Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açmış, ölkəmizi regionda lider dövlətə çevirmişdir. Ardıcıl olaraq həyata keçirilən layihələr şəhər, qəsəbə və kəndlərimizi gözəlləşdirir. Bu  inkişafı rayonumuzun timsalında aydın görə bilərik.

2015-ci ilin ən yaddaqalan və tarixi hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 aprel tarixində rayona növbəti səfəri olmuşdur. Səfər zamanı Möhtərəm Prezident 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını etmiş, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və "Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olmuş, ictimaiyyət nümayəndələri ilə səmimi görüş keçirmişdir.

Cənab Prezidentin rayona  tarixi səfərindən sonra Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi məqsədilə Sərəncam imzalamışdır. İctimaiyyət nümayəndələrinin müraciəti nəzərə alınaraq ölkə rəhbərinin digər Sərəncamı ilə rayonun böyük yaşayış məntəqələrindən biri olan “Telman” kəndinin adı “Çayoba” adı ilə əvəzlənmiş, tarixi həqiqət bərpa edilmişdir.  Bütün bunlar Astara və astaralılara olan hədsiz diqqət və qayğının bariz nümunəsidir.

Hesabat ilində rayonda tikinti-abadlıq və quruculuq sahəsində də xeyli iş görülmüşdür. 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi başa çatdırılmış, 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi davam etdirilir.

Rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması işi də il ərzində davam etmişdir.  Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanmışdır. Kijəbə - Burzuband  avtomobil yoluna 6700 kv.metr, Siyaku kənd daxili yollarına 2500 kv.metr, Rüdəkənar kənd daxili yollarına 1230 kv.metr asfalt salınmışdır. Azərbaycan  Kənd İnvestisiya Layihəsi çərçivəsində Siyaku-Marzəsəy, Sığəkəran və Siyakeş kənd avtomobil yollarına çınqıl materialı döşənmiş, kəndlərarası yollarda müxtəlif texnikalarla hamarlama işləri aparılmışdır. Pensər çayının Şəmətük kəndindən keçən hissəsində uzunluğu 18 metr, Şiyəkəran kəndindən keçən hissəsində isə uzunluğu 45 metr olan avtomobil körpüləri tikilib istifadəyə verilmişdir.

Hesabat ilində şəhərin  prospekt və küçələrində  tikinti-abadlıq işləri aparılaraq küvetlər təmizlənmiş, yol nişanları quraşdırılmış, binalarının fasad hissəsi və dam örtüklərində təmir işləri görülmüşdür. Payız aylarında yağan güclü yağışlar nəticəsində Astara şəhərinin bir neçə məhəlləsi sel sularına məruz qalırdı. Əhali ilə səyyar görüşlər zamanı qaldırılan bu problemin həllindən ötrü konkret tədbirlər görülmüş, Həzi Aslanov, Ziya Bünyadov və  digər küçələrdə sel sularının axıdılması üçün suötürücü borular qoyulmuşdur.

Rayon sakinlərini illərdən bəri narahat edən əsas problemlərdən biri də şəhər əhalisinin içməli su ilə təminatının olmaması idi. 2015-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində  Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə əhalinin narahatçılığına son qoyulacaqdır. Magistral su xəttinin 8 km hissəsində işlər tamamlanmış, hazırda burada xətt tikintisi davam etdirilir.

Sadalanan bütün işlərə görə rayon ictimaiyyəti adından möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkür və hədsiz minnətdarlığımızı  bildiririk.

İqtisadi və sosial  inkişafın  əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi 175 milyon 558 min manata  çatmşdır. Bunun 6,4 faizi sənayedə, 40 faizi kənd təsərrüfatında, 26,4 faizi tikintidə,  25,2 faizi  ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,4 faizi  informasiya və rabitədə olmuşdur. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi  1680 manat təşkil etmişdir.  İnşaat işlərinin aparılması üçün 2015-ci il ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 48 milyon 827 min manat məbləğində vəsait  yönəldilmişdir ki, bunun 95 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə əsas kapitala yönəldilmiş  vəsaitin həcmi  25 faiz artmışdır. Son illərdə rayonda 7264 iş yeri açılmış, bunun da 6593-ü daimi iş yeridir. İl ərzində rayonda 766 yeni iş yeri açılmışdır.

Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etmiş, əvvəlki illərdə qaz almayan, ümumi abonent sayı 827 olan Çayoba və  Tüləküvan kəndlərinin qazlaşdırılması təmin edilmişdir. 2015-ci il ərzində rayon üzrə ümumilikdə 1424 evin qazlaşdırılması həyata keçirilmişdir. 

Rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmiş, ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif gücdə olan transformator və naqillər yenilənmiş, dəmir dayaqlar basdırılmışdır. Şəbəkədə müəyyən işlərin görülməsinə baxmayaraq hələ də problemlər mövcuddur. Müəssisədə işin lazımi səviyyədə qurulmamasının nəicəsidir ki, zəif küləkli və yağışlı havalarda belə elektrik enerjisinin verilməsində fasilələr yaranır. Bu da, əhalinin haqlı narazılığına səbəb olmaqla enerji haqlarının yiğılmasında çətinliklər yaradır. Şəbəkənin rəhbərliyi göstərilənlərdən nəticə çıxarmalı, nöqsanların qısa müddət ərzində aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirməlidir.

2015-ci ildə rayon Telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 730 min manat təşkil etmişdir. İl ərzində bir sıra yaşayış məntəqələrinin kabel xətlərində təmir işləri aparılmış,  telefon rabitəsinin dayanıqlılığı əsasən təmin edilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi proqnoz planı 100 % icra etmişdir. Şöbədə 18 min 165 nəfər sığorta olunan qeydiyyata götürülmüşdür. Onlardan 6746 hüquqi şəxs, 4256 fiziki şəxs və 7163 nəfəri torpaq mülkiyyətçisidir. Şöbə üzrə 12 min 785 nəfər pensiyaçıların hamısı plastik kartlar vasitəsilə pensiyalarını alırlar. Pensiya və müavinətlər 22 milyon 981 min  manat olmaqla tam ödənilmişdir. Müəssisənin rəhbərliyi pensiyaların  ödənilməsini vaxtında təmin etməkdən ötrü məcburi dövlət sosial sığorta haqlarının yığılmasında ciddi dönüş yaratmaqla sığorta haqlarının  ödənilməsindən yayınan hüquqi və fiziki şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. 

Hesabat ilində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 4 min 620 ailə üzvünü əhatə edən 923 ailəyə ÜDSY ödənilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 157 manat, ailə üzvünə düşən orta aylıq məbləğ 31 manat olmuşdur. Hərəkətdə olan sosial müavinət alanların sayı 4581 nəfər olmuşdur.   

Astara rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyi ünvanlı sosial yardımının ünvanlı və ədalətli təyinatına diqqəti daha da artırmalı, neqativ halların tamamilə aradan qaldırılmasına nail olmalıdır.

Rayon  Məşğulluq  Mərkəzində 2015-ci il ərzində  345 nəfər işaxtaran qeyri məşğul vətəndaş qeydiyyata alınmış, 280 nəfər müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. İşaxtaranların işlə təmin edilməsinin yalnız rayon Məşğulluq Mərkəzinin göndərişi əsasında həyata keçirilməli olduğunu bir daha idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıram.

Ötən il rayonun ümumtəhsil məktəblərini bitirmiş 1014 məzundan 185 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Məzunlarımızın 15 nəfərinin  Ali Hərbi məktəb, Akademiya və liseylərə daxil olması qeyd edilməlidir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirməsi istiqamətində işlər davam etmişdir.

Görülən işlərlə yanaşı ümumtəhsil məktəblərində təlim-tərbiyə və tədris işinin təşkili sahəsində bir sıra nöqsanlar da olmuşdur.  Ümumtəhsil məktəblərinin əsasən yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olmamışdır. Bu da həmin məktəblərdə təlim-tərbiyənin və tədrisin keyfiyyətinə mənfi təsir göstərmişdir. Ötən tədris ilində məktəbə rəhbərlikdə yol verdikləri nöqsanlara görə Kijəbə qəsəbə, Ağkörpü və Burzubənd kənd tam orta məktəblərinin direktorları tutduğu vəzifələrindən azad edilmişlər. Rayon təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində təlim-tərbiyə və  tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məktəb direktorlarına qarşı tələbkarlığı artırmalı, bu sahədə yol verilmiş nöqsanları aradan qaldırması üçün lazımi tədbirlər həyata keçirməlidir.

Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” şüarı altında rayonun IX-XI sinif şagirdləri Gəncə, Şəmkir, Göygöl rayonlarında  səfərdə olmuş şəhərlərin müasir həyatı, zəngin mədəniyyəti, sürətli sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olmuşlar. Eyni zamanda həmin  rayonlardan olan şagirdlərin bir qrupu Astarada olmuş, rayonun görməli yerləri ilə tanış edilmişlər.  

Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı inkişafı daim diqqətdə olmuşdur. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədi ilə ənənəvi olaraq hərbi idman oyunlarının keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançlarımıza göstərilən daimi diqqət və qayğı onların respublika və beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır. Ötən il idmançılarımız Respublika və Beynəlxalq yarışlarda ümumilikdə 132 medal qazanmışlar ki, bunun da 62-si qızıl medal olmuşdur.

Astara Olimpiya İdman Kompleksində ağır atletika üzrə Dünya Kuboku yarışı keçirilmişdir. Yarışda Azərbaycan da daxil olmaqla Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Polşa, İran, Gürcüstan, Moldova, Bolqarıstan və İsrail dövlətinin atletləri iştirak etmişdir.

Ötən il Avropa ölkələrinin iştirakı ilə dünyada ilk dəfə keçirilən “Bakı-2015” Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsi ölkəmizin idman tarixində şanlı səhifə açmışdır. Möhtərəm Prezidenimiz cənab  İlham Əliyevin qədim Atəşgah məbədindən Birinci Avropa Oyunları üçün götürdüyü alov məşəli 1 may tarixində rayonumuza gətirilmiş, minlərlə astaralının müşayiəti ilə Bayraq Meydanından park-bulvara çatdırılaraq çırağın yandırılması sakinlərimizə xoş anlar yaşatmışdır. 

 Hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin edilmişdir. Kijəbə qəsəbə sahə xəstəxanasının təmiri başa çatdırılmış, Pensər kənd sahə xəstəxanasının  təmiri davam etdirilir.

Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 1-dən aprelin 30-dək Astara rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsinin aparılması əhali tərəfindən razılıqla qarşılanmışdır. Səhiyyə Nazirliyinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərkəzi Xəstəxanasında əhalinin tibbi müayinəsi ilə əlaqədar keçirilən humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadası tərəfindən rayon tarixində ilk dəfə olaraq böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunmuş, əməliyyat uğurla nəticələnmişdir.

Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndləri yollarının asfaltlaşdırılması ilə  tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlanmışdır. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilmişdir ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.

 Kənd təsərrüfatı ili ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki  şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 253 min manat dəyərində güzəştli kreditlər verilmişdir. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 105 min manat subsidiya verilmiş,  fermer təsərrüfatlarına və fiziki  şəxslərə 501 ton mineral gübrə güzəştli şərtlərlə satılmışdır. 

Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək                      343  hektara çatdırılmışdır. Bunun  192 hektarını məhsuldar, 151 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına  lazimi aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilmiş, suötürücü kanallar təmizlənmişdir. Ümumilikdə rayon üzrə 421 ton yaşıl çay yarpağı yığılaraq emal müəssisələrinə təhvil verilmişdir.

Rayonda çəltikçiliyin inkişafından ötrü də müəyyən işlər görülmüşdür.   65 hektar sahədə çəltik əkini aparılmış, 254 ton məhsul əldə edilmişdir. 86 hektar buğda, 517 hektar paxlalı bitkilər, 234 hektar  qarğıdalı, 1351 hektar kartof, 2727 hektar faraş tərəvəz, 916 hektar dənli bitkilər, 539 hektar  bostan bitkiləri, 1124 hektar sahədə yonca əkilmişdir.

2015-ci ildə iribuynuzlu mal-qaranın sayı 46 min 900 baş, xırda buynuzluların sayı 28 min 600 baş olmuşdur. 3723 ton diri çəkidə ət, 30 min 150 ton süd,  25 ton yun, 11 milyon 400 min ədəd yumurta istehsal olunmuşdur.

Hesabat ilində torpaqların təyinatı üzrə istifadə olunması, əkilib becərilməsi  sahəsində müəyyən işlər görülsə də, torpaqlardan səmərəli istifadə edilməsi qənaətbəxş olmamışdır. Bəzi yerlərdə torpaq qanunvericiliyi pozulmuş, həmin torpaqlarda qanunsuz  tikililər aparılmışdır. Qanunsuzluğa yol verənlər barədə ciddi tədbirlər görülməlidir.

Rayonda suvarma əsasən açıq kanallar vasitəsilə aparılır. İl ərzində ümumilikdə rayon ərazisində  115 min 900 paqonometr suvarma və suötürücü kanallar, 4500 paqonometr Kollektor - Drenaj şəbəkəsi lildən təmizlənmişdir. Rayonun Rudəkənar yaşayış məntəqəsində subartezian quyusunun qazılması başa çatdırılmış, Artupa və Maşxan kəndlərində quyuların qazılması işləri davam etdirilir. Bütün bunlara baxmayaraq həmin quyuların işlək vəziyyətə gətirilməsi üçün aidiyyəti  qurumlara müraciətlər edildiyi halda hələ də müvafiq  tədbirlər görülməmişdir. Şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, bələdiyyələrlə əlaqəli iş lazımi səviyyədə təşkil edilmədiyinə görə, əhali arasında maarifləndirmə işləri lazımi səviyyədə aparılmadığından təsərrüfatlarda suötürücü kanallar vətəndaşlar tərəfindən zəbt edilmiş, üstündə qanunsuz tikintilər aparılmış, məişət tullantıları ilə doldurularaq tutulmuşdur. Suvarma Sistemləri İdarəsi rəhbərliyinin qeyd edilən məsələlərə laqeyd yanaşması, mövcud suötürücü kanalların vaxtında təmizlənməməsi və lazımi profilaktik tədbirlər görməməsi səbəbindən təsərrüfatlar və yaşayış məntəqələri payız-qış aylarında sel təhlükəsi ilə üzləşir. Eyni zamanda suvarma mövsümündə sahələrin suvarılmasında böyük maneələrin yaranmasına səbəb olur. Müəssisənin rəhbərliyi qeyd olunan məsələlərdən ciddi nəticə çıxarmalı, işini günün tələbləri səviyyəsində qurmalıdır. 

Rayonda ideoloji işin təşkili, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin məruzə və çıxışlarından irəli gələn vəzifələrin əhaliyə çatdırılması məqsədilə yaradılmış təbliğat qrupları yerlərdə, o cümlədən Heydər Əliyev Mərkəzində, idarə, müəssisə və təşkilatlarda ardıcıl olaraq tədbirlər keçirmişlər. Bura əhalinin bütün təbəqələrini cəlb etməklə yetişməkdə olan gənc nəslin vətənpərvərlik, dövlətçilik və milli adət-ənənələrimizə hörmət ruhunda formalaşması istiqamətində tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Ötən ilin yaddaqalan hadisələrindən biri də 2015-ci il 1 noyabr tarixində V çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilər olmuşdur. Tam demokratik, şəffaf və ədalətli keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədləri Ziyafət Əsgərov və Rəşad Mahmudov yüksək səs çoxluğu ilə millət vəkili seçilmişlər. Fürsətdən istifadə edib hər iki millət vəkilimizi qələbə münasibəti ilə təbrik edir, işlərində müvəffəqiyyətlər, uğurlar arzulayıram.

Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.  “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.

2015-ci il ərzində 1026 nəfər çağırışa cəlb olunmuş, onlardan 559 nəfəri həqiqi hərbi xidmətə göndərilmişdir.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. 2015-ci ildə rayon ərazisində 244 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi   81 % təşkil etmişdir. 

Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Səyyar Asan Xidməti rayonda 15 gün müddətində fəaliyyət göstərmiş, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmışdır.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.

 Rayon İcra hakimiyyəti “Dövlət qulluğu haqqında” və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq  kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir. İlk növbədə işgüzar, bacarıqlı, təcrübəli, tapşırılan işin öhdəsindən layiqincə gələn, dövlətçiliyə sədaqətli gənc kadrların dövlət qulluğuna qəbul olunmasına xüsusi diqqət yetirilmişdir.

2015-ci ilin uğurlu nəticələri, ürəkaçan və qənaətbəxşdir. Lakin hələ görüləcək işlər daha çoxdur. Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir.  İlk növbədə rayon əhalisinin içməli su təminatı, Tüləküvan-Qəcimardə-Təngərüd yolunun əsaslı təmiri, qazlaşmayan kəndlərin qazlaşdırılması, Astara və Pensər çaylarında sahilbərkitmə işlərinin görülməsi, mövcud suötürücü kanalların vaxtında təmizlənməsi, əkin sahələrinin suvarılmasının tam təmin edilməsi, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin davam etdirilməsi əsas məsələlərdəndir. Əlverişli təbii şəraiti olan rayonumuzda sosial layihələrin icrası ilə turizmin inkişafı üçün geniş imkanlar yaranmışdır. Ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla  ölkədə  ərzaq bolluğunun yaradılmasına töhvəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır. Yaxın tarixə nəzər salsaq görərik ki, rayonda 100 min tondan çox tərəvəz, 6 min tondan çox yaşıl çay yarpağı və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu faktlar onu göstərir ki, rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin  üzərinə böyük məsuliyyət  düşür.

 İcazə verin bütün astaralılar adından möhtərəm cənab Prezident İlham Əliyevi əmin edim ki, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var-qüvvələrimizi səfərbər edəcəyik.

İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.

Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Əhalinin Məşğulluğu Mərkəzinin direktoru Zeynulla Şükürov, Astara Elektrik Şəbəkəsinin müdiri Alim Qəmbərli, Siyaku bələdiyyəsinin sədri Ramin Dədəyev, “Astaraçay” MMC-nin nümayəndəsi Ağaşirin Ağayev, Maşxan kənd sakini Qadir Məmmədov, Asxanakəran kənd sakini Ramiz Gənciyev tədbirdə çıxış etmiş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər. 

Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov və Azərbaycan Respublikası Milli Məclisin deputatı Rəşad Mahmudov  çıxış edərək qeyd etmişlər ki,  keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük işlər görülmüş, 2015-ci ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, aparılan islahatlar daha da dərinləşmişdir.  Bunun nəticəsidir ki, dünyanın aparıcı dövlətlərinin Azərbaycana inam və etibarı getdikcə artır.

H.Əzənmədov qeyd etmişdir ki, ötən il ölkə iqtisadiyyat yüksələn xətt üzrə inkişaf etmiş, sosial layihələrin icrası təmin olunmuşdur. Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biri olmaqala Davos Dünya İqtisadi Forumu 144 dövlət arasında Azərbaycanı rəqabət qabiliyyətinə görə 40-cı yerə layiq görmüşdür.  

Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Qəbul edilmiş dövlət proqramları üzrə ardıcıl olaraq həyata keçirilən layihələr, şəhər, qəsəbə və kəndlərimizi abadlaşması ilə nəticələnmişdir.  

Son illər müxtəlif məzmunlu mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhərində ötən il ilk dəfə olaraq  Birinci Avropa Oyunları keçirilmişdir. Bu tədbirdə iştirak edən İdmançılar, qonaqlar Azərbaycanla daha yaxından tanış olmuş və Azərbaycanın uğurlu inkişaf modelinin bir daha şahidi olmuşlar.

H.Əzənmədov  yola saldığımız 2015-ci ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.  

Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunmuşdur.

 

Keçidlər