Təngərüd kəndində səyyar qəbul və görüş
Astara rayonun iri yaşayış məntəqələrindən olan Təngərüd kəndinin əhalisi 3600 nəfərdən çoxdur. 1050 təsərrüfatda sitrusçuluq, heyvandarlıq və arıçılıq inkişaf etdirilir. 243 hektar pay torpaqlarında əkinçiliyin inkişafı diqqət mərkəzindədir.
Martın 10-da rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Təngərüd kəndində vətəndaşlarla səyyar qəbul və görüş keçirtmişdir. Rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə RİHB-nın Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov son vaxtlar ərazidə aparılan geniş abadlıq-quruculuq işləri, əhalini narahat edən problemlər barədə məlumat vermişdir.
Kənd sakinlərindən Seyran Babayev, Elxan Şahyarov, Mirmöhsüm Məmmədov, Sabir Zahidov, Qubalı Bəxtiyarov, Əbülhəsən Muradov, Rufulla Fərhadov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən razılıqlarını bildirmiş, rayon icra hakimiyyətinin başçısının yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb səyyar qəbul və görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər mövcud problemlər barədə fikirlərini bildirmiş, onların həlli ilə əlaqədar təkliflərini vermişlər. Kəndin bəzi məhəllələrinin təbii qazla təmin edilməsi, ərazidən keçən suötürücü kanalların təmizlənib təmir edilməsi, subartezian quyuların qazılması, elektrik dirəklərinin dəyişdirilməsi, ayrı-ayrı məhəllə yollarının asfaltlaşdırılması, sitrus meyvələrinin mühafizəsi və emalı müəssisələrin yaradılması barədə təkliflər verilmişdir.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Elektrik Şəbəkəsinin rəisi Alim Qəmbərli, Qaz İstismarı Sahəsinin rəisi Həsənalı Sadıqov çıxış edərək qaldırılan məsələlərlə əlaqədar görüləcək işlər barədə məlumat vermişlər.
Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev səyyar qəbul - görüşə gələn kənd sakinlərini salamlamış, onların qaldırdıqları problemlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır. İcra başçısı bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi varisi ölkə Prezidenti möhtərəm cənab ilham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan geniş abadlıq və quruculuq işləri respublikanın ən ucqar yaşayış məntəqələrini də əhatə etmişdir. Bunu Astara rayonun timsalında aydın görmək olar. Əvvəllər normal gediş-gəliş mümkün olmayan ucqar dağ kəndlərinə rahat asfalt yollar çəkilir, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması üçün əməli tədbirlər görülür. Son dövrdə rayonda 40-dan çox yeni məktəb binası tikilmişdir. Əsaslı təmir olunan şəhər 2 saylı və Sım kəndində inşa edilən müasir tipli yeni məktəb binasının tikintisi başa çatmaq üzrədir. Ümumiyyətlə, rayonun ayrı-ayrı yaşayış məntəqələrində tikinti və quruculuq işləri davam edir.
Təngərüd kəndinin yuxarı məhəlləsində, Kijəbə, Maşxan, Təngərüd istiqamətində avtomobil yolunun asfaltlaşdırılmasının nəzərdə tutulduğunu qeyd edən icra başçısı bu ərazidə suötürücü kanalların dərinləşdirilib təmizlənməsi, əhalinin içməli su ilə təmin olunması üçün konkret tədbirlərin görüləcəyini görüş iştirakçılarının nəzərinə çatdırmış, qaldırılan digər məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
İcra başçısı kənd sakinlərini istifadəsiz qalan torpaq sahələrindən səmərəli istifadə etməyə çağırmış, əkinçiliklə məşğul olanlara hər cür yardım göstəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Bu sahədə çalışan fermerlərə və iş adamlarına subsidiyaların verilməsi, vergilərdən azad olunması və digər güzəştlərin edilməsi kənd təsərrüfatının daha sürətli inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. İndi qarşıda duran əsas vəzifə məhsul bolluğu yaradılması məqsədilə istifadəsiz qalan boş torpaqların əkilməsi üçün lazım olan bütün tədbirləri vaxtında və keyfiyyətlə görməkdir. Bunun üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.