Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Dənizkənarı park-bulvarda Novruz şənlikləri

18 mart 2016 | 16:00

Yurdumuza bahar gəlir, fəsillərin ən gözəli, ən əzəli bahar. Güllü-çiçəkli bahar, sazlı-söhbətli bahar. Gül-çiçək, gözəllik sərgisinə bənzəyir yurdumuzun hər qarışı. Bu gözəllik sərgisində doğma Astaramızın xüsusi yeri var. Vətənimizin dilbər guşələrindən olan Astara ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı ilə gündən-günə inkişaf edir, gözəlləşir. Bu ilki Novruz astaralılar üçün bir də ona görə əlamətdardır ki, bayram şənlikləri hamını öz əsrarəngiz gözəllikləri ilə məftun edən yaraşıqlı dənizkənarı park-bulvarda keçirilir.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin və rayon ictimaiyyətinin iştirakı ilə martın 18-də Novruz bayramı şənliyi dənizkənarı park-bulvarda geniş şəkildə qeyd olundu. Rayon sakinləri və rayona gələn qonaqların əsil istirahət məskəninə çevrilmiş park-bulvarda şənliyə toplaşanların çöhrəsində sevinc aydın duyulurdu.  

Rayonun bədii özfəaliyyət kollektivləri, müğənnilər şən mahnılar, rəqs qruplarının üzvləri milli rəqslər  ifa etdilər. İdmançıların çıxışları daha böyük coşqu yaradaraq alqışlarla qarşılandı. Milli bayramımızın əsas siması olan Bahar qızı izdihama yaxınlaşaraq bahar xonçası ilə meydana daxil oldu. Birinci Avropa Oyunlarının Astara rayonunda məşəldarı olan yüngül atletika üzrə beşqat Azərbaycan çempionu Arif Qeybiyev və Yaponiyada keçirilən beynəlxalq rəsm müsabiqəsinin qalibi, şəhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Dəniz Baxışzadə Novruz tonqalını yandırdılar.

Xalqımızın qədim adət-ənənələrini, sənətkarlıq nümunələrini nümayiş etdirən sərgilər və Novruz personajları olan xalq oyunları da bayram iştirakçılarında böyük maraq doğurdu. Rayon sakinləri keçirilməsi yasaq olunmuş bu milli bayramı xalqa qaytaran ulu öndər Heydər Əliyivin əziz xatriəsini xoş sözlərlə yad etdilər. Ölkədə yaradılan əmin-amanlığa, firavan, xoş günlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıq edərək dövlətimizin inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdə uğurlar arzuladılar.   

Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyatdı.

Keçidlər