Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara sakinləri rəşadətli ordumuzun qələbəsinə sevinirlər

05 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbə, strateji əhəmiyyətli yaşayış məntəqələri və yüksəklikləri azad etməsi barədə söylədiyi dəyərli fikirlər Astara rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaratmışdır. 
5 aprel tarixində Astara rayonunda keçirilmiş ümumrayon toplantısında iştirak edən insanların çöhrəsində bu aydın hiss olunurdu.  Tədbirdə rayonun hüquq mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, ağsaqqallar, qeyri-hökumət təşkilatlarının, gənclər və rayon  ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. İştirakçılar əvvəlcə şəhid olmuş bütün Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirdi ki, aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələri ordumuzun təmas xəttində atəşkəsi pozaraq cəbhə boyu sərhədyanı yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutublar. Nəticədə hərbiçilər və mülki vətəndaşlar arasında həlak olan və yaralananlar olmuşdur. Buna cavab olaraq rəşadətli Azərbaycan ordusu düşmən mövqelərinə sarsıdıcı zərbələr endirməklə xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv etmişlər. Bu günə qədər olan döyüşlərdə 300-dən çox düşmən məhv edilmiş, bir neçə yüz düşmən yaralanmış, çoxlu tank, artileriya qurğusu və digər hərbi texnika sıradan çıxarılmışdır.
Cəbhə xətti  boyunca müxtəlif istiqamətlərdə düşmənin müdafiə istehkamını dağıdan ordumuz xeyli irəliləyərək strateji əhəmiyyətli bir neçə yaşayış məntəqəsi və yüksəklikləri ələ keçirmişlər. Dünən qəhrəman döyüşçülərimizin güclü həmləsi ilə düşmənin general, polkovnik rütbəli zabitlərinin də olduğu bir ordu qərargahı yerlə-yeksan edilmiş, çoxlu itkilərə məruz qoyulmuşdur.  Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmlənmişdir.  
Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun bu qələbəsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edən icra başçısı ordumuz tərəfindən bundan sonra da düşmənin hər bir təxribatına layiqli cavab veriləcəyini diqqəttə çatdırmışdır.  
Qeyd etmişdir ki, məğlubiyyətdən sarsılan ermənilər dünyaya hay salıblar ki, Azərbaycan atəşkəsi pozur. Onlar həmişə bu cür yalançı informasiya ilə beynəlxalq aləmi çaşdırmağa can atıblar. Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq düşmən təxribatına layiqli cavab vermişik. Düşmən bilməlidir ki, Azərbaycan öz torpaqlarının bir qarışını da heç kimə güzəşt getməyəcək. İşğalçılar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ancaq ermənilər bunu istəmir. Onlar danışıqları bundan sonra da qeyri-müəyyən vaxta qədər uzatmaq istəyirlər. İstəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin.
İllərdir ki, Ermənistan bütün beynəlxalq normaları pozur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrini saymır. 
Biz 20 ildən artıqdır atəşkəs rejimində yaşayırıq. Buna baxmayaraq müdrik Prezidentimiz möhtərəm cənab İlham Əliyev humanistlik edərək çalışır ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Hazırda qızğın döyüşlərin getdiyi bir vaxtda, cəbhədə ordumuzun qazandığı böyük üstünlüklərə baxmayaraq Azərbaycan Prezidenti Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan edərək dünyaya səsləndi:
“Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik.  Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır.”
Bəli, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Dağlıq Qarabağda yaşayan erməni əhalisi də gələcəkdə Azərbaycan vətəndaşları kimi Azərbaycanda rahat yaşaya bilərlər. Çünki, Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, multikulturalizm və tolerantlıq diyarıdır.
Biz istəyirik ki, güclü beynəlxalq təşkilatlar bu işlə daha ciddi səylə məşğul olsunlar. Heç kəsin şübhəsi olmamalıdır ki, nəyin bahasına olursa olsun, biz torpaqlarımızı azad edəcəyik. 
Azərbaycan Ermənistanla müqayisədə son illər yalnız siyasi və iqtisadi cəhətdən deyil, həm də hüquqi və mənəvi baxımdan dəfələrlə böyük üstünlüyə nail olmuşdur. ATƏT-in və digər nüfuzlu beynəlxalq təşkilatların, müxtəlif dövlətlərin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıması və bu ərazilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı verdiyi rəsmi bəyanatlar, qəbul etdiyi qətnamələr bizim o torpaqların hüquqi varisi olduğumuzu bir daha təsdiqləyir. 
Bu gün Azərbaycan Cənubi Qafqazda söz və nüfuz sahibidir. Dövlətlə xalqın vahid birliyi, eyni məqsəd uğrunda apardığı mübarizə davamlı xarakter almışdır. Azərbaycan xalqı öz Prezidentini sevir, ona inanır və arxasında vahid bir güc kimi birləşmişdir. Cəmiyyətin döyünən ürəyi olan gənclərimizin doğma Vətənə, torpağa sonsuz məhəbbəti tarixi torpaqlarımızın düşmən işğalından azad olunacağı məqamı günbəgün yaxınlaşdırır. Bu həm də xalqın birliyindən irəli gələn gücün-Azərbaycan Silahlı Qüvvələrinin diktə etdiyi böyük həqiqətdir.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin rəisi Məcid Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Bayraməli Qasımov, Astara Pedaqoji Kollecin V kurs tələbəsi, Ağdam rayonunun Quzanlı kənd sakini Ülviyyə Rüstəmova, Qarabağ Müharibəsi əlili Atakişi Mirzəyev, YAP rayon təşkilatının sədri Firudin Əhmədov ordumuzu və Azərbaycan xalqını böyük hərbi qələbə münasibəti ilə təbrik edərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə atılmağa hazır olduqlarını bildirdilər.

Keçidlər