Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astarada Milli Orduya həmrəylik nümayiş etdirmək məqsədilə mitinq keçirilib

06 aprel 2016 | 16:00

Aprelin 6-da Astara rayonunun Təngərüd kənd orta məktəbinin həyətində böyük bir izdiham vardı. Əllərində Azərbaycan Respublikasının üçrəngli bayrağını, “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Rəşadətli Milli Ordumuza eşq olsun!”, “Qələbə bizimlədir” şüarlarını tutan gənclər meydana toplaşırdılar.
Milli Orduya həmrəylik nümayiş etdirmək məqsədilə keçirilən mitinqdə rayon ictimaiyyətinin, ağsaqqalların və gənclərin nümayəndələri, müharibə veteranları, valideynlər, kənd sakinləri iştirak edirdi.
Mərasimdə cəbhə bölgəsində döyüşlər zamanı şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla edildi.
Mitinq iştirakçılarına aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələrinin cəbhənin təmas xəttində törətdiyi təxribatlar barədə məlumat verildi.
Qeyd olundu ki, mənfur düşmənlərimiz atəşkəsi pozaraq cəbhə boyu yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutması nəticəsində hərbçilər və mülki şəxslər arasında həlak olan və yaralananlar olub.
Buna cavab olaraq rəşadətli Azərbaycan Ordusu düşmən mövqelərinə sarsıdıcı zərbələr endirməklə ermənilərin xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini sıradan çıxarıb.
Bildirilib ki, bu döyüşlərdə 300-dən çox düşmən məhv edilib, çoxlu sayda tank, artilleriya qurğusu və hərbi texnika sıradan çıxarılıb.
Cəbhə xətti boyunca müxtəlif istiqamətlərdə düşmənin müdafiə istehkamını dağıdan Milli Ordumuz xeyli irəliləyərək strateji əhəmiyyətli bir neçə yüksəklikləri və yaşayış məntəqələrini ələ keçiriblər.
Diqqətə çatdırılıb ki, düşmənlə döyüşlərdə astaralı gənclər də igidlik və fədakarlıq nümunəsi göstəriblər. Onlardan dörd nəfəri - Astara şəhər 1 nömrəli tam orta məktəbin məzunu, Milli Ordunun giziri Əliyev Orxan Məhərrəm oğlu, Təngərüd kənd tam orta məktəblərinin məzunları, Milli Ordunun əsgərləri Məmmədov Kamus Ramiz oğlu və Fərəməzov Zəka Əbülfət oğlu, Maşxan kənd tam orta məktəbinin məzunu, Milli Ordunun giziri Qasımov Elvin Natiq oğlu mənfur düşmənlə döyüşlərdə mərdliklə döyüşərək yaralanıblar.
Astaralılar cəsur el oğulları ilə fəxr edir, onların döyüşlərdə göstərdiyi igidliyi yüksək qiymətləndirirlər.
Həmrəylik mitinqində çıxış edən döyüşlərdən yaralanmış Zəka Fərəməzovun anası Kəmalə Quliyeva, Orxan Əliyevin bacısı Rəvan Əliyeva, Təngərüd kənd tam orta məktəbinin müəllimi Maral Zahidova, Qarabağ müharibəsi əlili Uğur İbrahimov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, rayon təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov, rayon ağsaqqallar şurasının üzvü Sabir Fətullayev, hərbiçi-müəllim Əbülhəsən Muradov Milli Ordumuzun döyüşlərdə qazandığı uğurlardan böyük sevinc və qürur hissi keçirdikləri qeyd edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşlərə hazır olduqlarını bildiriblər.
Tədbirin sonunda gənc hərbiçilər hərbi-vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Keçidlər