Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Pensər kəndində səmərəli və işgüzar görüş

07 aprel 2016 | 16:00

Pensər kəndi Astara rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Pensər və Çayoba kəndlərini əhatə edən nümayəndəliyin əhalisi 6726 nəfərdir. Ərazidə 3 orta məktəb, 2 mədəniyyət evi, 2 uşaq bağçası, xəstəxana, tibb məntəqəsi və digər sosial obyektlər fəaliyyət göstərir. Yeni istifadəyə verilmiş çay emalı fabrikində istehsal olunan məhsul təkcə rayonumuzda deyil, xarici ölkələrdə də məşhurdur. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Bu ilki mövsümdə 150 hektara yaxın sahədə əkin aparılmışdır.

Aprelin 7-də Astara Rayon İcra Hakimiyyətinin başçısı Pensər kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. İcra başçısı son günlər rəşadətli Milli Ordumuzun düşmən təxribatının qarşısını alarkən göstərdiyi qəhrəmanlıqlar barədə məlumat  vermiş, Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgərlərimizin qazandığı zəfərlərdən doğan ruh yüksəkliyini, xüsusən gənclərin vətənpərvərlik ruhunun geniş vüsət almasını diqqətə çatdırmışdır. Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Elşad Axundov əvvəlki səyyar qəbul - görüşdən sonra  ərazidə görülən abadlıq və quruculuq işləri barədə ətraflı məlumat vermişdir.
Pensər kənd sakinlərindən Arif Əliyev, Asif Əliyev, Abdulla Əliyev, Yaşar Rəhimov və başqaları çıxış edərək son dövrdə rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə, əhalinin rifah halının yaxşılaşdırılması ilə əlaqədar görülən tədbirlərə, aztəminatlı ailələrə göstərilən qayğı və diqqətə görə rayon rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər Çayoba-Pensər ara yolunun təmiri, Pensər kənd 1 saylı tam orta məktəbin əsaslı təmiri, 2 saylı tam orta məktəbin qazla təminatının başa çatdırılması, sahilbərkitmə işlərinin aparılması, kənd təsərrüfatına yararlı torpaq sahələrindən səmərəli istifadə olunması üçün iri fermer təsərrüfatlarının yaradılması, Pensər kənd bağçasına gedən yolun qaydaya salınması barədə təkliflər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşların qaldırdıqları məsələlərin həlli ilə əlaqədar aidiyyəti  qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir. İcra başçısı çıxış edərək son aylarda rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə ətraflı məlumat vermiş, bütün dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq ölkəmizdə, o cümlədən rayonumuzda geniş miqyasda tikinti və abadlıq işlərinin aparıldığını, xüsusən sosialyönümlü layihələrin icrasının sürətlə aparıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, son illərdə Pensər kənd 2 saylı və Çayoba kənd tam orta məktəbi üçün inşa edilmiş yeni binalar istifadəyə verilmiş, kənd sakinləri üçün problemlər yaradan Pensərçayın sahili boyu xeyli ərazidə sahilbərkitmə işləri aparılmış, qazlaşdırma başa çatdırılmış, əhali dayanıqlı elktrik enerjisi ilə təmin edilmişdir.
Uzun illərin problemləri kimi sadalanan digər məsələlərin həllinə də tədricən nail olunacağını vurğulayan icra başçısı, bütün bunların ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin bəhrəsi olduğunu qeyd edərək bundan sonra da ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması üçün dövlət tərəfindən mühüm tədbirlərin görüləcəyini diqqətə çatdırmışdır.

Keçidlər