Azərbaycan Ordusunun şəhid olmuş giziri Astarada son mənzilə yola salındı
Düşmən təxribatına cavab olaraq torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğlularımızdan biri də Pəncəli Nurməmməd oğlu Teymurovdur. Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov aprelin 11-də doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırıldı.
Dəfn mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak etmişlər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atası Nurməmməd Teymurova təqdim edildi.
24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib.
Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq o, 24 iyun 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə ğörə” medalı ilə təltif olunmuşdur.
Mərasimdə çıxış edənlər Vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, yurd sevgisindən danışıblar. Onun Vətən sevgisinin daha bir sübutu kimi qeyd etmişlər ki, Şəhid gizirimiz hələ 2013-cü ildə öz toy mərasimində demişdir: “Son damla qanımı da Vətənim, torpağım uğrunda verməyə hər an hazıram. Ən böyük arzum şəhid kimi üçrəngli Azərbaycan Bayrağına bürünməkdir.”
Arzun çin oldu, Vətən oğlu! Rahat uyu!
Allah rəhmət eləsin!