Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

13 aprel 2016 | 16:00

Aprelin 13-də Astara rayon İcra hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, idarə və təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və ictimaiyyətin nümayəndələri tədbirdə iştirak etmişlər.  

Tədbiri giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  aprelin 9-da möhtərəm prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı ilk növbədə Ermənistanın Azərbaycana qarşı növbəti təxribatını xatırlatmışdır.

Məlum olduğu kimi aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı birləşmələri ordumuzun təmas xəttində atəşkəsi pozaraq cəbhə boyu sərhəd yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdular.  Buna cavab olaraq rəşadətli Azərbaycan ordusu tərəfindən düşmən mövqelərinə sarsıdıcı zərbələr endirilməklə 400-dən çox canlı qüvvəsi məhv edilmiş, bir neçə yüz düşmən yaralanmış, çoxlu tank, artileriya qurğusu və digər hərbi texnika sıradan çıxarılmışdır.

Cəbhə xətti  boyunca müxtəlif istiqamətlərdə düşmənin müdafiə istehkamını dağıdan ordumuz xeyli irəliləyərək bir neçə yaşayış məntəqəsini azad etməklə, strateji əhəmiyyətə malik yüksəklikləri ələ keçirmişlər. 

Bu döyüşlərdə rayonumuzun Əzərüd kənd sakini, Azərbaycan Ordusunun giziri, 2015-ci ildə Prezidentin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuş, Pəncəli Nurməmməd oğlu Teymurov da qəhrəmanlıqla döyüşərək şəhid olmuşdur. 

Gəlin şəhid olmuş  qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun bu qələbəsi böyük əhəmiyyətə malikdir.  Təxribatın qarşısı alınmaqla düşmənə layiqli cavab verildi. Azərbaycan öz torpaqlarını qoruyaraq hərbi mövqelərini daha da möhkəmləndirdi.

Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ərazi bütövlüyümüz danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur.  İnşallah, bu belə də olacaqdır.

  Nazirlər Kabinetinin iclasında ölkə rəhbəri birinci rübdə iqtisadi islahatların daha da sürətlə aparıldığını qeyd etmiş, 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını diqqətə çatdırmışdır.

İlin əvvəlindən biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması üzrə çox ciddi qərarlar qəbul edilmişdir. 

 Birinci rübdə Azərbaycanda qeyri-neft sənayesi beş faizdən çox artmışdır.  Qeyri-neft sektoru bu gün iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatının istehsalı da 2,7 faiz artmışdır. Üç ayda 37 min yeni iş yeri yaradılmışdır ki, bunun da 31 mini daimi iş yeridir. Bu dövrdə rayonumuzda da  350-yə qədər  yeni iş yeri yaradılmışdır.    

Hesabat dövründə Azərbaycanda sosial proqramların icrası davam etmiş, maaşlar və pensiyalar orta hesabla 10 faiz artırılmışdır. 

 Birinci rübdə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması ilə əlaqədar Azərbaycan-İran-Rusiya və Azərbaycan-Türkiyə-Gürcüstan görüşləri keçirilmiş, əməkdaşlıq müqavilələri imzalanamışdır.   Bu nəqliyyat dəhlizləri iqtisadi, təhlükəsizlik, və turizm baxımından ölkəmiz üçün çox əhəmiyyətlidir. 

10 mart tarixində keçirilən IV Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsinin təmsilçisi, fəaliyyətdə olan və keçmiş dövlət, hökumət başçıları iştirak etmişlər. Bu ayın sonunda isə Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu forumların Bakıda keçirilməsi, əlbəttə ki, ölkəmizin dünyada önəmini daha da artırır. 

2016-cı ilin I rübündə rayonumuzda da xeyli iş görülmüşdür. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ərzaq bolluğunun yaradılması məqsədilə müəyyən işlər görülmüş, İcra Hakimiyyətində qərargah yaradılmışdır. Torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilir və bu davamlı şəkildə olacaqdır. Artıq bu istiqamətdə görülən səmərəli tədbirlərin ilkin nəticələri hiss olunur.    

2016-cı ilin I rübündə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 1852,0 min manata qarşı 1858,5 min manat icra olunmuş, bu da 100 % təşkil edir. Yerli xərclər isə 4832,6 min manata qarşı 4241,1 min manat icra olunmuş, bu da 88 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 3375,8 min manat dotasiya alınmışdır.

İqtisadi və sosial  inkişafın  əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi  2016-cı ilin I rübü ərzində  ötən ilin müvafiq dövrünə nisbətən  2.5 faiz  artaraq 27.4 milyon manata  çatmşdır. Bunun 9.6 faizi sənayedə, 26.6 faizi kənd təsərrüfatında, 14.1 faizi tikintidə,  46.4 faizi  ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 2,6 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,7 faizi  informasiya və rabitədə olmuşdur.

Rayonda inşaat işlərinin aparılması üçün hesabat rübü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 4060 min manat məbləğində vəsait  yönəldilmişdir ki, onun 95 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə əsas kapitala yönəldilmiş  vəsaitin həcmi 5.3 faiz artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi  260 manat təşkil etmişdir.

Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülmüşdür. 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi davam etdirilir.  Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanmışdır. Qısa müddət ərzində bu yollarda keçilməz qayalıqlar hamarlanmış, genişləndirilmə işləri aparılaraq çınqıl döşənmişdir. Suötürücü borular qoyulmuş, həmçinin körpü tikintisi üçün hazırlıq işləri görülmüş,  yataq işləri yüksək keyfiyyətlə aparılmışdır. 

Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi də il ərzində davam etmişdir. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub “ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. “Asiya İnkişaf Bankı” tərəfindən maliyyələşdirilən, podratçı şirkət  tərəfindən tikintisi həyata keçirilən “Masallı-Astara Avtomobil yolu”nun uzunluğu 19,9 kilometr, eni 26,5 metrdir. Həmin məsafədə 128 ədəd suötürücü boruların, 11 ədəd alt keçidlərin və 8 körpünün qoyulması üçün tikinti işləri həyata keçirilir. Bu körpülərdən iki ədədi yol qovşağı olaraq nəzərdə tutulmuşdur. Hazırda magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.

Respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunda yol çiyinləri avtoqreyderlə hamarlanmış, 8820 metr küvetlər təmizlənmiş, 7700 kv.metr yol çiyinləri çınqıl materialı ilə bərkidilmiş və 1980 kv.metr asfaltbeton qarışığından çala təmir işləri görülmüşdür.

Yerli əhəmiyyətli Siyaku-Şəmətük avtomobil yolunda çınqıl materialı ilə təmir işləri görülmüş, Lovayn-Pəlikəş, Astara-qamişovka və digər yollarda küvetlər və suötürücü borular təmizlənmiş kəndlərarası yollar avtoqreyderlərlə hamarlanmşdır.

Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Qapçıməhəllə-Astara  magistral su xəttində 400 diametrlik su borusunda, Kaverin, Ə.Muxtar küçələrində su xətlərində  təmir bərpa işləri görülmüşdür. Nasosxanalarda  2 ədəd 18 KVT elektrik mühərriki nasosla birlikdə təmir olunmuş, S.Vurğun küçəsində su xəttində 2 ədəd 100 diametrlik siyirtmə yenisi ilə əvəz olunmuşdur.

Azərbaycan respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı  Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 9284 metr hissəsində işlər tamamlanmış, hazırda burada işlər davam etdirilir.

2016-cı ilin 3 ayında 186 evin qazlaşdırılması həyata keçirilmişdir. Rayon ərazisində 500 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmışdır. 45 ədəd qaz tənzimləyici şkaf  təmir olunaraq saz hala gətirilmişdir.

Əhali abunəçiləri üçün 186 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş və rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16083-ə çatdırılmışdır.

Şağlazüzə kəndində 23000 p/m müxtəlif diametrli bütün daşıyıcı və paylayıcı xətlər çəkilmiş və bu işlər davam etdirilir. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 41000 p/m müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmişdir, 101 ədəd sayğac qutuları quraşdırılmışdır. Hal-hazırda bu işlər davam etdirilir.

Rayona 2016-cı ilin 3 ayında 11 mln 983 min 287 kub metr təbii qaz satılmış, abunəçilərdən qazın dəyərinin  85,4 %-i toplanmışdır.

Rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Kijəbə qəsəbəsində Lovayn kəndi ərazisində 1.3 km məsafədə yeni 10kv-luq hava xətti çəkilmiş,26 ədəd metal dayaq 4 km naqil, 153 ədəd izolyator istifadə olunmuşdur. Pensər kəndində 27 ədəd, Hamoşam kəndində 15 ədəd 10 kv-luq çürümüş ağac dayaq metal dayaqla əvəz olunmuşdur. Ərçivan yarımstansiyasında  2 ədəd cərəyan transformatoru dəyişdirilmişdir.

Hesabat dövründə rayon Telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 182 min 668 manat təşkil etmiş, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 min 233 manat çox olmuşdur. Şəhərin H.Əliyev prospektində və H.Aslanov küçəsində, Maşxan, Pensər, Siyaku, Telman kəndlərində  kabel xəttində təmir işləri aparılmışdır.

Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. Mütəmadi olaraq kənd təsərrüfatı məhsulları istehsalçıları arasında “Aqrolizinq” ASC-dən texnika və texnoloji avadanlıqların lizinq yolu ilə güzəştli qiymətlərlə alınması üçün təbliğat işi aparılır.

Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 343  hektara çatdırılmışdır. Bunun  192 hektarını məhsuldar, 151 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına  lazımı aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilmiş, mövsümi yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su ötürücü kanallar və arxlar təmizlənmişdir..

Rayonda çəltikçiliyin inkişafından ötrü də müəyyən işlər görülmüşdür. 2016-cı ildə  150  hektara qədər sahədə çəltik əkin işlərinin  aparılmasından ötrü torpaq sahəsi hazırlanmışdır.

Rayonda 2016-cı ilin I rübündə  186 hektar buğda, 115  hektar paxlalı bitkilər, 84 hektar  qarğıdalı, 949 hektar kartof, 2731 hektar faraş tərəvəz, 150 hektar dənli bitkilər, 29 hektar  bostan bitkiləri, 72 hektar sahədə yonca əkilmişdir.  Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə  80 hektar azdır.

2016-cı ilin I rübündə  iribuynuzlu mal-qaranın sayı 45 min 971 baş, xırda buynuzluların sayı 28 min 979  baş olmuşdur. 902.2 ton diri çəkidə ət, 7 min 534  ton süd,  2 milyon 250  min ədəd yumurta istehsal olunmuşdur.

2016-cı  ilin suvarma mövsümünə hazırlıqla əlaqədar kanalların təmizlənməsinə diqqət artırılmışdır. Rüb ərzində ümumilikdə rayon ərazisində  20 min paqonometr suvarma və suötürücü kanallar lildən təmizlənmişdir. Rudəkənar yaşayış məntəqəsində subartezian quyusunun üzərindəki nasos sıradan çıxdığı üçün çıxarılıb təmirə göndərilmişdir. Maşxan kəndində subartezian quyusunun qazılması işləri başa çatdırılmış quyu istismara verilmişdir.  Artupa  kəndində quyunun qazılması işləri başa çatdırılmış, lakin quyunun elektrik xəttinə qoşulmasından ötrü texniki şərt verilmədiyindən quyu istismara verilməmişdir.

Rüb ərzində  11 hektar sahədə meşə bərpa tədbirləri, o cümlədən  11 hektar sahədə azqiymətli meşə massivlərində  əkin və səpin yolu ilə meşə əkinləri aparılmışdır. Əkinlərdə əsasən yerli şəraitə uyğun ağac toxumlarından istifadə olunmuşdur. Yeni şitillik sahələri salınmaqla 0,6 ha sahədə böyütmə sahəsi, 0,6 ha tinglik sahəsi yaradılmışdır. Hazırda yaz əkin kompaniyası aparılır.

Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 min 329 ailə üzvünü əhatə edən 1511 ailəyə ÜDSY ödənilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 153 manat, ailə üzvünə düşən orta aylıq məbləğ 31 manat olmuşdur. Hərəkətdə olan sosial müavinət alanların sayı 4580 nəfər olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 15 fevral 2016-cı il tarixindən aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi qaydaları dəyişdirilərək elektronlaşmışdır.

İl ərzində 63 şəhid ailəsinə hər ay 220 manat Prezident təqaüdü ödənilmiş, Çernobıl Atom Elektrik Stansiyasının ləğvində iştirak edən şəxslərdən müraciət edən 203 nəfərə 215 manat müalicə xərci ödənilməsi təşkil edilmiş, fəxri ad almış 9 nəfərə 66 manat təqaüd verilmişdir. Cəzaçəkmə müəssisələrindən azad edilmiş, 31 nəfərə birdəfəlik müavinətin ödənilməsi təmin edilmişdir. 

2016-cı ilin I rübündə Rayon Dövlət Sığorta Filialı 6700 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 7150 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündən vətəndaşların əmlakına dəymiş ziyana görə 4930 manat  sığorta yardımı verilmişdir.  

Rayon  Məşğulluq  Mərkəzində 2016-cı ilin I rübü ərzində  662 nəfər işaxtaran qeyri məşğul vətəndaş qeydiyyata alınmışdır.  Qeydiyyata alınanların 324 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşlar ki, onların da 51 nəfərini qadınlar təşkil etmişdir. 13 nəfər vətəndaşa işsizlik statusu verilmiş, rüb ərzində 3025 manat məbləğində işsizlik müavinəti ödənilmişdir. 

Rayon ərazisində yaşayan məktəbyaşlı uşaqların təhsilə cəlb olunması,  rüb ərzində şagirdlərin məktəbdən getməsi və qəbul olunması qüvvədə olan təlimatın tələblərinə uyğun həyata keçirilmişdir. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirməsi məqsədilə müvafiq tədbirlər görülmüşdür. Respublika fənn olimpiadası keçirilmiş,  məktəblilər 8 fənn  üzrə biliklərini sınamışlar. 7 saylı tam orta məktəbinin X sinif şagirdi  olimpiyadanın zona mərhələsinin qalibi olmuş, respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.

2016-cı ilin 3 ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə 70085 nəfər amblator olaraq müraciət etmişdir.62 xəstə üzərində cərrahi əməliyyat aparılmış, ki onlardan 24-ü təxirəsalınmaz əməliyyat olmuşdur. 7144 nəfər xəstəyə  imtiyazlı resept yazılmış, dərman pereparatı ilə təmin edilmişlər. 

Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri  yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.

Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yolları asfaltlaşdırılması ilə  tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlanmışdır. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilmişdir ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.

Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilmişdir.

Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır.

Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.   “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.

Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.

Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişlı təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır, ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.

Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var qüvvələrini  səfərbər edəcəkdir.

Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və  proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyev,  Memarlıq və Tikinti şöbəsinin müdiri Balacan Həbibov,  Rayon Mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev, Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürov və Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor əvəzi Emin Eminov  çıxış etmişlər.

Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2016-cı ilin birinci rübündə rayonda müəyyən işlər görülmüşdür. Lakin, qarşıda mühüm vəzifələr durur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla  ölkədə  ərzaq bolluğunun yaradılmasına töhvəmizi verməliyik.  

Rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin  üzərinə böyük məsuliyyət  düşür. Bu sahənin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. Torpaqları əldə edən, ancaq uzun müddət ondan istifadə etməyən şəxslərlə izahat işləri aparılmalı, bu torpaqlar istifadəsiz qalmamalıdır.  İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.

Rayonumuzun daha da abadlaşması, əhalinin rifah halının yaxşılaşdırılması naminə nəzərdə tutulan layihələrin həyata keçirilməsinə birgə səy göstərməliyik.

Keçidlər