Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Alaşa kəndində səyyar qəbul və görüş

05 may 2016 | 16:00

Səncərədi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Alaşa kəndi rayonumuzun sərhədyanı kəndlərindən biridir. Son illərdə bu kənddə xeyli abadlıq və quruculuq işləri görülmüş, əhalinin təbii qazla təmin olunması üçün yeni xətlər çəkilmişdir. Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə dairəvi avtomobil yolunun asfaltlaşdırılması kənd sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Ərazidə elektrik təsərrüfatının yeniləşdirilməsi, suötürücü kanalların  təmiri ilə əlaqədar da müəyyən işlər görülmüşdür.

Mayın 5-də Alaşa kənd sakinləri ilə keçirilən səyyar qəbul və görüşdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev əvvəlki səyyar qəbuldan sonra nümayəndəlikdə, o cümlədən Alaşa kəndində vətəndaşların qaldırdıqları problem və təkliflərin yerinə yetirilməsi barədə ətraflı məlumat vermişdir.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdikləri görüşdə kənd sakinləri onları düşündürən və narahat edən məsələlər barədə fikir və təkliflərini diqqətə çatdırmışlar. Kənd sakinlərindən Tarif Ağayev, Akif Rəhimov, Firudin Novruzov, Naib Nəhmətov, Vaqif Ağayev, Gülnaz Mürsəlova və başqaları çıxış edərək son illər respublikamızda, xüsusən Astara rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər barədə söhbət açmış, nümayəndəliyin ərazisində yol-abadlıq sahəsində görülən işlərdən razılıqlarını bildirmiş, son aylarda döyüş bölgəsində düşmən təxribatına layiqli cavab verən qüdrətli Milli Ordumuzun qəhrəmanlıqlarından fərəhlə danışaraq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun daha da yüksəldiyini diqqətə çatdırmışlar. Çıxış edənlər fərdi təsərrüfat sahiblərinin suvarma suyu ilə təminatı və suötürücü kanalların əsaslı təmiri, torpaq islahatı ilə əlaqədar işlərin başa çatdırılması, Alaşa kəndində telefon və internet xətti çəkilişinin davam etdirilməsi, elektrik təsərrüfatının təmiri barədə təkliflər irəli sürmüşlər.

Burada qaldırılan məsələlərlə əlaqədar rayon Suvarma Sistemləri idarəsinin, Telekomunukasiya Qovşağının, Elektrik Şəbəkəsinin rəhbərləri tədbir iştirakçılarına ətraflı məlumat vermiş, mövcud problemlərin həlli ilə əlaqədar konkret tədbirlər görüləcəyini diqqətə çatdırmışlar.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Alaşa kənd sakinləri ilə görüşün yüksək fəallıq və işgüzarlıq şəraitində keçdiyinə görə razılığını bildirmiş, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızın hər yerində xalqın maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı tədbirlərin görüldüyünü, xüsusən Astara rayonunda onlarla məktəb binasının istifadəyə verildiyini, ucqar dağ kəndlərinə asfalt yolların çəkildiyini və digər sosial yönümlü layihələrin həyata keçirildiyini  bildirmişdir. Bütün bunların xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin daim diqqətində olduğunu vurğulayan icra başçısı, dünyada gedən maliyyə böhranına baxmayaraq daha qlobal layihələrin həyata keçirlməsi üçün ölkədə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır. Hazırda Astara rayonuna yeni içməli su xəttinin, Ələt-Astara magistral yolunun və Şimal-Cənub dəmiryol xəttinin çəkilişinin sürətlə davam etdirilməsi bunun bariz nümunəsidir.

İcra başçısı rayonumuzun bütün yaşayış məntəqələrində olduğu kimi, Alaşa kəndində də əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə edildiyini, bu istiqamətdə  işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

Səyyar qəbul və görüşdən sonra icra başçısı Alaşa kənd ümumi orta məktəbində olmuş, burda təhsilin gedişi ilə maraqlanmışdır.

Keçidlər