Şəhid gizir Pəncəli Teymurovun “Vətən uğrunda” medalı atasına təqdim olunub
Astara rayonunun Əzərüd kəndində dəfn edilən Milli Ordumuzun şəhid giziri Pəncəli Nurməmməd oğlu Teymurovun ölümündən sonra təltif olunduğu "Vətən uğrunda” medalı atası Nurməmməd Teymurova təqdim edilib.
Mayın 19-da rayonun rəhbər işçiləri, şəhid gizirin xidmət etdiyi hərbi hissənin zabitləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri Pəncəli Teymurovun məzarını ziyarət ediblər. Burada igid döyüşçünün ruhuna dualar oxunub.
Mərasimdə çıxış edənlər Vətən torpağı uğrunda canından keçən şəhid gizirin qəhrəmanlığından, yurd sevgisindən danışıblar. Çıxışlarda düşmən tapdağı altında olan Azərbaycan torpaqlarının Silahlı Qüvvələrimiz tərəfindən tezliklə işğaldan azad olunacağı əminliklə vurğulanıb.
Pəncəli Teymurovun doğmaları qəhrəman döyüşçünün iki il əvvəl öz toyunda dediyi sözləri bir daha yada salıblar: -“Hər zaman xalqım üçün, Vətənim üçün, torpağım üçün canımdan, qanımdan keçməyə hazıram və həmişə arzu etmişəm ki, Vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının üçrəngli ay-ulduzlu bayrağı ilə bükülü tabutum dəfn olunmağa getsin...”
Qeyd edək ki, 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könülü olaraq xidmətini davam etdirib.
Yüksək bacarıq və peşəkarlığı, nümunəvi xidməti nəzərə alınaraq O, 24 iyun 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
Aprelin əvvəllərində cəbhə bölgəsində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn olunub.