Şəmətük kəndində səyyar qəbul və görüş
Rayonun ucqar kəndlərindən biri olan Şəmətük yaşayış məntəqəsində 350 nəfərə yaxın əhali, 63 təsərrüfat vardır. Qədim tarixə malik bu kənddə ibtidai məktəb fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti sitrusçuluq, arıçılıq, heyvandarlıq və əkinçilikdir. Kijəbə qəsəbə icra nümayəndəliyinin Xıçaso və Sipyəalafədik kəndləri ilə yanaşı yerləşən Şəmətük kəndində iyunun 7-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Şahin Əmənullayev bu yaşayış məntəqələri barədə məlumat vermişdir.
Kənd sakinlərindən Gülbala Hidayətov, Nəzir Ağayev, Gülşən Mehdiyeva, Pəhləvan Hidayətov, Fazil Məmmədov, Fatma Gənciyeva, Tərlan Hidayətov və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, illərdən bəri həsrətində olduqları Şəmətük kəndinə gələn körpünün tikintisinə görə İcra başçısına razılıqlarını bildirmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı kəndə yolun çəkilişi, məktəb binasının tikintisi, elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə təkliflər vermişlər.
Qaldırılan məsələlərlə əlaqədar rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli öz fikirlərini bildirmişlər. İcra başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırmışdır.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran İcra başçısı bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirmişdir. Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Tüləküvan, Qəcimardə, Burzubənd, Ovala kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, Kijəbə qəsəbə tam orta məktəbinin əsaslı təmir olunduğunu, yolların asfaltlaşdırıldığını, əksər kəndlərə qaz xəttinin çəkildiyini, yeni körpülərin tikildiyini və digər abadlıq işlərinin görüldüyünü diqqətə çatdırmış, bunların ürəkaçan olduğunu vurğulamışdır. Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin Astara və astaralılara göstərdiyi hədsiz diqqət və qayğının parlaq təzahürü olduğunu diqqətə çatdıran İcra başçısı bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
İcra başçısı qeyd etmişdir ki, rayonumuzun səfalı guşələrindən biri olan Şəmətük, Xıçaso, Sipyəalafədik kəndlərində turizmin hərtərəfli inkişafı üçün əlverişli şərait vardır. Biz investorları bura cəlb etməklə turizm obyektlərinin tikilib istifadəyə verilməsi ilə xeyli yeni iş yeri yarada bilərik. Bu istiqamətdə hamımız birgə səy göstərməli, bütün işlərdə birlik nümayiş etdirməliyik. Şəmətük kəndinə yolun çəkilişi üçün aidiyyəti qurumların imkanlarından səmərəli istifadə edilməli, yaxın kəndlərdə yerləşən sakinlərin qüvvəsi səfərbərliyə alınmalı, icma yaradılmaqla birgə fəaliyyət göstərilməlidir. Bu işdə rayon rəhbərliyi kənd sakinlərinə hərtərəfli köməklik göstərəcəkdir.