Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Suparibağ kəndində səyyar qəbul və görüş

09 iyun 2016 | 16:00

Astara rayonun ən qədim yaşayış məntəqələrindən biri olan Suparibağ kəndində son illər xeyli abadlıq və quruculuq işləri görülmüşdür. Yollar asfaltlaşdırılmış, Suparibağ və Rüdəkənar kəndlərində yeni müasir tipli məktəb binaları tikilərək istifadəyə verilmişdir.
İyunun 9-da rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Suparibağ kəndində vətəndaşlarla növbəti dəfə səyyar qəbul və görüş keçirmişdir. Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vahab Vahabov əvvəlki səyyar qəbul və görüşdən sonra görülən işlər barədə məlumat verərək qeyd etmişdir ki, rayon rəhbərliyinin qayğısı nəticəsində ərazi nümayəndəliyini əhatə edən kəndlərdə əhalinin sel sularından mühafizəsi məqsədilə təhlükəsizlik tədbirləri uğurla yerinə yetirilmişdir. Suvarma Sistemləri İdarəsinin kollektivi suötürücü kanalların təmizlənib dərinləşdirilməsi işlərini sürətlə davam etdirir. Mal-qaranın yoluxucu xəstəliklərdən qorunmasını təmin etmək üçün rayon Baytarlıq İdarəsi tərəfindən profilaktiki işlər uğurla aparılır. Nümayəndəliyin ərazisində əkinə yararlı torpaq sahələrindən istifadə edilməsinə diqqət artırılmış, əvvəlki ildəkindən iki dəfə çox əkin aparılmışdır.  
  Kənd sakinlərindən Aydın Məcidov, Salam Quliyev, Nazənin Məmmədova, Rəvanə Baxşıyeva və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan razılıqlarını bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı, Suparibağ kənd tam orta məktəbində idman yarışlarının keçirilməsi üçün şərait yaradılması,   Qapıçıməhəllə kənd məktəbi üçün yeni binanın tikintisi, əhalinin sel sularından qorunması və.s barədə təkliflər  vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinləri ilə səmimi və işgüzar görüşdən məmnunluğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar yaxın vaxtlarda konkret və əməli tədbirlər görüləcəyini diqqətə çatdırmışdır. İcra başçısı qeyd etmişdir ki, ərazi icra nümayəndəliyini əhatə edən kəndlərdə son vaxtlar əkinə yararlı torpaq sahələrindən istifadə edilməsinə diqqətin artırılması təqdirəlayiqdir. Xüsusən çəltikçilik sahəsinə geniş yer verilməsi yaxşı haldır. Məhsuldarlığı yüksək olan çəltikdən gələn gəlir də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə xeyli çoxdur. Çəltik əkinini artırmaqla həm ailə gəlirini artırmaq, yaşayış səviyyəsini yüksəltmək, həm də ölkədə məhsul bolluğu yaratmaq mümkündür. Astara düyüsünün şöhrəti Rrespublikamıza yayılmışdır. Bu qiymətli ərzaq məhsulunun alıcısı çoxdur. Ona görə də çəltikçilik üçün çox yararlı olan Suparibağ ərazi nümayəndəliyində bu sahəyə daha çox diqqət ayrılmalıdır. Digər kənd təsərrüfatı məhsullarının istehsalı da diqqətdən kənarda qalmamalıdır. Bu işlərin aparılmasından ötrü tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.
Son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdıran İcra başçısı bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirmişdir. Suparibağ və Rüdəkənar kəndlərində müasir tipli yeni məktəb binaları tikilib istifadəyə verilməsini, yolların asfaltlaşdırılmasını, qaz xəttinin çəkilməsini, elektrik təsərrüfatında təmir işlərinin aparılmasını və digər abadlıq işlərinin görülməsini diqqətə çatdırmış, bunların ürəkaçan olduğunu vurğulamışdır.  İcra başçısı qeyd etmişdir ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsidir. 
Dünyanın əksər dövlətlərində tənəzzül yaşandığı halda ölkəmizin bütün istiqamətlərdə inkişafı öz ahəngi ilə davam edir. Bu da möhkəm siyasi dayaqlar üzərində qurulan ölkəmizin iqtisadiyyatının planlı şəkildə qurulduğunun əyani sübutudur.
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.

Keçidlər