Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Əhali ilə görüşlər davam edir

30 iyun 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə mütəmadi hal alan görüşlərinin təkcə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, bələdiyyələrdə və iri kəndlərdə deyil, ən kiçik yaşayış məntəqələrində də keçirilməsi mövcud problemlərin həllini tezləşdirməklə sakinlər tərəfindən böyük razılıqla qarşılanır.
Şüvi kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Səlivə kəndində 66 təsərrüfat olmaqla 300 nəfərə yaxın əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıq və arıçılıqdır. “Astara bağları” MMC-nin bu ərazidə 130 hektara yaxın sitrus və çayçılıq sahələri vardır. Səlivə kənd sakinlərinin əksəriyyəti həmin çay və sitrus sahələrində çalışırlar. Ucqar ərazidə yerləşdiyinə görə bu kənd yaranandan yol problemi ilə üzləşib. Keçilməz halda olan bu yol kənd sakinləri üçün həmişə ciddi problem olub. Şüvi və Deqədi kəndlərində keçirilən səyyar qəbul və görüşlərdə ərazidə olan bir sıra problemlərlə yanaşı, Səlivə kəndinə gedən yolun əsaslı təmiri barədə də təkliflər verilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşkilatçılığı və yaxından köməkliyi ilə Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun bir sıra ucqar dağ kəndlərinə yolların çəkilişi istiqamətində son illər konkret və əməli tədbirlər həyata keçirilib. AZKİL-2 layihəsi çərçivəsində yerli icmaların yaxından iştirakı ilə Kijəbə qəsəbə və Siyəkü kənd ərazi nümayəndəliklərinə daxil olan ucqar dağ kəndlərinə yolların çəkilişi uğurla başa çatdırılıb. Bu günlərdə ucqar ərazidə yerləşən Səlivə kəndinin sakinləri də illərdən bəri həsrətində  olduqları  arzularının həyata keçirildiyinin şahidi olublar. Rayon rəhbərliyinin, Şüvi kənd ərazi icra nümayəndəliyi və bələdiyyənin  yaxından iştirakı və icma üzvlərinin fəallığı nəticəsində Deqədi kəndindən Səlivəyə qədər olan 6,5 kilometrdən çox məsafədə yollara  çınqıl döşənib, əhalinin gediş-gəlişi üçün normal şərait yaradılıb.
İyunun 30-da Səlivə kəndində keçirilən səyyar qəbul və görüşdə Şüvi kənd ərazi icra nümayəndəsi Əbülfət Qüdrətov çıxış edərək ucqar dağlıq ərazidə yerləşən və əvvəllər gözdən-könüldən uzaq olduğuna görə rəhbər işçilərin ayaq basmadığı Səlivə kəndinə əhali ilə görüşə gəldiyinə görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə sakinlər adından dərin təşəkkür və minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, 2013-cü ildə Ərçivan-Şüvi-Alaşa-Qapçıməhəllə dairəvi yolu asfaltlaşdırılaraq istifadəyə verilərkən yerli əhali nə qədər sevinmişdisə, hazırda Deqədi-Səlivə-Şüvi yolunun normal vəziyyətə salınmasına görə bir o qədər razılıqlarını bildirirlər. Doğrudan da, heç kəs inanmazdı ki, qısa müddətdə 6 kilometrə yaxın keçilməz dağ yollarına çınqıl döşənərək gediş-gəliş üçün rahat şərait yaradılacaq. Hörmətli icra başçımız Qəzənfər Ağayevin rayona rəhbərliyi dövründə ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi, yeni məktəb binaların tikilməsi və digər geniş abadlıq və quruculuq işlərinin görülməsi xoş ənənəyə çevrilimişdir. Görülən işlərin hamısı icra başçısının əhali ilə səyyar qəbul və görüşlərində qaldırılan məsələlərin, edilən müraciətlərin həllinə yüksək qayğı və həssaslıqla yanaşılmasının parlaq sübutudur. Yaxın kəndlərin sakinləri yeni yolun istifadəyə verilməsinə görə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və layihənin digər icraçılarına dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.
Səyyar qəbul zamanı kənd sakinlərindən Zülfiqar Salayev, Gülnaz Məmmədova, İlham Məmmədov, Mehdi Məmmədov, Rafiq Məlikov və başqaları çıxış edərək ölkə başçısı, möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublikamızda, o cümlədən Astara rayonunda sosial-iqtisadi inkişafın bütün sahələrində yüksək nailiyyətlər qazanıldığını, əhalinin rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlərin görüldüyünü diqqətə çatdırmış, ümumən rayon ərazisində aparılan geniş abadlıq və quruculuq işlərinə görə rayon rəhbərliyinə dərin təşəkkür və minnətdarlığını ifadə etmişlər. Çıxış edənlər Səlivə kəndinə təbii qaz çəkilməsi, yeni transformator stansiyasının quraşdırılması, elektrik xətlərinin təmir edilməsi, Deqədi-Şüvi kanalüstü yolun bərpa edilməsi barədə təkliflər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev təbiətin gözəl guşəsində yerləşən Səlivə kəndinə gəldiyinə və yerli əhali ilə görüşdə iştirak etdiyinə görə məmnunluğunu ifadə edərək bildirdi ki, kənd sakinləri zəhmətsevər və işgüzardırlar, bərəkətli torpaq sahələrindən səmərəli istifadə etmək üçün var qüvvələrini sərf edirlər. Torpaqların əkilməsi məni çox sevindirir. Qarşıdakı illərdə əkin sahələrinin genişləndirilməsinə diqqət daha da artırılmalıdır. Biz də bu işdə kənd sakinlərinə hər cür  köməklik göstərəcəyik.
İcra başçısı bu cür ucqar yaşayış məntəqələrində sosial problemlərin ardıcıl olaraq həllini ölkəmizin günbəgün artan iqtisadi gücü ilə əlaqələndirmişdir. İndiki iqtisadi böhran şəraitində belə sosial layihələrin yerinə yetirilməsi o qədər də asan məsələ deyil. Dünyanın əksər ölkələrində iqtisadi çətinliklər yaşandığı halda sabitliyn, əmin-amanlığın hökm sürdüyü müstəqil dövlətimizin bu günkü inkişafı üçün xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdar olmalıyıq.
Kənd sakinlərinin iştirakı ilə yollarda aparılan təmir işlərini yüksək qiymətləndirən icra başçısı əhaliyə təşəkkürünü bildirmiş, bu birliyin   davamlı olmasını arzulayaraq icra hakimiyyəti tərəfindən də hər cür qayğı ilə əhatə olunacaqlarını söyləmişdir.
İcra başçısı səyyar qəbul və görüşə yekun vuraraq qeyd etmişdir ki, burada qaldırılan məsələlərin operativ həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar veriləcək və onların icrası nəzarətə götürüləcəkdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün yaşayış məntəqələrində yeni-yeni sosial layihələr icra edilir. Ölkəmizdə o cümlədən rayonumuzda yeni-yeni səhiyyə, mədəni-maarif müəssisələrinin tikilib istifadəyə verilməsi, dağ kəndlərinə  asfalt yolların çəkilməsi, yaraşıqlı park və xiyabanların salınması məhz ölkə başçısının öz əhalisinə göstərdiyi hədsiz qayğı və diqqətin təzahürüdür. Bütün bunlara görə möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. 
İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçiriləcəyini, rahat yaşıyışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan icra başçısı bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.

Keçidlər