Astara rayonunda 2016-cı ilin birinci yarısının nəticələri müzakirə olunmuşdur
İyulun 13-də Astara rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, dünyada təhlükələrin artdığı, iqtisadi böhranın daha da dərinləşdiyi və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi halda Azərbaycanda uğurlu inkişaf davam edir.
Aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığı, əks-hücum əməliyyatı nəticəsində mühüm strateji əhəmiyyətli yüksəkliklərin olduğu 2 min hektar ərazinin işğaldan azad edildiyi diqqətə çatdırmış, işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağı günün uzaqda olmadığını diqqətə çatdırmışdır. Ölkəmizin fəal xarici siyasəti nəticəsində bu ilin altı ayında 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlmiş, eyni zamanda ölkə Prezidenti möhtərəm cənab ilham Əliyev bir neçə xarici ölkələrə səfərlər edərək mühüm beynəlxalq tədbirlərdə və görüşlərdə iştirak etmişdir.
Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalmasına baxmayaraq cari ilin altı ayında ölkəmizin sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunmuşdur. Bu böhran ilində Sənaye istehsalı 0,6 faiz, qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3 faizdən çox artmışdır. Yaradılmaqda olan güclü kənd təsərrüfatı və sənaye kompleksi hesabına bu artımlar daha çox olacaqdır.
Ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulmuş, 78 min daimi iş yeri açılmış, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Ölkəmizdə ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, sənaye mərkəzlərinin yaradılması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilmişdir. Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin artması, zəruri ərzaq məhsulları ilə təminatın ödənilməsi, torpaqlardan səmərəli istifadə olunması, turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlər ürəkaçandır.
Mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi ölkəmizin dünyada önəmini daha da artırır. Mart ayında dünyanın 50-dən çox ölkə təmsilçisinin iştirakı ilə keçirilən IV Qlobal Bakı Forumu, aprel ayında Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, iyunda Formula-1 Avropa Qran-prisinin ölkəmizdə keçirilməsi dediklərimizə bariz nümunədir.
Ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində atılan ciddi addımlar böyük ümidlər yaradır. Bu dünya əhəmiyyətli layihələrin icrası ilə Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu nəqliyyat dəhlizləri həm də iqtisadi, təhlükəsizlik, və turizm baxımından ölkəmiz üçün çox əhəmiyyətlidir.
Natiq qeyd etmişdir ki, 2016-cı ilin birinci yarısında rayonumuzda da xeyli iş görülmüşdür. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ərzaq bolluğunun yaradılması məqsədilə müəyyən işlər görülmüş, İcra Hakimiyyətində qərargah yaradılmışdır. Torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilir və bu davamlı şəkildə olacaqdır. Artıq bu istiqamətdə görülən səmərəli tədbirlərin ilkin nəticələri hiss olunur.
2016-cı ilin I yarısında rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 2,3 milyon manata qarşı 2,6 milyon manat icra olunmuş, bu da 113 % təşkil edir. Yerli xərclər isə 10 milyon manata qarşı 9 milyon manat icra olunmuş, bu da 91 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 6,7 milyon manat dotasiya alınmış və 100 % icra olunmuşdur.
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 66.5 milyon manata çatmşdır.
Rayonda inşaat işlərinin aparılması üçün hesabat dövrü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 6,9 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, onun 97.5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1.2 faiz artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 630 manat təşkil etmişdir.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülmüşdür. Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri hazırda davam edir. Sım kənd tam orta məktəb üçün yeni binanın və kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi başa çatmışdır. Ələt-Astara-İran sərhəd avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8.3 km-lik dəmir yol xəttinin 5 kilometrində torpaq bünövrə işləri yekunlaşmış, hazırda iş davam etdirilir.
Şəhərin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində də tikinti-abadlıq işləri davam etdirilmişdir. Rayona gələn turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə mövcud binalar yenidən qurularaq üçmərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kotteclər inşa edilir.
Şəhər ərazisində yerləşən 10 çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılmış, bu işlərə 95 nəfər işçi qüvvəsi cəlb olunmuşdur.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi daim diqqətdədir. Yerli əhəmiyyətli Siyaku-Şəmətük və Siyaku-Marzəsəy avtomobil yollarında çınqıl materialı ilə, Pensər-Kakalos, Astara-Qamişovka və Pensər-Şahağac avtomobil yollarında asfaltbeton qarışığından çala təmiri işləri yerinə yetirilmiş, Vaqo kənd daxili yollarında 1800 kv. metr, Təngərüd kənd daxili yollarında 5200 kv.m yol asfaltlaşdırılmışdır.
Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmiş, su anbarları təmir edilmişdir. Qapçıməhəllə-Astara magistral su xəttində 426 diametrlik 130 metr su borusu dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 9320 metr hissəsində işlər tamamlanmış, hazırda burada işlər davam etdirilir.
2016-ci ilin birinci yarısında 208 evin qazlaşdırılması həyata keçirilmişdir. Əhali abunəçiləri üçün 208 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16105-ə çatdırılmışdır.
“Azəriqaz” İstehsalat Birliyinin vəsaiti hesabına podratçı təşkilatlar tərəfindən Şağlazüzə kəndində 23000 p/m müxtəlif diametrli bütün daşıyıcı və paylayıcı xətlər çəkilmiş, hazırda burada tamamlanma işləri aparılır. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 41000 p/m müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 162 ədəd sayğac qutuları quraşdırılmışdır. Hazırda bu işlər davam etdirilir.
Rayona hesabat dövrü ərzində 15 mln 741 min 572 kub metr təbii qaz satılmış, 1 mln 460 min 976 manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 92.8 %-ni təşkil edir.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasıdan ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Müxtəlif ölçülü hava xətlərində xeyli miqdarda yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, izolyator dəyişdirilmiş, yeni naqil çəkilmişdir. Astara Elektrik Şəbəkəsi üzrə 2016-cı ilin 6 ayı ərzində 21 ədəd transformator məntəqəsi alınaraq rayonun müxtəlif ərazilərində quraşdırılmışdır.
Kijəbə qəsəbəsi və ətraf yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 35/10/6 kv-luq Lovayın yarımstansiyasının əsaslı təmiri bu ay başa çatdırılacaqdır.
Cari ilin 6 ayı ərzində 35,5 milyon kvt saat elektrik enerjisi alınmış, istehlakçılara 1,8 milyon manat dəyərində 30,3 milyon kvt saat elektrik enerjisi verilmiş, toplanmış vəsait 86% təşkil etmişdir. Bu da keçən ilin müvafiq dövründən 19 % çoxdur.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 min 329 ailə üzvünü əhatə edən 1511 ailəyə ÜDSY ödənilmişdir. Hər bir ailəyə düşən orta aylıq məbləğ 152 manat olmuşdur. Hərəkətdə olan sosial müavinət alanların sayı 4596 nəfər olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 15 fevral 2016-cı il tarixdən aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi qaydaları dəyişdirilərək elektronlaşmışdır. Yeni qaydanın tətbiqindən sonra bu barədə ərizə və şikayətlərin sayı azalaraq haqsız narazılıqlar aradan qalxmışdır.
İl ərzində 68 şəhid ailəsinə hər ay 220 manat Prezident təqaüdü ödənilmiş, Çernobıl Atom Elektrik Stansiyasının ləğvində iştirak edən şəxslərdən müraciət edən 23 nəfərə 215 manat müalicə xərci ödənilməsi təşkil edilmiş, cəzaçəkmə müəssisələrindən azad edilmiş 72 nəfərə birdəfəlik müavinətin ödənilməsi təmin edilmişdir.
2016-cı ilin birinci yarısında Rayon Dövlət Sığorta Filialı 16500 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 31900 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündən vətəndaşların əmlakına dəymiş ziyana görə 4930 manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzində 835 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 521 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşlar ki, onların da 69 nəfərini qadınlar təşkil etmişdir. 21 nəfər vətəndaşa işsizlik statusu verilmiş, 21519 manat məbləğində işsizlik müavinəti ödənilmişdir.
Rayon ərazisində yaşayan məktəbyaşlı uşaqların təhsilə cəlb olunması, tədris ili ərzində şagirdlərin məktəbdən getməsi və qəbul olunması qüvvədə olan təlimatın tələblərinə uyğun həyata keçirilmişdir. 16 iyun 2016-cı il tarixdə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün 5 imtahan mərkəzində test buraxılış imtahanları yüksək səviyyədə təşkil edilərək keçirilmişdir. Ötən ilin nəticələrinə görə bu il şagirdlərimizin göstərdiyi nəticələr 22% yüksək olmuşdur.
Hesabat dövründə rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə 123305 nəfər ambolator müraciət etmiş, 577 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. 260 nəfər şəkərli diabet xəstələrinə qlükometr aparatı verilmişdir. Ölkə rəhbərinin göstərişinə əsasən 17 fevral tarixindən 15 may tarixinə kimi rayon əhalinin tibbi müayinəsi keçirilmişdir. Bu aksiyadan 75 min 800 nəfər insan yararlanmış, müayinə zamanı xəstəlik aşkar edilmiş 8732 nəfər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər.
Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. Vətəndaşlarla aparılmış geniş maarifləndirmə-izahat işləri nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli genişləndirilərək 7235 hektara çatdırılmışdır Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 435 hektar çoxdur. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçmişdir. Sitrusçuluqla yanaşı çay, çəltik və tərəvəz istehsalı da diqqət mərkəzində olmuşdur.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılmışdır. Bunun 192 hektarını məhsuldar, 153 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına lazımı aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilmiş, mövsümi yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su ötürücü kanallar və arxlar təmizlənmişdir.
Rayonda çəltik əkini ötən ilə nisbətən iki dəfə artmış, 133 hektara çatmışdır.
2016-cı ilin suvarma mövsümünə hazırlıqla əlaqədar kanalların təmizlənməsinə diqqət artırılmışdır. Ümumilikdə rayon ərazisində 47 min paqonometr suvarma və suötürücü kanallar lildən təmizlənmişdir. Rudəkənar yaşayış məntəqəsində subartezian quyusunun üzərindəki nasos sıradan çıxdığı üçün çıxarılıb təmirə göndərilmişdir. Maşxan kəndində subartezian quyusunun qazılması işləri başa çatdırılmış quyu istismara verilmişdir.
2016-cı ilin I yaısında 30 hektar sahədə meşə bərpa tədbirləri aparılmış, əkinlərdə əsasən yerli şəraitə uyğun ağac toxumlarından istifadə olunmuşdur.
Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili məqsədilə mədəniyyət mçüəssisələrinin kollektivləri yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirilmişdir. Rüb ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 89 min 480 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişlı təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır. Ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhvəmizi verməliyik.
Rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu sahənin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. Torpaqları əldə edən, ancaq uzun müddət ondan istifadə etməyən şəxslərlə izahat işləri aparılmalı, bu torpaqlar istifadəsiz qalmamalıdır. İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.
Rayon İcra hakimiyyətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı dərin məzmunlu çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə edəcəyi, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılmasına ciddi səy göstərəcəyi, rayonumuzun abadlaşdırılması naminə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün bütün qüvvələrini sərf edəcəyi vurğulanmışdır.
Məruzə ətrafında rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Rayon Suvarma Sistemləri idarəsinin rəisi Habil Manafov, Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2016-cı ilin birinci yarısında rayonda xeyli iş görülmüşdür. Bütün sahələrdə inkişaf göz qabağındadır. Şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yeni asfalt yollar çəkilir, məktəb binaları tikilir, əsaslı təmir olunur, yaşayış məntəqələri qazlaşdırılır, elektrik təsərrüfatında əsaslı təmir işləri aparılır.
Görülən işlər əlbəttə ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin bizim birgə səylərimizlə həyata keçirilir. Bütün bunların gələcəkdə də rayonumuzda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırmışdır.
İcra başçısı qeyd etmişdir ki, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, park-bulvarın ərazisinin genişləndirilməsi, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, təbii qaz almayan yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi, Pensər kənd sahə xəstəxanasının əsaslı təmirinin başa çatdırılması, Sım kənd və şəhər 2 saylı tam orta məktəblərinin yeni tədris binalarının qarşıdakı dərs ilində istifadəyə verilməsi və digər bu kimi məsələlər qarşıda duran əsas vəzifələrdir.
Gələcəkdə daha çox mənfəət gətirən sahələrin, xüsusən, çəltikçilk və çayçılığın daha da inkişaf etirilməsi, baramaçılığın əsasının qoyulması əhalinin məşğulluğunun təmin edilməsi, güzəranının yaxşılaşdırılması və ərzaq bolluğunun yaranması üçün ən sərfəli yoldur, deyən natiq, bunların daim diqqətdə saxlanacağını bildirmişdir.
İcra başçısı geniş turizm potensialına malik rayonumuzda bu sahənin də inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamış, iş adamlarının, investorların turizmin inkişafı ilə bağlı həyata keçirəcəkləri tədbirlərə hər vasitə ilə köməklik göstəriləcəyini diqqətə çatdırmışdır.