Astarada ictimai dinləmələr
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyulun 16-da Astarada ictimai dinləmələr keçirildi.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edilmişdir.
İctimai dinləmələrdə rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, hüquq mühafizə orqanlarının, dairə seçki komissiyası və bələdiyyələrin, yerli qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edən Astara rayon İcra hakimiyyətinin başçısının birinci müavini Allahverən Mahmudov rayonda insan hüquqlarının müdafiəsi, təbliği və regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası istiqamətində görülən işlər barədə məlumat vermişdir.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələrdən danışmış, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.
Astaranın özünəməxsus xüsusiyyətlərinin olduğunu, rayonda milli adət və ənənələrə böyük hörmətlə yanaşıldığını vurğulayan Ombudsman, Vətənimizin ölkənin cənub qapısı olan Astaradan başlandığını diqqətə çatdırmışdır.
Müstəqilliyimizin bərpa olunmasından ötən 25 il ərzində ölkəmizdə həyatımızın bütün sahələrində qazanılan uğurlardan danışan E.Süleymanova aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qazandığı uğurları ordu ilə xalqın monolit birliyinin məntiqi nəticəsi kimi dəyərləndirmişdir.
Müzakirələrdə çıxış edən Astara Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əlövsət Əliyev, təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Ərçivan qəsəbə bələdiyyəsinin sədri İradə Rzayeva, Asxanakəran ərazi icra nümayəndəsi Səlahəddin Əliyev, şəhər 3 nömrəli tam orta məktəbin direktoru Rəna Məmmədova və başqaları insan hüquq və azadlıqların müdafiəsi sahəsində görülən işlərdən söhbət açaraq mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.
Tədbir başa çatdıqdan sonra Ombudsman E.Süleymanova rayon polis şöbəsində müvəqqəti saxlama yerinə baş çəkərək burada yaradılan şəraitlə tanış olmuş, vətəndaşların müraciətlərini dinləmişdir.