Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda kənd təsərrüfatı məsələlərinə həs olunmuş müşavirə

05 avqust 2016 | 16:00

 Avqustun 4-də Astara rayonunda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov, Adminstrasiyanın məsul işçisi Habil Əzənmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev iştirakı ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Mahmudov astaralılar adından qonaqları salamlamış, rayonun aqrar sektorunda görülən işlər, bu sahədə qarşıda duran vəzifələr barədə iştirakçıları məlumatlandırmışdır.

Sonra Prezident Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən danışmışdır. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının aqrar sektorun inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə ənənəvi təsərrüfat sahələrinin inkişaf etdirilməsi, yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə ixrac tutumlu sahələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Astarada təcrübəli təsərrüfat rəhbərlərinin, sahibkarların olduğunu vurğulayan Prezident Administrasiyasının rəsmisi rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin, o cümlədən çayçılıq və sitrusçuluğun inkişafı üçün gözəl imkanların olduğunu diqqətə çatdırmışdır. Hələ sovet dönəmində bütün ittifaqı faraş tərəvzlə təmin edən bu cənub rayonunda dövlətin hərtərəfli dəstəyi ilə indi daha geniş şəkildə bu təsərrüfat sahələrinin inkişafı üçün real zəmin yarandığını vurğulamışdır. O, Astara rayonunda olduqca rentabelli olan çəltikçiliyin inkişafına diqqətin artırılmasının vacibliyini qeyd edərək, bu gəlirli sahənin həm ölkədə məhsul bolluğu yaranması, həm də ailələrin maddi rifah halının yaxşılaşmasındakı rolundan danışmışdır. Ölkədə kənd təsərrüfatının inkişafının ixrac olunan malların genişləndirilməsindən asılı olduğunu qeyd edən Azər Əmiraslanov Astara rayonunda bu sahədə böyük imkanların olduğunu bildirmişdir.

Natiq qeyd etmişdir ki, işçi qrupu tərəfindən keçirilən bu görüşdə əsas məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, eyni zamanda, mövcud problemlərlə bağlı fermerlər və torpaq mülkiyyətçiləri ilə fikir mübadiləsi aparmaqdır.

Diskussiya şəraitində keçən tədbirdə məhsul istehsalçıları, fermerlər çıxış edərək, görülmüş işlərdən danışımış, rayonda çayçılığın, tərəvəzçiliyin və digər təsərrüfat sahələrində mövcud olan problemlərin aradan qaldırılması yollarından bəhs etmişlər. Müşavirədə rayonda ənənəvi əkin və təsərrüfat sahələrinin inkişafı ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür.

Müşavirədən sonra qonaqlar Astara şəhər sakini Aqil İbadova məxsus çəltik sahəsinə və rayonun Çayoba kəndində “Astaraçay”  MMC-nin çay fabrikində istehsal və çeşidləmə prosesi, çay plantasiyası və “Çay muzeyi” ilə yaxından ilə tanış oldular.

Keçidlər