Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış və ali hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş

23 avqust 2016 | 16:00

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 23 avqust tarixində respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirmişdir. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak etmişlər.

Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2015-2016-cı tədris ilinin təhsil göstəriciləri barədə məlumatı iştirakçıların nəzərinə çatdırmışdır.

İcra başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək qeyd etmişdir ki, rayonumuzda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının artması sevindiricidir. Bu həm də gənclərimizin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni etmişdir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev də ulu öndər ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Ölkə rəhbəri tərəfindən ardıcıl olaraq təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilmiş, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılmışdır. Son illər rayonumuzda 40-a qədər məktəb binası yeni tikilmiş, yaxud əsaslı təmir olunmuşdur. Yeni dərs ilində daha iki məktəb-əsaslı təmir olunan Astara şəhər 2 saylı və yeni tikilən Sım kənd tam orta məktəbləri də istifadəyə veriləcəkdir.

Bu diqqətin nəticəsində təhsil uğurları daha da artmalıdır. Bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 181 nəfər tələbə adını qazanmışdır ki, bunlardan 8 nəfər 600-dən yuxarı, 22 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 6 nəfər məzunumuz ali hərbi məktəblərə daxil olmuşdur. Mən yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmaq şərəfinə nail olduğunuza görə hər birinizi ürəkdən təbrik edirəm. Eyni zamanda sizin yüksək hazırlığınızda əməyi olan müəllimlərinizi və valideynlərinizi təbrik edirəm. Arzu edirəm ki, siz ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr verəsiniz.

Müstəqil dövlətimiz inkişafı, tərəqqisi ilə dünyada tanınır. Siz belə bir ölkənin vətəndaşı olmağınızla qürur hissi keçirməli, əməli fəaliyyətinizlə ölkəmizin daha da qüdrətlənməsi üçün əlinizdən gələni etməlisiniz. Buna isə yüksək təhsil və böyük vətənpərvərlik mövqeyinizlə nail ola bilərsiniz.

Mən tələbə adını qazandığınıza görə bir daha sizi ürəkdən təbrik edir,  təhsil yollarında hamınıza uğurlar arzulayıram.

Tədbirdə valideynlərdən Habil Əsgərov, Elşad Heydərov və başqaları çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirmiş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq etmişlər. 665 balla Azərbaycan Tibb Universitetinə daxil olan Pensər kənd 1 saylı tam orta məktəbin məzunu Elman Heydərov, 663 balla Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasına daxil olmuş Maşxan kənd tam orta məktəbin məzunu Səbinə Əkbərova, 660 balla Bakı Dövlət Universitetinə daxil olmuş Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin məzunu Fatimə Həmidova, 616 balla Azərbaycan Diplomatiya Akademiyasına daxil olmuş Şiyəkəran kənd 2 saylı tam orta məktəbin məzunu Vəfadar Əsgərzadə, 561 balla Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil olmuş Astara şəhər 5 saylı tam orta məktəbin məzunu Dəniz Baxışzadə, Azərbaycan Dövlət Sərhədi Akademiyasına daxil olmuş Ədalətzadə İlyar  çıxış edərək dövlətin gənclərə bu cür diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləmişlər. 

Yekunda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr verilmiş, xatirə şəkli çəkilmişdir.

 

Keçidlər