Ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kənd sakinləri ilə görüş
Avqustun 30-da ucqar dağlıq ərazidə yerləşən Pəlikəş kəndində Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin vətəndaşlarla keçirdiyi görüşdə sakinlər son bir il ərzində rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə görülən geniş abadlıq və quruculuq işləri barədə razılıqla söhbət açdılar. Mürəkkəb relyefə malik ərazidə yerləşdiyinə görə Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər uzun illər diqqətdən kənarda qalmışdı. Normal yol olmadığına görə 12 min nəfərdən çox əhalisi olan dağ kəndlərinin sakinləri əzab-əziyyətə dözür, ciddi problemlərlə üzləşirdilər. Onların ən böyük arzusu rahat avtomobil yolunun çəkilişi, əhali üçün vacib olan təhsil və səhiyyə obyektlərinin inşası idi.
Əvvəlki səyyar qəbul və görüşlərdə kənd sakinləri rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə bu problemlərin həllinə köməklik göstərilməsi barədə təkliflərlə müraciət etmişdilər. Həmin görüşlərdən o qədər də çox vaxt keçməyib. Bu müddət ərzində dağ kəndləri sakinlərinin illərdən bəri həsrətində olduqları arzuların yerinə yetirilməsi istiqamətində konkret və əməli tədbirlər həyata keçirilmişdir. Hamını sevindirən əsas məsələ keçilməz qayalıqlarla əhatə olunmuş ərazilərdə normal gediş-gəliş üçün rahat avtomobil yolunun çəkilişi oldu. İndi rayon mərkəzindən Pəlikəş və Sım kəndlərinə qədər çəkilən asfalt yol bura gələnlərin hamısını heyran edir. Təbiətin bəxş etdiyi əsrarəngiz gözəlliklərin, qədim tariximizin zənginliyini nümayiş etdirən abidələrin, sərin bulaqların, şəlalələrin şahidi olmaq üçün bu kəndlərə gələnlərin sayı günbəgün artır. Yeni salınmış asfalt yolla gələnlər bu rahatlığı yaradanlara dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. Yol mədəniyyətdir, yol rahatlıqdır. Normal gediş-gəliş olandan sonra digər infrastruktur layihələrin yerinə yetirilməsinə zəmin yaranır. Pəlikəş və Sım kəndlərində tam orta məktəblər üçün yeni binaların tikilib istifadəyə verilməsi dediklərimizə parlaq nümunədir. Hazırda Pəlikəş kənd sahə xəstəxanası üçün 15 çarpayılıq yeni binanın tikintisi sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə keçirilən görüşdə Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Balakişi Rəhmanov əvvəlki səyyar qəbul və görüşdən sonra ərazidə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verdi. Kənd sakinlərindən Zahirəddin Məmmədov, Əsəd Eynəliyev, Mais Məmmədov, Elşad Baxşıyev, Elman Sovqatov çıxış edərək son illərdə respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişafla əlaqədar yüksək nailiyyətlərin qazanıldığını, illərdən bəri diqqətdən kənarda qalan ucqar dağ kəndlərinin sakinlərinə hədsiz qayğı göstərildiyini, yaşayış məntəqələrində müasir infrastruktur layihələrinin uğurla icra edildiyini diqqətə çatdıraraq, bu qayğı və diqqətə görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Xüsusən, icra başçısı kimi Qəzənfər Ağayevin dağ kəndlərinin sakinlərinin qaldırdıqları problemlərin həllindən ötrü konkret və əməli tədbirlər gördüyünü, bu məsələlərin çətinliyinə və mürəkkəbliyinə baxmayaraq icrasını təmin etdiyini və əhalinin yaşayış səviyyəsinin gündən-günə yaxşılaşdırılması üçün daim köməklik göstərdiyini böyük razılıqla ifadə etmişlər. Kənd sakinləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal iştirak edəcəklərini, dövlətçiliyimizin qorunmasında sədaqətli olduqlarını əməli işləri ilə nümayiş etdirəcəklərini diqqətə çatdırmışlar. Çıxış edənlər son illər ərzində ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü qeyd etməklə yanaşı, elektrik təsərrüfatının yenidən qurulması, Şümrüd kəndinə gedən yolun qaydaya salınması, yeni tikilən xəstəxana üçün istilik sisteminin quraşdırılması barədə təkliflər vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüşü yekunlaşdıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin nüfuzu beynəlxalq miqyasda gündən-günə artır, respublikamızın bütün bölgələrində geniş abadlıq və quruculuq işləri sürətlə aparılır. Biz bunu doğma rayonumuzun timsalında açıq-aşkar görə bilərik. Təkcə rayonun ucqar dağlıq ərazilərində yeni yolların çəkilməsini, səhiyyə və təhsil müəssisələrinin tikilib istifadəyə verilməsini göstərən faktları saysaq kifayət edər. İndi əsas məsələ tikilənləri və yaradılanları göz bəbəyimiz kimi qorumaqdan ibarətdir. Məlumdur ki, dağlıq ərazilərdə yeni yol salınması nə qədər çətin və mürəkkəb olsa da, onun qorunub mühafizə olunması da bir o qədər vacib və əhəmiyyətlidir. Biz öz qüvvəmizlə dağ yollarının daim işlək vəziyyətdə olması üçün müntəzəm olaraq əsaslı təmir işlərinin aparılmasına diqqət yetiririk. Bu işdə həmin rahat asfalt yoldan istifadə edən dağ kəndlərinin sakinləri də yaxından iştirak etməlidirlər. Asfalt yolun çəkilişi təbiətin nadir gözəllikləri ilə zəngin olan dağ kəndlərində yeni və beynəlxalq tələblərə cavab verən turizm obyektlərinin inşasına əlverişli şərait yaradıb. Ayrı-ayrı iş adamları və sahibkarlar bu imkanlardan səmərəli istifadə etməlidirlər. Bu ərazidə turistlərin və qonaqların dincəlməsi üçün yeni istirahət məkanları və mərkəzləri yaratmaq vacibdir. Dağ kəndlərində kənd təsərrüfatı bitkilərinin əkilməsinə daha çox diqqət yetirilməlidir. Xüsusən məhsuldar toxumlardan istifadə etməklə kartof istehsalını artırmaq üçün dağ kəndlərində geniş imkanlar vardır.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd sahə xəstəxanası üçün tikilən yeni binada, sel sularından ziyan çəkən Sım kənd körpüsündə bərkidilmə işlərinin vəziyyəti ilə maraqlanmış, konkret tapşırıq və tövsiyələrini vermişdir.