Səncərədi kəndində səyyar qəbul və görüş
Rayonumuzun iri yaşayış məntəqələrindən olan Səncərədi kəndində son aylarda abadlıq və quruculuq işlərinə xüsusi diqqət yetirilir. Hazırda kənddə yeni uşaq bağçasının tikintisi davam etdirilir. Uzun illərdən bəri həllini gözləyən problemlərdən biri də ötən əsrin 50-ci illərində salınmış, 2 min nəfərdən çox əhalinin yaşadığı və Səncərədi kəndinin mərkəzi hissəsi sayılan ərazini əhatə edən yolun bərbad vəziyyətdə olması idi. Əvvəlki səyyar qəbul və görüşdə kənd sakinlərinin müraciətlərindən biri də həmin yolun asfaltlaşdırılması barəsində idi. Rayon rəhbərliyinin yaxından köməkliyi və təşkilatçılığı ilə 1,5 kilometrdən çox məsafədə həmin avtomobil yolu asfaltlaşdırıldıqdan sonra əhalinin istifadəsinə verilmişdir.
Sentyabrın 6-da Səncərədi kəndində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin keçirdiyi səyyar qəbul və görüşdə kənd sakinləri uzun illərdən bəri onları narahat edən yol probleminin həllinə köməklik göstərdiyinə görə icra başçısına dərin hörmət və minnətdarlıqlarını bildirmişlər. Səncərədi kənd sakini 99 yaşlı müharibə veteranı Ağabəy Dadaşov həmin avtomobil yolunun asfaltlaşdırılmasında zəhməti olanların hamısına kənd ictimaiyyəti adından razılığını çatdırmışdır. Səyyar qəbul və görüşdə çıxış edənlər – Şakir Həbibov, Əkrəm Həsənov, Qaraş Əsədullayev, Şahan Həsənov, Əhmədağa Nəzərov və başqaları respublikanın hər yerində olduğu kimi Astara rayonunda da bütün sahələrdə inkişafın geniş vüsət aldığını, xüsusən yol abadlıq işlərinin sürətləndirilməsini razılıqla qeyd edərək əhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Rayon rəhbərliyinin köməkliyi ilə kənddə çəltikçiliyə əvvəlki illərə nisbətən daha çox qayğı göstərilməsi öz bəhrəsini vermişdir. Artupa və Səncərədi kəndlərində 80 hektara yaxın çəltik əkini aparılmış, hər hektardan 45-50 sentnerə yaxın məhsul götürülmüşdür. Rayon Suvarma Sistemləri idarəsinin və digər aidiyyəti qurumların köməkliyi ilə fermer və sahibkarların qaldırdıqları bütün problemlər vaxtında öz həllini tapmışdır.
Səyyar qəbul və görüşdə çıxış edənlər Səncərədi və Artupa kənd məktəblərinə gedən yolun təmiri, elektrik xətlərinin yenidən qurulması və digər məsələlər barədə təkliflərini vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, möhtərəm Prezidentin bu ilin sentyabrın 3-də Masallı, Biləsuvar və Salyan rayonlarına etdiyi səfərlər barədə ətraflı məlumat vermişdir. İcra başçısı rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, ucqar dağlıq ərazidə yerləşən yolların asfaltlaşdırılması, yeni park və xiyabanların salınması sahəsində görülən işlər barədə söhbət açaraq son aylarda rayona istirahətə və gəzməyə gələn xarici qonaq və turistlərin xeyli artdığını diqqətə çatdırmışdır.
Tam cəsarətlə demək olar ki, Astara bölgəmizin, bir növ mərkəzinə çevrilmişdir. Səncərədi kənd sakinlərinin qaldırdıqları təklif əsasında kəndin mərkəzi hissəsini əhatə edən 1,5 kilometrə qədər avtomobil yolunun asfaltlaşdırılması və bu gün istifadəyə verilməsi əlamətdar hadisədir. Biz bundan sonra da təkcə Səncərədi kəndində deyil, rayonun bütün yaşayış məntəqələrində vətəndaşların müraciətlərinin icrasından ötrü var-qüvvəmizi sərf edəcəyik.
İcra başçısı son dövrdə rayonun bütün kəndlərində, eləcə də, Səncərədi kəndində torpaqlardan səmərəli istifadə edilməsinə diqqətin artdığını razılıqla qeyd etmiş, xüsusən çəltik əkininin əvvəlki illərə nisbətən 2 dəfə artdığını təqdirəlayiq hesab etmişdir. Astara düyüsünün şöhrəti ilbəil artır. Bu il çəltikçiliklə məşğul olan kənd sakinləri bol məhsul əldə etdiklərinə görə xeyli gəlir götürəcəklər. Ona görə də çalışmalıyıq ki, rayonumuzda mövcud torpaq sahələrinin hamısından səmərəli istifadə olunsun.
İcra başçısı kənd sakinlərinə yeni istifadəyə verilmiş rahat avtomobil yolunun qorunması və mühafizə edilməsi üçün daim səy göstərmələrini tapşırmışdır.