Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Bilik günündə Astara rayonunda yeni məktəb binalarının açılışı olmuşdur

15 sentyabr 2016 | 16:00

Astara rayonunda son 12 ildə 45 yeni məktəb binası tikilmiş, 15 məktəb əsaslı təmir olunmuşdur. 15 sentyabr tarixində respublikanın bütün məktəblərində olduğu kimi Astara rayonunun məktəblərində də bir qələbəlik, bir izdiham var idi. Astara şəhər 2 saylı və Sım kənd tam orta məktəbinin kollektivləri isə yəqin ki, 2016-cı ilin 15 sentyabr tarixinin sevincini uzun müddət unutmayacaqlar. Astara şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi əsaslı təmir olunaraq yenidən qurulmuş, Sım məktəbinin kollektivi isə yeni tikilmiş iki mərtəbəli, hər cür invertar və avadanlıqlarla təchiz olunmuş gözəl, yaraşıqlı, məktəblərdə dərsə başladılar.
Məktəb binalarının açılışına rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə yanaşı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, məktəblərin pedaqoji və şagird kollektivləri, valideynlər,  ictimaiyyət nümayəndələri və məktəbin tikintisində iştirak edən inşaatçılar toplaşmışdı.
Əvvəlcə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin 14 aprel 2015-ci il tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılan  2 milyon manat vəsait hesabına əsaslı təmir olunaraq yenidən qurulmuş 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının açılışı oldu. Tədbiri rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq son illər rayonda təhsilin inkişafında qazanılan uğurlardan danışmışdır. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə pedaqoji kollektiv adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Astara şəhər 2 saylı tam orta məktəbinin direktoru, Respublikanın Əməkdar Müəllimi Maya Həsənova, qocaman müəllim Mübariz Bəxtiyarov, valideyn Vüsalə Cavadova və başqaları əsaslı təmir olunaraq yenidən qurulmuş, təlim və tədris üçün hər cür şəraiti olan belə gözəl tədris ocaqlarını yetişməkdə olan gənc nəslə hədiyyə etdiyinə görə ölkə prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq etmiş, dərin hörmət və ehtiramlarını bildirmişlər. Qeyd olunmuşdur ki, bu diqqət və qayğıya əməli fəaliyyətləri ilə cavab verəcək, daha bilikli, savadlı, Vətənə və xalqa layiqli vətəndaşların yetişdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcəklər.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sım kənd tam orta məktəbi üçün inşa edilmiş 180 şagird yerlik yeni məktəb binasının açılışı da eyni qaydada davam etmişdir. Sım kənd tam orta məktəbinin direktoru Nəbi Xalıqov, məktəbin məzunu, texnika elmləri namizədi Əmrah Yusifov, gənc müəllim Rufanə Cəfərli, məktəbin X sinif əlaçı şagirdi Zərrintac Məmmədova onlara bu sevinci bəxş edən ölkə Prezidenti cənab İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirmişlər.  
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara şəhər  2 saylı və Sım kənd tam orta məktəblərinin açılışlarında çıxış edərək tədbir iştirakçılarını salamlamış, yeni məktəb binalarının açılışı münasibətilə onları təbrik etmişdir. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, bu siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar respublikanın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirilir. Ayrı-ayrı yaşayış məntəqələrinə yeni rahat yollar çəkilir, qaz xətləri yenilənir, əhalinin dayanıqlı elektrik enerjisi ilə təminatı davamlı xarakter almışdır.
Rayonda  təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi də daim diqqət mərkəzindədir. Bu gün rayonda istifadəyə verilən növbəti yeni məktəblərin açılışına toplaşmışıq. Hər cür invertar və avadanlıqlarla təchiz olunmuş, müasir tipli məktəb bunlarının tikintisi təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmışdır. Yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlər var qüvvələrini sərf etməli, gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeni məktəb binalarının açılış lentini kəsmişdir.
Mərasim iştirakçıları məktəblərin kompüter otağı, sinif otaqları, fənn kabinetləri, idman zalı və kitabxanasında şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış olmuşlar.

Keçidlər