Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astaranın daha bir kəndinə təbii qaz verildi

22 sentyabr 2016 | 16:00

Astara rayonun dağlıq ərazisində yerləşən Şağlazüzə kəndinin sakinləri uzun illər idi ki, təbii qaz xətti olmadığına görə ciddi çətinliklərlə üzləşirdi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev  bu kənddə səyyar qəbul keçirərkən sakinlərin əsas təkliflərindən biri də kəndə qaz xəttinin çəkilməsi barədə olurdu. Əhalinin müraciətləri əsasında rayon rəhbərliyi tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmış,  Şağlazüzə kəndinə təbii qaz xəttinin çəkilişi həllini tapmışdır. Bu günlərdə kəndin 233  təsərrüfatına mavi qaz xətti çəkilişi gərgin zəhmət hesabına uğurla başa çatdırılmışdır.
Sentyabrın 22-də Şağlazüzə kəndində təbii qaz xəttinin istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmişdir. Tədbiri RİHB-nın Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xanəhməd Zahirov açaraq son illərdə rayonumuzda və nümayəndəlik ərazisində aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat vermiş, uzun illərdən bəri həsrətində olduqları arzuya qovuşmaları münasibəti ilə kənd sakinlərini təbrik etmişdir.
Tədbirdə Şağlazüzə kənd sakinləri Məryəm Fətəliyeva, Hacıkişi Fətəliyev, Lənkəran Regional Qaz İstismar  İdarəsinin rəisi Rafail Novruzov və  başqaları çıxış etmişlər. Şağlazüzə kənd sakinləri onlara göstərilən hədsiz qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. 
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini təbrik edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan misilsiz inkişafı diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, Astara rayonunun timsalında bu inkişafı daha aydın hiss etmək olur. Rayon mərkəzində, qəsəbə və kəndlərdə yeni-yeni təhsil müəssisələri tikilir, yollar asfaltlaşdırılır, park-xiyabanlar, körpülər salınır. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına ən ucqar dağlıq ərazidə yerləşən Deqədi-Pəlikəş avtomobil yolu istifadəyə verilmiş, Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində avtomobil yolunun çəkilişi davam etdirilir. Rayon mərkəzində əhalinin istifadəsinə verilmiş möhtəşəm dənizkənarı park-bulvar təkcə yerli sakinlərin deyil, respublikamızın ayrı-ayrı rayon və şəhərlərindən, xarici ölkələrdən gələn qonaqların böyük marağına səbəb olmuşdur.  Şağlazüzə kəndinin yerləşdiyi Siyakü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində son illər yol abadlıq işləri geniş vüsət almışdır. Nümayəndəlik ərazisindəki kəndlərin ara yollarının asfaltlaşdırılmasına diqqət artırılmış, yeni təhsil müəssisələri tikilib istifadəyə verilmişdir. Bu gün ucqar ərazidə yerləşən Şağlazüzə kəndinin 233 təsərrüfatına təbii qaz verilir. Bu münasibətlə kənd sakinlərini ürəkdən təbrik edirəm.
Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şağlazüzə kəndinə təbii qazın verilməsini bildirən məşəli alovlandırmışdır.
Şağlazüzə kənd sakini Həbib Həbibovun evində təbii qazın yandırılması mərasimində iştirak edən ailə üzvləri  kənd sakinlərinə  göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı İlham Əliyevə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.

Keçidlər