Astarada 2016-cı ilin 9 ayında sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
Oktyabrın 21-də Astara rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası keçirilmişdir. İclasda rayon İcra Hakimiyyəti başçısı aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak etmişlər.
İclası giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, oktyabrın 7-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı 2016-cı ilin tarixdə ən ağır illərdən biri olduğunu, dünyada davam edən iqtisadi, siyasi və hərbi böhrandan ölkələrin əziyyət çəkdiyini, dünyanın müxtəlif bölgələrində qanlı toqquşmaların, müharibələrin alovlandığını, miqrant böhranının ölkələri sarsıtdığını qeyd etmişdir. Belə bir beynəlxalq mənzərə fonunda ictimai-siyasi vəziyyətin sabit olduğu Azərbaycanda ölkə qarşısında duran vəzifələr həllini tapmış, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir. Mühüm beynəlxalq tədbirlərin - IV Qlobal Bakı Forumunun, V Bakı Beynəlxalq Humanitar Forumunun, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun, Formula-1 Avropa Qran-prisinin, Ümumdünya Şahmat Olimpiadasının ölkəmizdə keçirilməsi dediklərimizə bariz nümunədir.
Sentyabr ayında ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan, demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilən referendumda Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Azərbaycanın böyük hərbi qələbə əldə etdiyini, Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, 2 min hektar ərazinin işğaldan azad edildiyini, təmas xəttində tam üstünlüyün əldə olunduğunu diqqətə çatdırmışdır. “Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyimizə nə qədər təzyiqlər olsa da, bu heç vaxt olmayacaq. Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik” - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini bir daha vurğulamışdır.
Ölkəmizin fəal xarici siyasətinin nəticəsidir ki, bu il iyirmidən çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlmiş, eyni zamanda ölkə Prezidenti möhtərəm cənab ilham Əliyev 14 xarici ölkəyə səfər etmiş, mühüm beynəlxalq tədbirlərdə və görüşlərdə iştirak etmişdir.
İdmançılarımız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıblar. Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik.
Nazirlər Kabinetinin iclasında ölkə rəhbəri 2016-cı ilin doqquz ayında iqtisadi islahatların daha da sürətlə aparıldığını qeyd etmiş, islahatların uğurla davam etdiyini diqqətə çatdırmışdır.
Dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalmasına baxmayaraq cari ilin altı ayında ölkəmizin sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artım müşahidə olunmuşdur. Bu böhran ilində sənaye istehsalı 0,2 faiz, qeyri-neft sənayesi 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artmışdır. Yaradılmaqda olan güclü kənd təsərrüfatı və sənaye kompleksi hesabına bu artımlar daha çox olacaqdır.
Doqquz ayda 121 mini daimi olmaqla 154 min iş yeri açılmış, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Hesabat dövründə ölkədə iyirmi doqquz məktəb tikilmiş, 485 məktəbdə təmir işləri aparılmış, 33 səhiyyə obyekti inşa olunmuşdur. Ölkəmizdə ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, sənaye mərkəzlərinin yaradılması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilmişdir.
Ölkəmiz üçün böyük strateji əhəmiyyət daşıyan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ciddi addımlar atılmış, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu dünya əhəmiyyətli layihələrin icrası ilə çox güclü nəqliyyat infrastrukturu yaratmaqla ölkəmizin uzunmüddətli siyasi, iqtisadi maraqlarını təmin edəcəyik.
Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdür. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq.
Kənd təsərrüfatı sahəsinə toxunan ölkə başçısı müxtəlif sahələr üzrə konkret proqramlar, layihələrin icra edildiyini, böyük vəsait, texnika ayrıldığını, subsidiyalarda düzəlişlər edildiyini vurğulayaraq bu sahənin inkişafına xüsusi diqqət yetirməyin vacibliyini bir daha qeyd etmişdir.
Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişafın davam etməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər respublikamızın simasını gündən-günə dəyişdirir. Ölkədə bütün istiqamətlərdə gedən sürətli inkişafı rayonumuzun timsalında aydın görə bilərik.
2016-cı ilin 9 ayında rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 6 milyon 583.2 min manata qarşı 6 milyon 896.4 min manat icra olunmuş, bu da 104.8 % təşkil edir. Yerli xərclər isə 14 milyon 68.2 min manata qarşı 12 milyon 598.9 min manat icra olunmuş, bu da 89.6 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 10127.6 min manat dotasiya alınmış və 10127.6 min manat icra olunmuş, bu da 100 %-ə bərabərdir.
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13.5 faiz artaraq 145.9 milyon manata çatmışdır. Bunun 5.9 faizi sənayedə, 34.9 faizi kənd təsərrüfatında, 28.9 faizi tikintidə, 28.4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 1.5 faizi nəqliyyat və anbar təsərrüfatında, 0,4 faizi informasiya və rabitədə olmuşdur.
Rayonda inşaat işlərinin aparılması üçün hesabat dövrü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 43 milyon 457 min manat məbləğində vəsait yönəldilmişdir ki, onun 97.1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 66.9 faiz artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1374 manat təşkil etmişdir.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülmüşdür. Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəb üçün yeni binanın tikintisi başa çatdırılmış, hər iki məktəb binası istifadəyə verilmişdir. Rayon kənd təsərrüfatı idarəsi üçün inzibatı binanın tikintisi başa çatdırılmış, hazırda avadanlıqların quraşdırılması işləri görülür. Ələt-Astara-İran sərhəd avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində tikinti işləri davam edir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Astara rayonunun ərazisindən keçən 8.3 km-lik dəmir yol xəttində torpaq bünövrə işləri yekunlaşmış, hazırda dəmir-beton konstruksiyaların quraşdırılması işləri davam etdirilir.
Şəhərin Xəzər dənizi sahili boyu bulvar və çimərlik ərazisində də tikinti-abadlıq işləri davam etdirilmişdir. Rayona gələn turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə mövcud binalar yenidən qurularaq üçmərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kotteclər inşa edilir. Bulvar ərazisində Ləm tipli (dörd tərəfi açıq olan sütunlar üstündə ikimərtəbəli yay istirahət yeri) kafe-çay evinin tikintisi davam etdirilir.
Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonda mənzil növbəsinə duran 43 şəhid ailəsindən 4 ailə üçün fərdi yaşayış evi tikilərək onların istifadəsinə verilmişdir.Şəhər ərazisində yerləşən 10 çoxmənzilli yaşayış binasında təmir işləri yekunlaşdırılmışdır.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi daim diqqətdədir. Respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunda yol çiyinləri avtoqreyderlə hamarlanmış, 14530 metr küvetlər təmizlənmiş, 13320 kv.metr yol çiyinləri çınqıl materialı ilə bərkidilmiş və 16130 kv.metr asfaltbeton qarışığından çala təmir işləri görülmüşdür.
Yerli əhəmiyyətli Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Pensər-Kakalos, Astara-Qamışovka və Pensər-Şahağac avtomobil yollarında asfaltbeton qarışığından çala təmiri işləri yerinə yetirilmiş Vaqo kənd daxili yollarında 1800 kv. metr, Təngərüd kənd daxili yollarında 5200 kv.m, Səncərədi kənd daxili yollarında 6000 kv.m yol asfaltlaşdırılmışdır.
Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmiş, su anbarları təmir edilmişdir. Qapçıməhəllə-Astara magistral su xəttində 327 mm diametrlik 210 metr su borusu dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən şəhərin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasından ötrü Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xətti layihəsi çərçivəsində 2 ədəd 5000 kub.metrlik su anbarının tikinti işləri başa çatdırılmış, manevr otağının tikinti işləri davam etdirilir. Layihə üzrə ümumi uzunluğu 28678 metr olan 710 mm su boru xəttinin 15753 metrində tikinti quraşdırma işləri, 10 ədəd hava klapanı, boşaltma kamerası və kənd çıxışları üçün qurğuların tikintisi işləri başa çatdırılmışdır.
2016-cı ilin 9 ayı ərzində 441 evin qazlaşdırılması həyata keçirilmişdir. Rayon ərazisində 5573 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmışdır. 60 ədəd qaz tənzimləyici şkaf təmir olunaraq saz vəziyyətə gətirilmişdir. Əhali abunəçiləri üçün 441 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16328-ə çatdırılmışdır. “Azəriqaz” İB-nin vəsaiti hesabına podratçı təşkilatlar tərəfindən Şağlazüzə kəndində 23000 p/m müxtəlif diametrli bütün daşıyıcı və paylayıcı xətlər çəkilmiş, bununla da kəndin qazlaşması başa çatdırılmışdır.
Rayona hesabat dövrü ərzində 1 mln 841 min 446 manat məbləğində təbii qaz satılmış, 1 mln 895 min 875 manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 103 %-ni təşkil edir.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Astara Elektrik Şəbəkəsi üzrə 2016-cı ilin 9 ayı ərzində 6 ədəd KTM alınaraq rayonun müxtəlif ərazilərində quraşdırılmışdır. Rayonda ümumilikdə 10 kv-luq hava xətlərində 550 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 1600 ədəd 10 kv-luq izolyator dəyişdirilmiş, 20000 metrdən çox yeni naqil çəkilmişdir. Bundan əlavə daxili imkanlar hesabına abonentlərin şikayətləri və qüsur aktlarına əsasən 300-dək 10 kv-luq və 0.4 kv-luq dayaqlar yenisi ilə əvəz edilmişdir. Kijəbə qəsəbəsi və ətraf yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən 35/10/6 kv-luq Lovayın hava elektrik verilişində 1 ədəd 35 kv dayaq yenisi ilə əvəz olunmuşdur.
Cari ilin 9 ayı ərzində 52 milyon kvt saat elektrik enerjisi alınmış, istehlakçılara 2.3 milyon manat dəyərində 45 milyon kvt saat elektrik enerjisi verilmiş, toplanmış vəsait 83% təşkil etmişdir.
Əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri olan səmərəli sosial müdafiə sistemini inkişaf etdirmək, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlər davam etdirilmişdir. İl ərzində 68 şəhid ailəsinə hər ay 220 manat Prezident təqaüdü ödənilmiş, fəxri ad almış 9 nəfərə 66 manat təqaüd verilmişdir. Cəzaçəkmə müəssisələrindən azad edilmiş 72 nəfərə birdəfəlik müavinətin ödənilməsi təmin edilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən rayonda fəaliyyət göstərən kommersiya obyektlərində işləyən işçilərin qismən qeydiyyata alınması təmin edilmiş, onlardan məcburi dövlət sosial sığorta haqlarının alınması təmin olunmuş, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlər davam etdirilmişdir.
2016-cı ilin 9 ayı ərzində Rayon Dövlət Sığorta Filialı 30000 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 38500 manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzində 948 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 590 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşlar ki, onların da 93 nəfərini qadınlar təşkil etmişdir. 21 nəfər vətəndaşa işsizlik statusu verilmiş, 26299 manat məbləğində işsizlik müavinəti ödənilmişdir.
Rayon ərazisində yaşayan məktəbyaşlı uşaqların təhsilə cəlb olunması, tədris ili ərzində şagirdlərin məktəbdən getməsi və qəbul olunması qüvvədə olan təlimatın tələblərinə uyğun icra olunmuşdur. 16 iyun 2016-cı il tarixdə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün 5 imtahan mərkəzində test buraxılış imtahanları təşkil edilərək keçirilmişdir. Rayon üzrə ümumtəhsil müəssisələrini bitirmiş məzunlardan 500-ə yaxın şagird ali məktəbə qəbul olunmaq üçün TQDK-ya sənəd vermiş, onlardan 180 nəfəri ali məktəblərə qəbul olunaraq tələbə adını qazanmışlar. Ali məktəblərə qəbul olunanlardan 8 nəfəri 600-dən yuxarı, 22 nəfəri isə 500-dən yuxarı bal toplamışlar.
Hesabat dövründə rayon Mərkəzi Xəstəxanasının tabeliyində olan səhiyyə müəssisələrinə 145671 nəfər ambulator müraciət etmiş, 177 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. 260 nəfər şəkərli diabet xəstələrinə qlükometr aparatı verilmişdir. Ölkə rəhbərinin göstərişinə əsasən bu ilin 17 fevral tarixindən 15 may tarixinə kimi rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində əhalinin tibbi müayinəsi keçirilmişdir. Bu aksiyadan 6800 nəfəri uşaq olmaqla ümumilikdə 75 min 800 nəfər insan yararlanmış, müayinə zamanı xəstəlik aşkar edilmiş 8732 nəfər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər. 22796 nəfər xəstəyə imtiyazlı resept yazılmış, dərman preparatı və test stripti ilə təmin edilmişlər. Bundan əlavə rayon İcra Hakimiyyəti və Əlil Sahibkarlar İctimai Birliyinin təşkilatçılığı ilə 30 nəfər rayon sakini Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə göndərilmiş, burada pulsuz müayinə olunmuşlar. Cari ilin ötən 9 ayı ərzində Astara RMX-nın tabeliyində çalışan 11 həkim və 77 tibb işçisi təkmilləşdirmə kurslarına göndərilmişlər. Astara RMX-nın tabeliyində olan Pensər və Şiyəkəran kənd sahə xəstəxanalarının dam örtükləri dəyişdirilmişdir.
Rayonda aqrar sahənin inkişafına diqqət xeyli artırmışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar məsələlər şöbəsinin müdiri, işçi qrupunun rəhbəri Azər Əmiraslanov, və digər aidiyyəti qurumların rəhbər işçilərinin iştirakı ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilmiş, müşavirədə rayonda ənənəvi əkin sahələrinin, çoxillik bitkilərin, o cümlədən çayçılıq və sitrusçuluğun inkişafı üçün gözəl imkanların olduğunu diqqətə çatdırılmışdır. Rayonda olduqca rentabelli olan çəltikçiliyin inkişafına diqqətin artırılmasının vacibliyini qeyd edilərək, bu gəlirli sahənin həm ölkədə məhsul bolluğu yaranması, həm də ailələrin maddi rifah halının yaxşılaşmasındakı rolundan danışılmışdır.
RİH başçısının tapşırığına əsasən RİH-nin əməkdaşları, müavinlər və şöbə müdirləri yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər və ailə təsərrüfatlarının başçıları ilə mütəmadi görüşlər keçirmiş, rayonda kənd təsərrüfatı ənənələrinin bərpa olunmasına çağırışlar etmişlər.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları, aqrar sahənin inkişafına dövlət dəstəyinin olması, RİH-nin səyləri və rayon üçün ixtisaslaşmış sahələr olan çəltikçilik, sitrusçuluq və heyvandarlığın rentabelliliyi vətəndaşlarda bu sahəyə olan marağı daha da artırmışdır. Lakin son zamanlar iribuynuzlu mal-qara arasında xəstəliyin yayılması ilə ölüm hallarının müşahidə edilməsi, heyvandarlıq təsərrüfatlarına az da olsa ziyan vurmuşdur. Xəstəliyin qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirilmiş, nəticədə xəstəliyin miqyasının genişlənməsinin qarşısı əsasən alınmışdır. Bununla bağlı rayon Baytarlıq İdarəsinin rəhbərliyi işində ciddi dönüş yaratmaqla nəticə çıxarmalı və təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Heyvandarlıq təsərrüfatlarının genişlənməsi yem tədarükünə tələbatı da artırmışdır. Yem tələbatının ödənilməsi məqsədilə cari ilin ötən dövrü ərzində 291 hektar yonca əkilmiş, bununla da ümumi yonca sahələri 1415 hektara çatdırılmışdır. Rayonda cari ilin əkin sahələri 7225 hektar olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 568 hektar çoxdur. Rayonda Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin icrası ilə əlaqədar 193 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əkin dövriyyəsindən çıxarılmışdır.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən səmərəli istifadə etməkdən ötrü torpaq qanunvericiliyinin tələblərinə əməl edilməsi və pozuntu hallarının qarşısının alınması tədbirlərinin görülməsi ilə bağlı rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və bələdiyyələrə məktublar göndərilmişdir. RİH başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyələr qanunvericiliyin tələblərinə əməl edilməsi və pozuntu hallarının qarşısının alınmasından ötrü ciddi tədbirlər görməli və RİH–ni məlumatlandırmalıdırlar.
Rayonda sitrus meyvələrinin istehsalına diqqət artmış və hər il olduğu kimi bu il də yeni sitrus bağları salınmışdır ki, nəticədə sitrus meyvə bağlarının ümumi sahəsi 2247.5 hektardan çox olmuşdur. Hazırda sitrus meyvə bağlarında qızğın əkin işləri aparılmaqla yanaşı bar verən bağlarda məhsul yığımına başlanılmışdır. Proqnoz rəqəmlərə görə bu il məhsul yığımı 40 min tondan yüksək olacaqdır.
Görülmüş işlər nəticəsində çəltik sahələri genişləndirilərək 132 hektara çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 2,1 dəfə çoxdur. Cari ildə 542.7 ton çəltik istehsal olunmuş, məhsuldarlıq hər hektarda 45.7 sentner olmuşdur.
Rayon üçün ixtisaslaşmış sahələrdən olan çayçılıq daim diqqətdə saxlanılmaqla mütəmadi olaraq yeni çay sahələri salınır, çayçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülür. Yeni texnologiyaların tətbiq olunması ilə məhsuldarlığın da artmasına nail olunmasından ötrü bu sahə ilə məşğul olan sahibkarlar üçün şərait yaradılmalıdır. Hazırda rayon ərazisində çay sahələri genişləndirilərək 345 hektara çatdırılmışdır. Cari ildə 554 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Hazırda çay yarpağının yığımı davam etdirilir.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının, bağçılıqla, bostançılıqla məşğul olan vətəndaşların istehsal etdikləri məhsulların satışına köməklik göstərilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərində təşkil olunan yarmarkalarda iştirakları təmin edilir.
2016-cı ilin 9 ayı ərzində əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə kanalların təmizlənməsinə diqqət artırılmışdır. Ümumilikdə rayon ərazisində mexanizmlərlə 69400 p.m, əl ilə 8000 p.m suvarma və suötürücü kanallar lildən təmizlənmişdir. Şahağacı və Şiyəkəran kəndləri ərazisində 9800 p.m kanal bərpa edilmişdir. Çoxillik əkinlərdə mütərəqqi suvarma şəbəkəsinin bərpası məqsədilə Kijəbə qəsəbəsi ərazisində 71.5 hektar sahədə keçmiş qapalı suvarma şəbəkəsinin yenidənqurma işlərinə başlanılmış, 1700 p.m 169 mm diametrlik polietilen borulardan yeni suvarma şəbəkəsi çəkilmişdir.
2016-cı ilin 9 ayında 30 hektar sahədə meşə bərpa tədbirləri, o cümlədən 30 hektar sahədə azqiymətli meşə massivlərində əkin və səpin yolu ilə meşə əkinləri aparılmışdır. Əkinlərdə əsasən yerli şəraitə uyğun ağac toxumlarından istifadə olunmuşdur. Yeni şitillik sahələri salınmaqla 1.5 ha sahədə böyütmə sahəsi, 1 ha tinglik sahəsi yaradılmışdır. Keçən illərdə salınmış 300 ha meşə əkinlərində, tinglik və böyütmə sahələrində müntəzəm olaraq becərmə işləri aparılmışdır.
Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.
Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yolları asfaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin gəlişi başlanmışdır. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilmişdir ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Cəsurlar” hərbi idman oyunları və “Vətən sərhəddən başlayır” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, bu sahədə sabitlik təmin edilmişdir.
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirilmişdir. Ötən dövrdə şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 108 min 678 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişli təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır, ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır.
Rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu sahənin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. Torpaqları əldə edən, ancaq uzun müddət ondan istifadə etməyən şəxslərlə izahat işləri aparılmalı, bu torpaqlar istifadəsiz qalmamalıdır. İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.
Qeyd edilmişdir ki, rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində var qüvvələrini səfərbər edəcəkdir.
Məruzə ətrafında rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Elbrus Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Həsənov çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2016-cı ilin 9 ayında rayonda xeyli iş görülmüşdür. Bütün sahələrdə inkişaf göz qabağındadır. Şəhər, qəsəbə və kəndlərdə aparılan geniş tikinti-quruculuq işləri əhalinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Yeni asfalt yollar çəkilir, məktəb binaları tikilir, əsaslı təmir olunur, yaşayış məntəqələri qazlaşdırılır, elektrik təsərrüfatında əsaslı təmir işləri aparılır.
Görülən işlər əlbəttə ki, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin bizim birgə səylərimiz nəticəsində həyata keçirilir. Bütün bunların gələcəkdə də rayonumuzda nəhəng layihələrin həyata keçirilməsi ümidini bir daha gerçəkləşdirdiyini qeyd edən İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırmışdır.
İcra başçısı qeyd etmişdir ki, Taxtanakəran-Miki, Taxtanakəran-Toradi yolunun tikintisi, park-bulvarın ərazisinin genişləndirilməsi, rayonun elektrik xətt təsərrüfatının yenilənməsi, təbii qaz almayan yaşayış məntəqələrinə qaz xəttinin çəkilməsi, torpaqlardan təyinatı üzrə səmərəli istifadə edilməsi, və digər bu kimi məsələlər qarşıda duran əsas vəzifələrdir. Gələcəkdə daha çox mənfəət gətirən sahələrin, xüsusən, çəltikçilik və çayçılığın daha da inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin edilməsi, güzəranının yaxşılaşdırılması və ərzaq bolluğunun yaranması üçün ən sərfəli yoldur, deyən natiq, bunların daim diqqətdə saxlanacağını bildirmişdir.