Astara məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncəyə yola düşdülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın altıncı mərhələsinə start verilib. Bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənməklə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Noyabrın 12-də səhər tezdən tur-aksiyanın Astara-Gəncə-Şəmkir-Göygöl-Astara marşrutunun iştirakçılarını yola salmaq üçün Astara Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, valideynlər və şəhər sakinləri məktəblilərə uğurlar arzulayaraq, ölkəmizi daha yaxından tanımaq üçün məktəblilər üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qrupun rəhbəri Şərəbanu Məmmədova bildirmişdir ki, “Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar”.
Tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayan qrup rəhbəri şagirdlərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Pensər kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytac Əliyeva sevincini belə ifadə edib: “Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. Bizim üçün bu imkanı yaradan Prezidentimizə minnətdarlığımızı bildiririk”.
Sonda aksiya iştirakçıları avtobusla Gəncəyə yola düşüblər.