Astara şəhər 2 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmirdən sonra açılışı olmuşdur
03 aprel 2012-ci ildə Astara şəhər 2 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmirdən sonra açılışı olmuşdur.
Tədbirdə rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara şəhər 2 saylı uşaq bağçası-körpələr evinin müdiri Lalə Səmədova, valideyn komitəsinin sədri Elza Nəsirova və valideyn Nahidə Sadıqova çıxış edərək bu yüksək diqqət və qayğıya görə ölkə Prezidenti Möhtərəm cənab İlham Əliyevə bütün valideynlər adından dərin hörmət və ehtiramlarını bildirmişlər.
Körpə fidanlar sevinclərini söylədikləri şerlər və göstərdikləri idman nömrələri ilə ifadə etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşov Astara şəhər 2 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmirdən sonra açılışı üçün hazırlanmış rəmzi lenti kəsərək valideynləri və uşaqları bu əlamətdar gün münasibəti ilə təbrik etmişdir. Qeyd etmişdir ki, bu yaraşıqlı uşaq bağçası uzun illərdən sonra əsaslı təmir edilərək yenidən qurulmuş, istifadəyə hazırlanmışdır. Bu ölkə Prezidenti İlham Əliyev cənablarının körpə fidanlara hədsiz qayğısı və diqqətinin bariz nümunəsidir.
Ölkə rəhbərinin yorulmaz və müdrik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti gündən-günə çiçəklənir, inkişaf edir. Dövlətimizin iqtisadi qüdrəti bütün dünyaya səs salmışdır. Bakı şəhərində və regionlarda aparılan möhtəşəm tikinti, abadlıq, yenidənqurma işləri doğma vətənimizi ən abad, ən gözəl məkana çevirmişdir.
Ölkə Prezidentinin bahar bayramı ərəfəsində rayonumuza səfər etməsi, Astara Olimpiya İdman Kompleksinin, əsaslı təmir edilərək yenidən qurulmuş mərkəzi xəstəxananın, Yeni Azərbaycan Partiyasının inzibati binasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə yolunun açılışını etməsi, rayonumuzun sosial-iqtisadi inkişafı üçün daha 2 milyon manat vəsait ayırması Möhtərəm Prezidentimizin astaralılara böyük diqqət və qayğısı, sonsuz məhəbbəti deməkdir.
Ölkəmizdə elmə, təhsilə olan dövlət qayğısı da böyükdür. Hər il onlarla məktəb binası tikilib istifadəyə verilir. Son illər rayonumuzda da 30-dan çox yeni məktəb binası tikilmiş, yaxud əsaslı təmir edilərək istifadəyə verilmişdir. Hazırda 5 məktəb binasının tikintisinə başlanmış, daha bir neçəsinin tikintisi üçün ilkin sənədlər hazırlanmışdır. Bütün bunlar müstəqil Azərbaycanımızın tərəqqisi, inkişafı, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət edən işlərdir.
Bu gün açılışına yığışdığımız Astara şəhər 2 saylı uşaq bağçası-körpələr evi rayonumuzda əsaslı təmir olunan ilk məktəbəqədər müəssisədir. Bu gözəl məkanda uşaqların məktəbəqədərki hazırlığı üçün ideal şərait yaradılmışdır. Bu xeyirxahlıq və qayğıkeşliyə görə bütün Astara camaatı adından Respublika Prezidenti möhtərəm cənab İlham Əliyevə minnətdarlıq edir, dərin hörmət və ehtiramımızı bildiririk.
Müəllim və valideynlərin, bütün şəhər sakinlərinin üzündəki minnətdarlıq hissi, körpə fidanların çöhrəsindəki sevinc və təbəssüm bizi də ürəkdən sevindirir.
Sizi əsaslı təmir edilərək yenidən qurulmuş uşaq bağçası-körpələr evinin istifadəyə verilməsi münasibətilə bir daha təbrik edir, arzu edirik ki, buradan pərvazlanan körpələr dövlətimizin və xalqımızın ən layiqli və ləyaqətli övladları kimi yetişsinlər.
Tədbir kütləvi informasiya nümayəndələri tərəfindən izlənmiş, çəkilişlər edilmişdir.