Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Kakalos kəndində səyyar qəbul və görüş

01 dekabr 2016 | 16:00

Dekabrın 1-də Kakalos kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, kənd təsərrüfatı ilə məşğul olan təşkilatların iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə ictimaiyyətin nümayəndələri, fermer və sahibkarlar onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqlarla əlaqədar rayonda, o cümlədən Kakalos kəndində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat vermiş, görüş iştirakçılarını əsas diqqəti kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi üçün həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət etmişdir.
RİHB-nın Kakalos kəndi üzrə  nümayəndəsi Cəfər Əhmədov çıxış edərək ərazidə görülən geniş quruculuq və abadlıq işləri barədə ətraflı məlumat vermiş, xüsusən əkin sahələrinin dövriyyəyə buraxılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan problemlər və çıxış yolları barədə fikirlərini bildirmişdir. Qeyd olunmuşdur ki, Kakalos kəndində 663 hektar pay torpağı sahəsinin 435 hektarında əkin aparılmışdır.  Ötən mövsümdə ərazidə 6 hektarda çəltik, 30 hektarda dənli bitkilər, 60 hektarda kələm və digər tərəvəz əkinləri keçirilmişdir. Növbəti mövsümdə əlavə 25 hektarda çəltik və 22 hektarda dənli bitkilər əkini nəzərdə tutulmuşdur. Hazırda nümayəndəliyin ərazisində 121 hektarda payız şumu aparılmışdır. Bütün bunlarla yanaşı ərazidə  torpaq sahələrinin xeyli hissəsində əkin aparılmaması  narahatlıq doğurur. Kolatan kəndində sahibkarlar  tərəfindən əkilmiş 60 hektar kələm sahəsinin suvarılmasında çətinliklər vardır. Gələcəkdə həmin ərazidə artezian quyusunun qazılması üçün tədbirlər görülməlidir. Kənd təsərrüfatının inkişafı üçün əkin sahələrinə gedən yolların texnikanın hərəkəti üçün açılması, kanalların istiqaməti üzrə dəyişdirilməsi, texnikadan və gübrələrdən səmərəli istifadə edilməsinə şərait yaradılması və digər bu kimi məsələlərə köməklik göstərilməlidir.
Əvvəlki səyyar qəbul və görüşdən sonra nümayəndəliyin ərazisində bir sıra abadlıq və quruculuq işləri aparılmışdır. Uzun illər idi ki, Qamışlı və Kolatan ərazilərində intensiv yağan yağışlardan sonra əkin və fərdi təsərrüfatlar ciddi ziyan çəkirdi. Bu problemin aradan qaldırılması məqsədilə bir kilometrdən artıq suötürücü kanallar lil-palçıqlardan təmizlənmişdir. Hazırda Suvarma Sistemləri İdarəsinin texnikası bu istiqamətdə işləri davam etdirir. Ərazidə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün sıradan çıxmış 10 kilovatlıq 55 ədəd, 0,4 kilovatlıq 30 ədəd elektrik hava xətlərinin dirəkləri və 2 kilometr elektrik xətti yenisi ilə əvəz olunmuşdur.
Görüşdə qəsəbə sakinlərindən Əlikişi Əliyev, Paşa Əkbərov, Allahverən Eynullayev, Sultanağa Ələsgərov, Allahbaxış İsgəndərov və başqaları çıxış edərək onları narahat edən problemlər, kənd təsərrüfatının inkişafı üçün vacib olan məsələlər barədə tənqidi qeyd, təklif və rəylərini bildirmişlər. Onlar əkin sahələrinə gedən yolların açılması, suötürücü kanalların təmizlənməsi, kənd ara yollarının təmiri, kənd təsərrüfatı texnikası və gübrələrlə təminat sahəsində müvafiq köməklik göstərilməsi və digər məsələləri diqqətə çatdırmışlar.
Kənd Təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov çıxış edərək rayonda əkinçiliyin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, çayçılığa, çəltikçiliyə və baramaçılığa diqqətin artırılmasının vacibliyi, bu sahədə əvvəllər toplanılmış təcrübədən geniş istifadə edilməsi, kənd sakinləri tərəfindən qaldırılan məsələlər barədə fikirlərini bildirmiş, kənd təsərrüfatı sahələrinin inkişafı üçün onlara bundan sonra da hərtərəfli kömək göstəriləcəyini, kənd təsərrüfatı texnikası, gübrə və dərmanlara olan tələbatın ödənilməsi üçün konkret tədbirlər görüləcəyini nəzərə çatdırmış, texnikadan  istifadə olunarkən və gübrə satışı ilə əlaqədar mövcud qiymətlər barədə  məlumat vermişdir. İlk dəfə əkilən torpaq sahəsinin hər hektarının şumlanması üçün 70 manat, ikinci dəfə əkilən torpaq sahəsinin hər hektarı üçün 60-50 manat ödəməklə kənd təsərrüfatı texnikasından istifadə etmək üçün aqroservis xidmətinə müraciət edilməsini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş zamanı qaldırılan bütün məsələlərin diqqətlə araşdırılacağını, geniş təhlillər aparılacağını, xüsusən kənddə əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi köməkliyin göstəriləcəyini qeyd etmişdir. Yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, ənənəvi əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. İcra başçısı Kakalos kəndində əvvəllər kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər qazanıldığını, bu sahədə zəngin təcrübə toplamış mütəxəssislərin qüvvəsindən istifadə edilməsini  diqqətə çatdırmışdır.   Rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi, Kakalos kəndində də kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən baramaçılığın inkişafı üçün əlverişli şərait olduğunu diqqətə çatdıran icra başçısı bu məqsədlə ərazidə mühafizə olunan sahələrdə tut tinglərinin əkilməsinin və bu işə sakinlərin hamılıqla qoşulmasının vacibliyini bildirmişdir. Kənd sakinləri bir neçə ildən sonra həmin tut ağaclarının yarpaqlarından istifadə etməklə bol barama məhsulu yetişdirməyə nail olacaqlar. Bu gəlirli sahədən geniş şəkildə istifadə etmək üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır.  Kakalos kənd inzibati ərazi nümayəndəliyinə daxil olan bütün kəndlərdə əhali imkan daxilində pay torpaqlarını birləşdirməklə kənd təsərrüfatının inkişafında daha yüksək nəticələr qazana bilərlər. Unutmaq lazım deyil ki, gələcəkdə torpaqlardan səmərəli istifadə etməyənlər haqqında ciddi inzibati tədbirlər görüləcək, torpaqlar  onlardan alınaraq daha səmərəli istifadə edənlərə veriləcəkdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən çəltikçiliyin, çayçılığın, sitrusçuluğun və baramaçılığın daha geniş şəkildə yayılması məqsədilə geniş izahat və maarifləndirmə işləri aparılır. Rayonun ən iri yaşayış məntəqələrindən olan Kakalos kəndində də bu sahələrin inkişafı üçün əlverişli şərait vardır. Kəndin ərazisində əvvəlki illərdə yüzlərlə hektarda çay plantasiyaları salınmış, çəltik əkinləri keçirilmişdir. Fermer və sahibkarlar dövlətin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bu əkin növləri üzrə kəndin  əvvəlki şöhrətini geri qaytarmaq üçün bütün qüvvələri səfərbərliyə almalıdırlar.
Sizə bu işdə uğurlar arzulayıram.

 

Keçidlər