Şiyəkəran kəndində səyyar qəbul və görüş
6 mindən çox əhalisi olan Şiyəkəran kəndində kənd təsərrüfatına yararlı olan torpaq sahələrindən səmərəli istifadə olunur. 2016-cı ildə həyətyanı və pay torpaqlarında 54 hektarda kartof, 28 hektarda qarğıdalı, 53 hektarda xiyar, 95 hektarda pomidor, 40 hektarda buğda, 10 hektarda çəltik əkini aparılmış, 60 hektar meyvə bağı salınmışdır. Ümumilikdə kəndin ərazisində 810 hektarda əkin aparılmışdır ki, bu da əvvəlki ildəkindən 84 hektar çoxdur.
Dekabrın 28-də Şiyəkəran kəndində səyyar qəbul və görüşdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ərazidə aparılan geniş abadlıq və quruculuq işləri, qaldırılan məsələlərin və mövcud problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlər, əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsi barədə razılıqla söhbət açmışdır.
Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Tofiq Əliyev icra başçısının kənd sakinləri ilə keçirdiyi görüş zamanı verilən təkliflərin və qaldırılan məsələlərin operativ şəkildə yerinə yetirilməsinə göstərdiyi köməyə görə bütün sakinlər adından razılığını bildirmiş, rayon icra hakimiyyətinin başçısını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, 2016-cı ildə kəndin meydan məhəlləsindən Şiyəkəran 1 saylı tam orta məktəbinə gedən yol asfaltlaşdırılmış, kəndi yarıya bölən Pensərçay üzərində asma körpü salınmışdır. Kənd qəbiristanlığınin ərazisi genişləndirilərək bura 500 maşından çox torpaq daşınmışdır. Həllini gözləyən ən vacib məsələlərdən biri də Şiyəkəran kənd 1 saylı tam orta məktəb binasının və uşaq bağçasının əsaslı təmir edilməsidir.
Səyyar qəbul və görüşdə çıxış edən ağsaqqallar Əsgər Zeynalov, Əziz Dadaşov, Kazım Əliyev, şəhid atası Kərimağa Əliyev, müəllimlərdən Həbib Həbibov, Xalidə Dadaşova və başqaları çıxış edərək kənd sakinləri ilə növbəti görüşə gəldiyinə, vətəndaşların müraciətinə həssaslıqla yanaşdığına görə icra başçısına minnətdarlıqlarını bildirmiş, kəndin ayrı-ayrı məhəllələrinə verilən təbii qazın təzyiqinin aşağı olması, ara yolların təmiri, kanalların təmizlənməsi və digər məsələlər barədə qeyd və təkliflərini diqqətə çatdırmışlar.
Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Habil Manafov, Qaz İstismarı Sahəsinin şöbə rəisi Elşad Teymurov, Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Alim Qənbərli səyyar qəbul və görüşdə qaldırılan məsələlərin həlli ilə əlaqədar məlumat vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, son dövrdə respublikamızda ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin, sitrusçuluğun, tərəvəzçiliyin və baramaçılığın inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır. İcra başçısı Şiyəkəran kəndində əvvəllər kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində yüksək nailiyyətlər qazanıldığını, bu sahədə zəngin təcrübə toplamış mütəxəssislərin qüvvəsindən istifadə edilməsini diqqətə çatdırmışdır. Rayonumuzun digər yaşayış məntəqələrində olduğu kimi, Şiyəkəran kəndində də kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən baramaçılığın inkişafı üçün əlverişli şərait olduğunu qeyd edən icra başçısı bu məqsədlə ərazidə mühafizə olunan sahələrdə tut tinglərinin əkilməsinin və bu işə sakinlərin hamılıqla qoşulmasının vacibliyini bildirmişdir. Kənd sakinləri bir neçə ildən sonra həmin tut ağaclarının yarpaqlarından istifadə etməklə bol barama məhsulu yetişdirməyə nail olacaqlar. Bu gəlirli sahədən geniş şəkildə istifadə etmək üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. Əhali imkan daxilində pay torpaqlarını birləşdirməklə kənd təsərrüfatının inkişafında daha yüksək nəticələr qazana bilərlər. Unutmaq lazım deyil ki, gələcəkdə torpaqlardan səmərəli istifadə etməyənlər haqqında ciddi inzibati tədbirlər görüləcək, torpaqlar onlardan alınaraq daha səmərəli istifadə edənlərə veriləcəkdir. Heyvandarlıq da kənd təsərrüfatının gəlirli sahəsidir. Lakin etiraf etməliyik ki, bu sahə ilə məşğul olan vətəndaşlarımızın heç də hamısı bu işi lazımi səviyyədə qurmamışdır. Aztorpaqlı rayonumuzda heyvanların qapalı şəraitdə saxlanmasına üstünlük verilməli, tələb olunan xidmət göstərilməlidir. Yalnız belə olduğu halda lazım olan nəticəyə nail olmaq olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən çəltikçiliyin, çayçılığın, sitrusçuluğun və baramaçılığın daha geniş şəkildə yayılması məqsədilə geniş izahat və maarifləndirmə işləri aparılır. Rayonun ən iri yaşayış məntəqələrindən olan Şiyəkəran kəndində də bu sahələrin inkişafı üçün əlverişli şərait vardır. Kəndin ərazisində əvvəlki illərdə yüzlərlə hektarda çay plantasiyaları salınmış, çəltik əkinləri keçirilmişdir. Fermer və sahibkarlar dövlətin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bu əkin növləri üzrə kəndin əvvəlki şöhrətini geri qaytarmaq üçün bütün qüvvələri səfərbərliyə almalıdırlar.