Ərazi nümayəndələri hesabat verirlər
Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları yüksək mütəşəkkillik və fəallıqla keçirilir. Yığıncaqlarda ötən ildə görülmüş işlərə yekun vurulur, cari il üçün yeni vəzifələr müəyyənləşdirilir.
RİH başçısının Şuvi kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında ərazi nümayəndəsi Əbülfət Qüdrətov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, möhtərəm Prezidentimizin apardığı uğurlu iqtisadi siyasət nəticəsində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda, o cümlədən ucqar kəndlərdə geniş abadlıq və quruculuq işləri hamımızı ürəkdən sevindirir. Şuvi, Sərək, Siyatük kəndlərinə təbii qazın verilməsi, uzun illərdən bəri bərbad vəziyyətdə olan və əsas hissəsi nümayəndəliyimizin ərazisindən keçən Ərçivan-Şuvi-Qapıçıməhəllə dairəvi avtomobil yolunun asfaltlaşdırılması, Şuvi kənd tam orta məktəbi üçün 480 nəfər yerlik yeni məktəb binasının istifadəyə verilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrin inkişafına daim qayğı və diqqət yetirməsinin parlaq sübutudur.
1193 hektar ərazisi olan nümayəndəlikdə 5464 nəfər əhali və 1285 təsərrüfat vardır. Əhali əsasən sitrusçuluq, çayçılıq, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olur. Nümayəndəliyin ərazisində fəaliyyət göstərən “Astara bağları” MMC məhsul istehsalında yüksək göstəricilər qazanılmasında xüsusilə fərqlənir. Burada 200 hektara yaxın sahədə müxtəlif sitrus bağları və çay plantasiyaları salınmışdır. 200 işçi qüvvəsinin çalışdığı kollektivdə bu il bol məhsul götürülmüşdür.
Natiq qeyd etmişdir ki, nümayəndəlikdə hesabat ilində 4206 baş iribuynuzlu, 1046 baş xırdabuynuzlu mal-qara olmuşdur ki, bu da əvvəlki illərlə müqayisədə xeyli çoxdur. 200-dən çox ailə arıçılıqla məşğul olur və onlar 2500-ə yaxın arı ailəsi saxlayırlar. Arıçılarımız hər il Bakı şəhərində keçirilən satış yarmarkalarında fəal iştirak edirlər. Yola saldığımız ildə nümayəndəlikdə 13 hektarda qarğıdalı, 71 hektarda kartof, 107 hektarda tərəvəz və digər kənd təsərrüfatı əkinləri keçirilmişdir. 2016-cı ildə ərazidə abadlıq və quruculuq işləri davam etdirilmişdir. Kənd ara yolları təmir edilmiş, sel sularının qarşısını almaqdan ötrü kanallar təmizlənmişdir. Kənd investisiya layihəsi çərçivəsində Deqədi-Səlivə yolunun 6,5 kilometr hissəsi əsaslı təmir edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.
Hesabat ilində hüquq mühafizə orqanlarının işçiləri ilə birlikdə əhali arasında profilaktik söhbətlər aparılmış, bələdiyyə, dini qurumlar, qadın gənclər və veteran şuraları ilə işlər günün tələbləri səviyyəsində qurulmuşdur. Nümayəndəliyin ərazisində 2 tam orta, 1 ümumi orta və 1 ibtiadi məktəb fəaliyyət göstərir. Şuvi, Sərək, Siyatük və Deqədi kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün hər cür şərait vardır. Keçən il 4 nəfər məzun ali məktəblərə, 6 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Bunlarla birlikdə məktəblərdə tədrisin keyfiyyəti qaneedici deyildir. Hələ də şagirdlərin məktəbdən yayınma hallarına rast gəlinir. Bu sahədə mövcud nöqsanların aradan qaldırılması üçün kənd sakinləri məktəb kollektivlərinə köməklik göstərməlidirlər. Nümayəndəlikdə torpaq qanunçuluğunun pozulması, qanunsuz tikililərə qarşı mübarizə sahəsində nöqsanlar tam aradan qaldırılmamışdır. Şuvi kəndində yeni uşaq bağçasının tikintisinə, Deqədi və Səlivə kəndlərinə təbii qazın verilməsinə, Deqədi kəndinə gedən yolun üstündə körpünün inşasına ehtiyac vardır. Sekaşan kəndinə gedən elektrik xətlərinin yenidən bərpa edilməsi və transformator qoyulması üçün konkret tədbirlər görülməlidir.
Hesabat məruzəsi ətrafında çıxış edənlər – Musa Qasımov, Günel Məmmədova, Aydın Əhmədov, Əflan İbrahimov, Uğur İbrahimov, Firəngiz Əhmədova, İmaməli Məmmədov, Zülfüqar Əsgərov və başqaları rayon rəhbərliyinin gündəlik qayğısı nəticəsində ərazidə aparılan abadlıq və quruculuq işlərindən razılıqlarını bildirmiş, kənddə bankomatın quraşdırılması, artezian quyusunun qazılması, elektrik təsərrüfatının yenidən qurulması, Şuvi kəndinə gələn yolun təmiri barədə təkliflərini vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev hesabat yığıncağında çıxış edərək ulu öndər Heydər Əliyevin siyasətini uğurla yerinə yetirən ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlər barədə ətraflı məlumat vermiş, bütün dünyanı iqtisadi böhran bürüməsinə baxmayaraq Azərbaycanda iqtisadiyyatın inkişafının sabit saxlanılması üçün islahatların aparıldığını və əhalinin rifah halının yaxşılaşdırılması üçün konkret və əməli tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. Son illərdə rayonumuzun bütün yaşayış məntəqələrində geniş abadlıq və quruculuq işlərinin görülməsi, ucqar dağ kəndlərinə asfalt yolların çəkilməsi, yeni məktəb binalarının tikintisi, dənizkənarı park-bulvarın ilbəil genişləndirilməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması əhalinin ruh yüksəkliyinə səbəb olmuşdur. Göstərilən bu qayğı və diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hesabat məruzəsində ötən ilin yekunları barədə çox geniş və ətraflı məlumat verildi. Qarşıda duran vəzifələr konkret şəkildə göstərildi. Bütün bunlarla birlikdə nümayəndəliyin ərazisində həllini gözləyən məsələlər də vardır. Yığıncaq iştirakçıları tərəfindən verilən təkliflərin imkan daxilində yerinə yetirilməsi üçün səy göstəriləcəkdir. Ərazidə əkin sahələrindən daha səmərəli istifadə edilməsinə diqqət artırılmalıdır. Təhsil sahəsində mövcud nöqsanlar narahatlıq doğurur. Nümayəndəliyin ərazisində olan məktəblərin dördünün də maddi texniki bazası müasir tələblərə cavab verməsinə baxmayaraq nəticələr ürək açan deyildir. Məktəbdən yayınma hallarının davam etməsi, məktəb-valideyn əlaqələrinin zəif olması ümumilikdə təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Yeni istifadəyə verilmiş avtomobil yolunun və məktəb binalarının qorunub mühafizə edilməsi hamının diqqət mərkəzində olmalıdır.
İcra başçısı əmin olduğunu bildirmişdir ki, Şuvi ərazi nümayəndəliyinin hesabat yığıncağında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınacaq, mövcud nöqsanların aradan qaldırılması üçün təşəbbüskarlıq göstəriləcək, kənd təsərrüfatının daha sürətli inkişafı təmin olunacaqdır.