Astara şəhərində abadlıq işləri davam etdiriləcək
Yanvarın 12-də Rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr edilmiş hesabat yığıncağında ərazi nümayəndəsi Şahverən Cavadov hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, xalqımız üçün əlamətdar olan 2016-cı il artıq tarixə çevrilmiş, yeni uğurlardan soraq verən 2017-ci il ölkəmizə qədəm qoymuşdur.
Prezident İlham Əliyevin imzaladığı regionların Sosial – İqtisadi İnkişafı Dövlət Proqramları əsasında aparılan iqtisadi islahatlar Astara rayonunun, o cümlədən Astara şəhərinin dinamik inkişafında çox mühüm və əhəmiyyətli rol oynamışdır. Aparılan tikinti, quruculuq və abadlıq işləri Astaranın simasını dəyişdirmiş, iqtisadi potensialını artırmışdır.
Məruzəçi bildirmişdir ki, Astara şəhərinin 1508 ha ərazisi vardır. Bu ərazinin 24 ha dövlət mülkiyyətinə, 850 ha bələdiyyə mülkiyyətinə, 634 ha xüsusi mülkiyyətə aiddir. Şəhərdə 4016 təsərrüfat, 38 küçə vardır, şəhərin əhalisi 17508 nəfərdir. Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Qəzənfər müəllimin rəhbərliyi və köməkliyi ilə rayonumuzda, xüsusən də Astara şəhərində yenidənqurma və abadlıq işləri səngimir, getdikcə yeni vusət alır. Yeni bulvarın salınması, küçə və səkilərin müasir tələblər səviyyəsində yenidən qurulması, yaraşıqlı hasarların tikilməsi, yeni işıqlandırma sisteminin quraşdırılması, bir sözlə şəhərdə aparılan abadlıq və quruculuq işləri əhalimizin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.
Dəniz sahili boyunca salınmış park-bulvarda və cimərlik ərazisində hazırda 3 mərtəbəli hotel və 12 ədəd ikimərtəbəli kotec inşa edilir.
2016-cı ildə şəhərin ayrı-ayrı küçələrində 10 içtimai yaşayış binasının dam örtüyünün dəyişdirilməsi, blokların təmir edilməsi və həmin binalara yeni giriş qapılarının qoyulması yüzlərlə ailənin dərin rəğbətinə səbəb olmuşdur.
Möhtərəm cənab Prezidentimizin ayırdığı vəsait hesabına şəhər 2 saylı tam orta məktəb ən müasir memarlıq uslubunda əsaslı təmir edilmiş, müəllim və şaigrd kontentigentinin istifadəsinə verilmişdir.
Şəhərin küçələrinə asfalt döşənmiş, suötürücü kanallar qazılıb dərinləşdirilmiş, ərazidə yaşayan vətəndaşlar sel-suların fəsadlarından xilas edilmişdir.
İllərlə istifadəsiz qalan əkinə yararlı torpaqların dövriyyəyə buraxılması ilə 2016-cı ildə kənd təsərrüfatnın daha da inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilmişdir. Şəhər ərazisində mövcüd 816 ha torpaq sahəsinin 682 hektarında əkin keçirilmiş, baramaçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən verilmiş 1500 ədəd tut tinqləri əkilmişdir.
2017-ci ildə ötən ilə nisbətən 70 ha istifadəsiz qalan torpaqların yeni əkin sahələrinə əlavə edilməsi üçün hazırlıq işləri görülür.
Ötən hesabat ilində kənd təsərrüfatı binasının istifadəyə verilməsi, Astara - Astara dəmir yolunun çəkilməsi ilin şəhərimiz üçün uğurlu hadisələri kimi yaddaşlara həkk olundu.
Hesabat yığıncağında Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Elektik Şəbəkəsinin rəisi Alim Qənbərli, fermer təsərrfatının rəhbəri Tarif Hüseynov, şəhər 3 saylı tam orta məktəbin direktoru Adil Rzayev, Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, ağsaqqal Həbib Rəsulov və başqaları çıxış edərək hesabat dövründə şəhərdə aparılan geniş abadlıq və quruculuq işlərindən söhbət açmış, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər şəhər ərazisində yeni salınmış park-bulvarın genişləndirilməsi, məhəllə yollarının abadlaşdırılması, elektrik xətlərinin əsaslı təmiri, kənd təsərrüfatı texnikası və gübrələrlə təminatın yaxşılaşdırılması və digər məsələlər barədə təkliflər vermişlər.
Hesabat yığıncağında Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının həyatında əlamətdar hadisələrlə zəngin olan 2016-cı il uğurla başa çatdırılmışdır. Ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə hazırkı maliyyə böhranı dövründə ölkəmizin iqtisadiyyatı inkişaf edir. Bir faktı xüsusi qeyd etmək istəyirəm. Ölkə Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına əsaslı təmir olunaraq yenidən qurulan və ən müasir tibbi avadanlıqlarla təmin olunan Astara Rayon Mərkəzi Xəstəxanasının xidmətindən hazırda təkcə rayonumuzun əhalisi deyil, qonşu İran dövlətinin vətəndaşlarının da yararlanması, müayinə və müalicə üçün müraciət etməsi qürurvericidir.
Hazırki mürəkkəb şəraitdə iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün islahatlar aparılmasının, yerlərdə investisiyaların qoyuluşunun, bu işdə sahibkarların fəallığının artırılmasının, yeni iş yerləri yaradılmasının, torpaqlardan daha səmərəli istifadə olunmasının vacibliyini hamımız aydın dərk edirik. Yola saldığımız ildə rayonun hər yerində olduğu kimi, şəhər ərazisində də kənd təsərrüfatı əkinlərinə diqqət artırılmışdır. Lakin ərazidə istifadə olunmayan torpaq sahələrinin olması təəssüf doğurur. Bütün qüvvələr torpaqlardan daha səmərəli istifadə olunmasına yönəldilməlidir. Dənizkənarı park-bulvarın ikinci hissəsinin layihəsi hazırlanır. Yerli iş adamları təşəbbüskarlıq göstərməli, investisiya qoyulmasına nail olmalıdırlar. Rayonumuzun təbii şəraiti turizmin inkişafı üçün gözəl imkanlar yaradır. Son dövrdə rayona gələn turistlərin sayı xeyli artmışdır. Turizmin inkişafı üçün bütün səylər səfərbərliyə alınmalıdır. Min bir zəhmətlə başa gələn abadlıq və quruculuq işlərinin sakinlər tərəfindən mühafizəsi mühüm əhəmiyyət kəsb edir. Yaratdıqlarımızı qorumaq üçün maarifləndirmə işləri aparılmalıdır.
2017-ci ildə qarşıda bizi daha mühüm, daha şərəfli vəzifələr gözləyir. Astara şəhərində abadlıq və quruculuq işləri davam etdiriləcəkdir. Şəhər əhalisinin içməli su ilə təmin olunması üçün konkret tədbirlər görülür. Ərazidə mövcud əkin sahələrindən səmərəli istifadə olunması üçün fermerlərə hər cür qayğı və diqqət göstəriləcəkdir. Bugünkü yığıncaqda qaldırılan təkliflərin bir çoxunun icrası ilə əlaqədar aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər görüləcəkdir. İnanırıq ki, Astara şəhərinin daha da gözəlləşməsi üçün bütün vətəndaşlarımız birgə səy göstərəcəklər.