Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçusu son mənzilə yola salındı
Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.
Şəhid olmuş Fikrət Bəşirov yanvarın 15-də doğulduğu Astara rayonunun Şahağac kəndində torpağa tapşırıldı. Dəfn mərasimində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak etdilər.
Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atası Nuşirəvan Bəşirova təqdim edildi.
01 yanvar 1980-ci ildə Astara rayonunun Şahağac kəndində anadan olan Fikrət Bəşirov 1998-ci ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. O, hərbi xidmətini başa vurduqdan sonra Daxili İşlər Nazirliyinin mühafizə xidmətində işləmişdir. 2014-cü ildən könüllü olaraq müddətdən artıq hərbi xidmətçi kimi Azərbaycan Milli Ordusu sıralarında xidmətini davam etmişdir. Ailəlidir, dörd gün bundan əvvəl yeganə qız övladı dünyaya gəlmişdir.
Fikrət Nurşiravan oğlu Bəşirov torpaqlarımızın müdafiəsində göstərdiyi şücaətlərə görə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
Allah rəhmət eləsin!