Astara rayon İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun Astara şəhər sakinləri ilə səyyar qəbul və görüşü
6 aprel 2012-ci il tarixdə Mərkəzi mədəniyyət evində Astara rayon İcra hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun Astara şəhər sakinləri ilə səyyar qəbul və görüşü keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Vəfadar Bağırov iştirak etmişdir.
Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev məlumat verərək bildirmişdir ki, şəhərin 1765 ha ərazisi, 17,012 nəfər əhalisi vardır. Şəhərdə 7 tam orta məktəb, Pedaqoji Kollec, 4 uşaq bağçası-körpələr evi, 2 mədəniyyət evi, 4 kitabxana, Mərkəzi xəstəxana, eləcə də, digər idarə, müəssisə və təşkilatlar fəaliyyət göstərir.
Qeyd edildi ki, rayon İcra hakimiyyətinin başçısı Taleh müəllim qısa müddətdə şəhər sakinləri ilə dəfələrlə səmimi görüşlər keçirmiş, onların arzu və təkliflərini dinləmiş, icrasından ötrü konkret tədbirlər görmüşdür. Bu gün Astara ölkəmizin ən gözəl, ən abad, yaraşıqlı və müasir şəhərlərindən birinə çevrilmişdir. Biz Astaranı bundan da gözəl, daha yaraşıqlı görmək istəyirik. Bu işdə şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı vacibdir.
Bugünkü görüş də məhz buna xidmət edir.
İndi də rəy və təkliflərinizi dinləyək.
Şəhər sakini M.Babazadə qeyd etmişdir ki, rayon İcra hakimiyyətinin başçısı T.Qaraşovun yerlərdə ictimaiyyət nümayəndələri ilə səmimi, işgüzar, açıq görüşləri, ayrı-ayrı yaşayış məntəqələrində səyyar qəbullar keçirməsi ənənəyə çevrilmişdir. Bu gün Astara şəhər sakinləri ilə də belə görüşlərdən və qəbullardan biri keçirilir. Belə bir açıq və səmimi görüşə görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Bunu da qeyd etməyi özümə borc bilirəm ki, bu günlər bütün astaralılar, xüsusilə, şəhərimizin sakinləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Astaraya tarixi səfərinin xoş təəssüratı ilə yaşayırlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev H.Əliyev parkında inşa edilən YAP Astara rayon təşkilatı üçün yeni binanın, əsaslı təmir edilərək yenidən qurulmuş Mərkəzi xəstəxananın, Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi, ictimaiyyət nümayəndələri ilə səmimi görüşlər keçirdi.
Bizim üçün böyük fəxrdir ki, Möhtərəm Prezidentimiz Astara və astaralılar haqqında dəyərli fikirlər söyləmiş və Astaraya bundan sonra da diqqət və qayğının artırılacağını bildirmişdir. Bunun sübutu olaraq rayonumuzda abadlıq işlərinin davam etdirilməsi məqsədilə əlavə olaraq 2 milyon manat vəsait ayırmışdır.
Bütün bunlara görə astaralılar Möhtərəm Prezidentimizə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirirlər.
Mənim təklifim Astara şəhər 4 saylı tam orta məktəbin təmiri, məhəllə yollarının qaydaya salınmasından ibarətdir. Xahiş edirəm təklifimi nəzərə alasınız.
Şəhər sakinləri Mirzəzadə Gülnarə şəhər 1 saylı uşaq bağçası-körpələr evinin istiqaməti üzrə fəaliyyətinin bərpası, şəhər 3 və 4 saylı uşaq bağçası-körpələr evinin əsaslı təmiri, Kənan Cabbarov şəhər 2 saylı tam orta məktəbin əsaslı təmiri, Yük Terminalının ətrafında abadlıq yaradılması, Sevda Şiriyeva yaşadığı ictimai binanın əsaslı təmiri, şəhər 5 saylı tam orta məktəbin qarşısındakı küçədə təhlükəsizlik üçün tədbir görülməsi, İqbal Qurbanov şəhərin tarixi küçəsi olan Qum küçəsinin təmirinin başa çatdırılması, Xuraman İbadova yeni salınmış məhəlləyə qaz xəttinin çəkilişinə köməklik göstərilməsi və digər məsələlər barədə müraciətlər etmişlər.
Təklif və müraciətlər diqqətlə dinlənmiş, icrası qısa müddətdə mümkün olan məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilmiş, digər məsələlərin icrası nəzarətə götürülmüşdür.