Astarada 20 yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 20 yanvar qırğınından 27 il keçməsinə baxmayaraq qədirbilən xalqımız hər il bu faciə qurbanlarının xatirəsini yad etməyi özünün müqəddəs borcu hesab edir.
20 yanvar 2017-ci il tarixdə Astara rayonunda qanlı yanvar faciəsi qurbanlarının xatirəsi böyük ehtiramla yad edilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan xalqının tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin qanlı qış gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 134 nəfər əliyalın, günahsız insan amansızcasına qətlə yetirilmiş, 800-ə qədər adam yaralanmışdır. Həmin qanlı terrorda iki nəfər astaralı - Əliyev Çingiz Mirzəhüseyn oğlu və Əsgərov Novruz Faiq oğlu imperiya əsgərlərinin gülləsinə tuş gəlmişlər.
Böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 yanvar faciəsi, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirmişdir.
Qanlı yanvar faciəsi törədilən günlərdə Moskva şəhərində yaşayan Azərbaycanın qeyrətli, qorxmaz, mərd və mübariz oğlu Heydər Əliyev heç bir təzyiqdən və təqibdən çəkinməyərək, özünün və əzizlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə siyasi qiymət verilməsi tələbi ilə bəyanat vermişdir. Bu, xalqının başına gətirilən dəhşətli müsibətlərdən hiddətlənmiş bir tarixi şəxsiyyətin, siyasi xadimin Azərbaycan həqiqətləri ilə dünyanı silkələyən mərd, mübariz, böyük vətəndaş çağırışı idi.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilməmiş, həmin faciədə həlak olan vətən oğulları şəhidliyi ilə Azərbaycan tarixinə parlaq səhifə yazmışlar.
Tədbir iştirakçıları tərəfindən Şəhidlərin Xatirə Kompleksində astaralı şəhidlərin lövhələri önünə tər qərənfillər qoyularaq Vətənin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur.
Ziyarətə gələnlər Şəhidlərin Xatirə Kompleksinin qarşısında 20 yanvar faciəsinə həsr olunmuş stend və rəsm sərgiləri ilə tanış olmuşlar.
Tədbir iştirakçıları Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında şair Mərasim Hacızadənin 2017-ci ildə çap etdirdiyi Astara şəhidlərinə həsr olunmuş “Əbədiyyət yolçuları” kitabının təqdimat mərasimində iştirak etmişlər.
Tədbiri giriş sözü ilə kitabın müəllifi Mərasim Hacızadə açaraq qeyd etmişdir ki, bu gün şəhid ailələrinə təqdim olunan kitab hər bir şəhidin qəhrəmanlıq yolunun bədii salnaməsidir. Mən özümü xoşbəxt sayıram ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman astaralıların xatirəsinə az da olsa öz töhfəmi verməyə nail olmuşam. Rayonumuzun 82 nəfər şəhid övladı Vətən torpağını, yurd yerini qorumaq üçün sinələrini düşmən gülləsinə sipər etmişlər.
Müəllif qeyd etmişdir ki, nəfis tərtibatlı bu kitabın nəşrinə təşəbbüskarlıq göstərən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə, kitabın işıq üzü görməsinə göstərdiyi dəstəyə görə Milli Məclisin rayonumuzdan seçilmiş deputatı, tibb elmləri doktoru, əməkdar həkim, “Tərəqqi” medallı, “Qızıl Çinar” mükafatı laureatı Rəşad Mahmudova geniş oxucu kütləsi, şəhid ailələri və öz adımdan dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Təqdimatda çıxış edən rayon ziyalıları- Şahverən Cavadov, Sabir Fətullayev, şəhid valideynləri İsaq Məmmədov, Bayraməli Qasımov, Famil Teymurov və başqaları istedadlı şair və publisist, 7 kitab müəllifi Mərasim Hacızadənin gərgin zəhməti hesabına başa gələn “Əbədiyyət yolçuları” kitabının yüksək bədii məziyyətləri barədə fikirlərini bildirmiş, hər bir şəhid ailəsində şəxsən olaraq, belə bir qiymətli əsəri ərsəyə gətirdiyinə görə razılıqlarını bildirmişlər. Şəhidlərə həsr olunmuş belə bir kitabın 20 yanvar ümumxalq hüzn günündə hər bir şəhid ailəsinə təqdim olunması böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Saat 12 : 00-da rayon ərazisində bayraqlar endirilmiş, nəqliyyatın hərəkəti dayandırılaraq 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.