Astara rayonunda 2016-cı ilin nəticələri müzakirə olunmuşdur
Fevralın 17-də rayon İcra hakimiyyətində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında rayon icra hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilmiş, önünə gül qoyulmuşdur.
Yığıncaqda geniş hesabatla çıxış edən Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Natiq məruzəsində qeyd etmişdir ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövləti ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində yüksək inkişaf mərhələsinə çatmışdır. Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün sahələrdə sürətli inkişafın davam etməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yaxşılaşdırılmasına böyük imkanlar yaradır.
Ötən il ümumi daxili məhsul və qeyri-neft sənayesi artmış, ölkəyə investisiya qoyuluşunun həcmi yüksəlmiş, sosial obyektlərin inşası uğurla təmin edilmişdir. Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsi, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açmış, ölkəmizi regionda lider dövlətə çevirmişdir.
2016-ci ildə rayonumuzda da bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 5 milyon 206 min manata qarşı 5 milyon 227 min manat icra olunmuş, bu da 100,4 % təşkil edir. Yerli xərclər isə 18 milyon 709 min manata qarşı 18 milyon 240 min manat icra olunmuş, bu da 97,5 %-ə bərabərdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzi büdcədən 13 milyon 300 min manat dotasiya alınmışdır
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən illə müqayisədə 14 faiz artaraq 205 milyon 220 min manata çatmşdır.
Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1938 manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə sənayedə 15 faiz azalma, kənd təsərrüfatında 6 faiz, tikintidə 45 faiz, ticarət və xidmətlər sahəsində 3,5 faiz, nəqliyyat sahəsində 13 faiz, informasiya və rabitə sahəsində 14 faiz artım müşahidə edilmişdir.
Son illərdə rayonda 8250 iş yeri açılmış, bunun da 7500-dən çoxu daimi iş yeridir. İl ərzində rayonda 990 yeni iş yeri açılmışdır.
Hesabat ilində tikinti-quruculuq və abadlıq sahəsində də rayonda müəyyən işlər görülmüşdür. 860 şagird yerlik Astara şəhər 2 saylı tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi və rayon kənd təsərrüfatı idarəsi üçün yeni binanın tikintisi, Pensər kənd və Ərçivan qəsəbəsində çaylar üzərində piyada körpülərinin təmiri başa çatdırılaraq istifadəyə verilmişdir. Şəhər ərazisində yerləşən mənzil fonduna daxil olan 11 çoxmənzilli yaşayış binasınin blok və fasadında təmir işləri yekunlaşdırılmış, bu da həmin binalarda yaşayan sakinlərin razılığına səbəb olmuşdur.
Rayona gələn turistlərin və qonaqların maraqlı istirahət etmələrindən ötrü bulvara yaxın ərazidə mövcud binalar yenidən qurularaq hotel, uşaq əyləncə mərkəzi və ictimai-iaşə obyektlərinin tikintisi davam etdirilir.
Cənab Prezidentin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair müvafiq Sərəncamının icrası olaraq rayonda mənzil növbəsinə alınmış 4 ailə üçün fərdi yaşayış evləri tikilərək onların istifadəsinə verilmişdir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi də il ərzində davam etmişdir. Yerli əhəmiyyətli Vaqo, Təngərüd və Səncərədi kənd daxili yollarında 13 min kv.m yol asfaltlaşdırılmışdır. Azərbaycan Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə rayonun Kijəbə qəsəbə, Siyaku və Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə avtomobil yolları təmir edilmiş, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi hazırda davam edir.
Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar Xanbulançay su anbarından Astara şəhərinə çəkilən, lahiyə üzrə ümumi uzunluğu 28 min 700 metr olan içməli su boru xəttinin 17 min 400 metr hissəsində tikinti quraşdırma işləri başa çatdırılmışdır. Bu il şəhərin yeni layihə üzrə su təchizatının təmin edilməsi gözlənilir.
Rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, əvvəlki illərdə qazlaşdırılmamış Şağlazüzə kəndinə təbii qazın verilməsi təmin olunmuş, rayon üzrə ümumi quraşdırılmış sayğacların sayı 16 min 330-a çatdırılmışdır.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Ümumilikdə 960 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 11 ədəd köhnə transformatorlardan ibarət şəbəkə yeni müasir tipli şəbəkə ilə əvəz olunmuşdur. Hazırda Kijəbə qəsəbəsi və ətraf yaşayış massivlərini elektrik enerjisi ilə təmin edən Lovayın yarımstansiyasının əsaslı təmirində tamamlanma işləri aparılır. Görülən işlərlə yanaşı rayon elektrik şəbəkəsinin fəaliyyətində nöqsanlar da vardır. Kiçik məhəllələrdə elektrik dirəklərinin dəyişdirilməsi zamanı təmir adı ilə böyük bir ərazidə enerji verilişinin kəsilməsi, bəzən səbəbsiz olaraq fasilələrlə verilməsi böyük narahatlıq yaradır və nəticədə bu kimi hallar enerji haqlarının yığımına mənfi təsir göstərir.
Rayon Elektrik Şəbəkəsi və Astara Xidmət Sahəsi qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirməli, əhalinin dayanıqlı elektrik enerjisi və təbii qazla təmin edilməsindən ötrü işini daha səmərəli qurmaqla qarşıya qoyulan vəzifələrin icrasına nail olmalıdır.
Rayon telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 754 min manat təşkil etmiş, bu da ötən illə müqayisədə 24 min 546 manat çox olmuşdur. Qovşaqda genişzolaqlı internet xidmətləri lahiyəsi əsasında xətt şəbəkəsi genişləndirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin 4 milyon 720 min manat olan proqnoz planı müəssisə tərəfindən 100 % icra edilmişdir. İl ərzində pensiya və müavinətlər tam ödənilmişdir. Ünvanlı sosial yardım alan ailələrin sayı 4921 nəfər olmuşdur. Ünvanlı sosial yardımların təyinatının elektronlaşdırılması ilə bağlı qanunvericiliyə edilmiş dəyişiklikdən sonra vətəndaşlar əvvəlki kimi çətinliklərlə üzləşməyərək elekron müraciətlər əsasında ailələrinə ünvanlı sosial yardımlar təyin olunur.
Rayon Məşğulluq Mərkəzində 2016-ci il ərzində 1049 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 660 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. İl ərzində 21 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilmişdir.
Rayonda fəaliyyət göstərən 63 ümumtəhsil məktəbində ümumilikdə 17 min nəfər şagird təhsil alır. Tədris ilini başa vuran 832 məzundan 185 nəfəri respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşdur. Möhtərəm Prezidentin Sərəncamı ilə Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi respublikanın “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Ölkə başçısının tapşırığına əsasən Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” şüarı altında rayonun IX-XI sinif şagirdləri Gəncə, Şəmkir, Göygöl rayonlarında səfərdə olmuş, ərazinin müasir həyatı, zəngin mədəniyyəti, sosial-iqtisadi və mədəni inkişafı ilə tanış olmuşlar.
Eyni zamanda həmin rayonlardan və Bakı şəhərinin rayonlarından olan şagirdlərin bir qrupu Astarada olmuş, rayonun görməli yerləri ilə tanış edilmişlər.
Rayonun ümumtəhsil məktəblərində aparılan yoxlamalar zamanı bəzi hallarda müxtəlif fənlər üzrə dərs saatlarının qeyri-ixtisas müəllimlərinin adına tarifləşməsi, dərnəklərin təşkili, fakültativ məşğələlərin aparılmasında nöqsanlar aşkarlanmışdır. Ümumtəhsil məktəblərinin əsasən yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti qənaətbəxş olmamışdır. Narahatlıq doğuran amillərdən biri də rayonun bir çox ümumtəhsil məktəblərində şagirdlərin, bəzi hallarda isə müəllimlərin qeyri-ənənəvi geyimdə məktəbə gəlməsi olmuşdur. Mövcud vəziyyətlə əlaqədar məktəb rəhbərlərinə bildirilən iradlardan sonra həmin məktəblərdə qeyri-ənənəvi geyimlərlə məktəbəgəlmə halları aradan qaldırılmışdır. İşlərində nöqsanlara yol verdiklərinə görə Astara şəhər 3, 6 saylı, Ərçivan qəsəbə 4 saylı, Pensər kənd 1, 2 saylı, Lovayın, Siyaku, Qəcimardə, Şəmətük məktəbinin direktorları tutduğu vəzifələrindən azad edilmişlər.
Rayon təhsil şöbəsinin rəhbərliyi ümumtəhsil məktəblərində təlim-tərbiyə və tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində məktəb direktorlarına qarşı tələbkarlığı artırmalı, bu sahədə yol verilmiş nöqsanları aradan qaldırması üçün lazımi tədbirlər həyata keçirməlidir.
Hesabat ilində rayon əhalisinə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, rayon Mərkəzi Xəstəxanası yeni tibbi cihaz və avadanlıqlarla təmin olunmuş, Pensər kənd sahə xəstəxanası və Şiyəkəran kənd həkim məntəqəsinin dam örtüyü dəyişdirilmişdir.
Ölkə rəhbərinin göstərişinə əsasən ötən ilin 17 fevral tarixindən 15 may tarixinə kimi rayon Mərkəzi Xəstəxanasında və yerlərdəki tibb müəssisələrində əhalinin tibbi müayinəsi keçirilmişdir. Bu aksiyadan xeyli insan yararlanmış, müayinə zamanı xəstəlik aşkar edilmiş 8730 nəfər müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb edilmişlər. Bundan əlavə rayon İcra Hakimiyyəti və Əlil Sahibkarlar İctimai Birliyinin təşkilatçılığı ilə 30 nəfər rayon sakini Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinə göndərilmiş, burada pulsuz müayinə olunmuşlar.
Rayon əhalisinin mədəni istirahətinin, asudə vaxtının səmərəli keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri əlamətdar günlərdə yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər. Aparılan geniş quruculuq abadlıq işləri ilə turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yollarının asfaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin axını başlanmışdır. Əvvəlki illərlə müqayisədə rayona gələn turistlərin sayı xeyli artmışdır. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilmişdir ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.
Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi, gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi daim diqqətdə olmuşdur. Gənclərin hərbi vətənpərvərliyə və orduya hazırlanması məqsədilə ənənəvi olaraq “Şahin”, “Sərhəd” hərbi idman oyunları və “Gənc xilasedici yanğınsöndürən” mövzusunda tədbirlər keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, gənclərimiz ordu sıralarına həvəslə gedir, əskəri xidmətlərini ləyaqətlə yerinə yetirirlər. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır. XXXI Yay Olimpiya oyunlarında medal qazanan Azərbaycan idmançıları arasında sərbəst güləş üzrə Astara idman məktəbinin yetirməsi Cəbrayıl Həsənovun bürünc medal qazanması bizi hədsiz sevindirir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Cəbrayıl Həsənov Prezidentin “Fəxri diplomu”, məşqçisi Aslan Ağayev isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində müəyyən işlər görülmüşdür. Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Sentyabr ayında ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum rayonumuzda demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilmiş, sakinlərimizin mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz münasibətini bildirmişdir. Həmişə olduğu kimi bu dəfə də rayon əhalisi böyük fəallıq nümayiş etdirmişdir. Bütün bunlara görə rayon əhalisinə, seçicilərə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə rayonda ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
2016-cı il ərzində 1149 nəfər çağırışa cəlb olunmuş, onlardan 557 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. 2016-cı ildə rayon ərazisində 362 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 92 % təşkil etmişdir.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Səyyar Asan Xidməti il ərzində 2 dəfə rayonda olmuş və 9 xidmət növü üzrə 45 gün müddətində fəaliyyət göstərmişdir. Ümumilikdə 10 min nəfərə yaxın vətəndaşa müxtəlif fəaliyyət növləri üzrə xidmətlər göstərilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə Komissiyasının 26 dekabr 2016-cı il tarixdə geniş müşavirəsi keçirilmişdir. Müşavirədə bu sahədə görülmüş işlər müzakirə olunmuş, müvafiq irad və təkliflər səsləndirilmişdir.
2016-cı ildə rayonumuzda da kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən qanunsuz istifadə halları və korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə konkret tədbirlər görülmüşdür. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aşkarlanmış qanun pozuntuları ilə əlaqədar rayon Polis şöbəsinə 12 müraciət edilmiş, barələrində inzibati məsuliyyətə cəlb olunma və xəbərdarlıq qərarları çıxarılmışdır. Dövlət şəhərsalma nəzarəti çərçivəsində rayon ərazisində müvafiq icazə almadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilmədən yaşayış evlərinin tikintisi, habelə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahələrində özbaşına tikinti aparılması ilə əlaqədar 6 qanun pozuntusu aşkar edilmiş və fiziki şəxslər barəsində cərimə qərarları çıxarılmışdır. Qanun pozuntusu aşkar edilmiş sifarişçilərin hər birinə tikinti işlərinin dayandırılması barədə müvafiq xəbərdarlıq edilmişdir.
İl ərzində rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 84 min paqonometr suvarma və suötürücü kanallar tam bərpa edilmiş və sel-sularının normal axını təmin edilmişdir. Çoxillik əkinlərdə suvarma şəbəkəsinin bərpası məqsədilə Kijəbə qəsəbəsi ərazisində 72 hektar sahədə keçmiş qapalı suvarma şəbəkəsinin yenidənqurma işlərinə başlanılmış, polietilen borulardan yeni suvarma şəbəkəsi çəkilmişdir. Rayon ərazisindən keçən çaylarda sel sularının maneəsiz axıtmasını təmin etmək, çəltik sahələrində su itkisinin qarşısını almaq məqsədilə kanallar qazılmış, suyun itkisiz çatdırılması təmin edilmişdir. Suvarma Sistemləri İdarəsinin rəhbərliyi suya olan tələbatın ödənilməsindən ötrü məqsədyönlü işlər görməli, fermer və məhsul istehsalçıları tərəfindən əkilmiş sahələrin suvarma suyu ilə tam təmin olunmasına nail olmalıdır.
Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 300 hektar sahədə meşə bərpa tədbirləri, aparmışdır. Quru və yıxılmış ağaclardan 600 kub metr odun yanacağı tədarük edilərək ümumtəhsil məktəblərinə, xəstəxanalara, şəhid ailələri, əlil və kimsəsiz ailələrə verilmişdir. İl ərzində meşə qanunvericiliyinin pozulması ilə əlaqədar 14 min manat dəyərində qırıntı aşkar edilmiş, müvafiq tədbirlər görülmüşdür. Hazırda bəzi məktəblərimizdə odun yanacağı çatışmazlığı mövcuddur. Rayon Meşələrin Mühafizəsi və Bərpası müəssisəsinin rəhbərliyi məktəblərin odun yanacağı ilə tam təmin etməsi üçün müvafiq tədbirlər həyata keçirməlidir. Müəssisə rəhbərliyi həmçinin, meşələrin qorunub mühafizə olunması, qanunsuz meşə qırıntılarının qarşısını almaqla yanaşı dövlət meşə fondundan icarəyə torpaq götürmüş icarədarların həmin torpaqlardan müqavilə şərtlərinə uyğun səmərəli istifadəsinə nəzarəti artırmalıdırlar.
Rayonda hesabat dövründə Baytarlıq İdarəsi tərəfindən ev heyvanları arasında peyvəndlərin vaxtında və keyfiyyətli aparılmasını təmin etmək məqsədilə müəyyən işlər görülmüşdür. Aidiyyəti orqanların nümayəndələrinin iştirakı ilə peyvəndləmənin mahiyyəti barədə əhali arasında maarifləndirmə işi mütəmadi olaraq davam etdirilmişdir. İribuynuzlu mal-qara arasında xəstəliklərin yayılması səbəbindən 2016-cı ildə mal-qaranın sayı 45 min 415 baş olmuşdur ki, bu da əvvəlki illə müqayisədə azdır. Xəstəliklərin qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirilmiş, nəticədə xəstəliklərin miqyasının genişlənməsinin qarşısı əsasən alınmışdır. Bununla bağlı rayon Baytarlıq İdarəsinin rəhbərliyi işində dönüş yaratmalı, eyni zamanda mal-qara sahibləri də təsərrüfatlarında olan heyvanların qapalı şəraitdə saxlanmaqla gigiyenik qaydalara riayət etməlidir.
Rayonda arıçılığın inkişafı istiqamətində görülmüş işlər nəticəsində ümumilikdə arı ailələrinin sayı 10 minə çatdırılmış, 70 ton bal məhsulu istehsal edilmiş, bazar və yarmarkalarda satışı həyata keçirilmişdir.
Məlumat üçün bildirirəm ki, cənab Prezidentin Sərəncamı ilə ilk dəfə olaraq yaradılmış Azərbaycan məhsullarının vahid məlumat bazası “azexport.az” və “tədarük.az” portalları vasitəsilə iş adamları istehsal etdikləri məhsullar barədə məlumatlar yerləşdirməklə, məhsul satışını və ixracını realizə edə biləcəklər.
Son illər ölkəmizdə İqtisadiyyatın şaxələndirilməsi bütün digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaratmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının kənd təsərrüfatının inkişafına yeni təkan verilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi məqsədilə rayon Kənd Təsərrüfatı İdarələri yaradılmış, aqrar sahənin inkişafına dövlət dəstəyi daha da artmış, bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, fermer və kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardımlar verilir, ən başlıcası isə uzun illərdir ki, fermerlər torpaq vergisi istisna olmaqla bütün digər vergilərdən azaddırlar. Bütün bunlar isə, heç şübhəsiz, ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, əhalinin məşğulluğunun təmin edilməsinə və güzəranının yaxşıladırılmasına hesablanmış addımlardır. Ötən ildə 515 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 65 min 800 manat subsidiya verilməsi təmin edilmişdir.
Cənab Prezidentin kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi və səmərəli istifadə olunması ilə bağlı verdiyi tapşırıqlar qarşımızda duran ən vacib vəzifələrdəndir. Bu vəzifələrin icrası ilə əlaqədar əkinə yararlı torpaqların məqsədli təyinatına uyğun istifadə olunması istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Bununla bağlı kənd təsərrüfatı məhsulları istehsalçıları, fermerlər və ailə təsərrüfatlarının başçıları ilə ərazilərdə mütəmadi görüşlər keçirilmiş, kənd təsərrüfatı ənənələrinin bərpa olunmasına, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının müsbət əhəmiyyəti istiqamətində geniş izahat, təbliğat və maarifləndirmə işləri aparılmış, çağırışlar edilmiş və bu gün də bu tədbirlər davam etdirilir. Aqrar sahənin inkişafına dövlət dəstəyinin artırılması, rayon İcra Hakimiyyətinin səyləri və rayon üçün ixtisaslaşmış sahələr olan çayçılıq, sitrusçuluq, çəltikçilik və heyvandarlığın rentabelli olması vətəndaşlarda bu sahəyə olan marağı daha da artırmışdır.
Vətəndaşlarla aparılmış maarifləndirmə izahat işləri nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artırılmışdır. Rayonda ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliyin inkişafı sahəsində qazanılan uğurlar diqqəti cəlb edir. Sevindirici haldır ki, keyfiyyətli və ekoloji təmiz Astara düyüsü bazarlarda öz layiqli yerini tutmuş, ətirli və dadlı düyüyə olan tələbat xeyli artmışdır. Odur ki, kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafından ötrü bütün qüvvələr səfərbərliyə alınmalıdır. Bərəkətli torpaqlarımızda yetişdirilən məhsullar, xüsusilə çay, çəltik, sitrus həm faydalı həm də gəlirli olduğuna görə bu sahəyə fermer və iş adamları daha çox diqqət yetirməlidirlər. Çəltik sahələrinin qarşıdakı illərdə 1000 hektara çatdırılması hədəfinə çatmalıyıq. Bu sahələrlə məşğul olan fermer və fiziki şəxslərə dövlət tərəfindən hərtərəfli yardım və köməklik göstəriləcəkdir. 2016-cı ildə çəltik əkini aparılmış 133 hektar sahədən 543 ton çəltik yığılmış, məhsuldarlıq 41 sentner olmuşdur. Bu əvvəlki illə müqayisədə 2.1 dəfə çoxdur. Eyni zamanda tərəvəz sahələrində də yüksək məhsuldarlıq əldə olunmuşdur. Hesabat ilində 3 min ton dənli və dənli paxlalılar, 11 min ton kartof, 41 min ton tərəvəz, 46 min tondan çox meyvə və giləmeyvə, 4 min tona yaxın diri çəkidə ət, 30 min tondan çox süd istehsal olunmuşdur.
Rayon ərazisində 2017-ci ilin məhsulu üçün 1000 hektardan çox payızlıq şumu aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3.5 dəfə çoxdur.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 345 hektara çatdırılmışdır. Bunun 192 hektarını məhsuldar çay sahələri təşkil edir. 2016-cı il ərzində çay plantasiyalarından ümumilikdə 646 ton yaşıl çay yarpağı yığılaraq çay emalı müəssisələrinə təhvil verilmişdir. Bu da əvvəlki ildəkindən 224 ton çoxdur. Bu sahədə aparılan təbirlər nəticəsində gələcəkdə 1000 hektar torpaq sahəsində çay plantasiyalarının salınması nəzərdə tutulmuşdur.
Rayonda sitrus meyvələrinin istehsalında müsbət dinamika müşahidə edilmiş, sitrus bağlarından ümumilikdə 43 min 215 ton məhsul yığılmışdır ki, bu da keçən illə müqayisədə 7 min ton çoxdur. 72 hektar yeni sitrus bağı salınaraq əkin sahəsi ümumilikdə 2285 hektara çatdırılmışdır.
Rayona dövlət hesabına 18000 ədəd tut tingi gətirilmiş və ayrı-ayrı ərazilərdə əkilməsi təmin edilmişdir. Rayonun əkin sahələrinin genişləndirilməsindən ötrü lizinq yolu ilə əldə edilmiş texnika sahibləri ilə müvafiq işlər aparılmış, fermer və əkinçilərə yaxından köməklik göstərilməsindən ötrü tövsiyələr verilmişdir. 2016-cı ildə cəmi əkin sahəsi 7225 hektar olmuş, bu da əvvəlki illə müqayisədə 570 hektar çoxdur.
Qeyd olunan işlərlə yanaşı, müəyyən nöqsan və çatışmazlıqlar da olmuşdır. Bu nöqsanların aradan qaldırılması məqsədilə müvafiq komissiya yaradılmış əkilməyən torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasından ötrü konkret vəzifələr müəyyənləşdirilmişdir. Dövlət və bələdiyyə ehtiyat fond torpaqlarından icarəyə verilmiş torpaqlarda rayon Kənd Təsərrüfatı idarəsi ilə birgə uçot-inventarizasiya işləri aparılmış və araşdırma nəticəsində bir sıra nöqsan və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, dövlət fond torpaq sahəsindən icarəyə verilmiş torpaq sahələrini təyinatı üzrə istifadə etmədiklərinə və müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə mövcud qanunvericiliyə uyğun müvafiq sərəncamla 8 nəfər icarəçinin icarə müqaviləsi ləğv edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ tədbirlər görülmüşdür.
2016-ci ildə rayon İcra hakimiyyətində 1509 ərizə və şikayət qeydə alınmış, o cümlədən onlardan 690-ı vətəndaşlardan, 819 ərizə isə yuxarı təşkilatlardan daxil olmuşdur. Bu dövrdə ayrı-ayrı yaşayış məntəqələrində 41 səyyar qəbul keçirilmiş, 188 nəfər vətəndaşın müraciətləri əsasında qaldırılan məsələlər yerində həllini tapmışdır.
Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri mütəmadi olaraq əhali ilə görüşlər keçirməli, müraciətlərinə həssaslıqla yanaşmalı, onları narahat edən problemləri öyrənməli, həlli üçün tədbirlərin həyata keçirilməsinə nail olmalıdırlar.
2016-cı ilin uğurlu nəticələri, ürəkaçan və qənaətbəxşdir. Lakin hələ görüləcək işlər daha çoxdur. Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. İlk növbədə rayon əhalisinin içməli su təminatı, şəhərin kanalizasiya sisteminin qurulması, Taxtanakəran-Miki və Taxtanəkəran-Toradi, Ojakəran-Tüləgüvan-Qəcimardə-Təngərüd, Kijəbə-Maşxan avtomobil yolunun əsaslı təmiri, qazlaşmayan kəndlərin qazlaşdırılması, mövcud suötürücü kanalların vaxtında təmizlənməsi, əkin sahələrinin suvarılmasının tam təmin edilməsi, rayonun elektrik təsərrüfatının yenidən qurulması işinin davam etdirilməsi, ümumtəhsil məktəbləri üçün yeni binaların tikintisi və əsaslı təmiri əsas məsələlərdəndir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik.
İcazə verin bütün astaralılar adından möhtərəm cənab Prezident İlham Əliyevi əmin edim ki, xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə ona daim dəstək olacaq, tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində var-qüvvələrimizi səfərbər edəcəyik.
İcra başçısı rayonun bütün məsul işçilərinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə bir vəzifə olaraq tapşırmışdır ki, əhali arasında tez-tez olsunlar, onların qayğı və problemlərinə həssaslıqla yanaşsınlar, qaldırılan məsələlərin, haqlı tələblərin aidiyyəti təşkilatlara operativ çatdırılmasını təmin etsinlər.
Rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, rayon Kənd Təsərrüfatı idarəsinin rəisi etibar abbasov, DSMF Astara rayon şöbəsinin müdiri Elbrus Abbasov, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Kijəbə qəsəbə sakini Əminə Həsənova, Astara şəhər sakini Firudin Quliyev, sahibkar Nazir Cahangirov, fermer təsərrüfatının rəhbəri rahim Qəhrəmanov, Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqov və başqaları tədbirdə çıxış etmiş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən, abadlaşan, müstəqil dövlətimizin qazandığı nailiyyətlərindən qürur duyduqlarını vurğulamış, ölkəmizin daha da çiçəklənməsi naminə ölkə rəhbəri ətrafında hər an sıx birləşdiklərini söyləmişlər.
Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov çıxış edərək qeyd etmişdir ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük işlər görülmüş, 2016-cı ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Ölkəmizin beynəlxalq nüfuzu artmış, aparılan islahatlar daha da dərinləşmişdir. Bunun nəticəsidir ki, dünyanın aparıcı dövlətlərinin Azərbaycana inam və etibarı getdikcə artır.
H.Əzənmədov qeyd etmişdir ki, ötən il ölkə iqtisadiyyat yüksələn xətt üzrə inkişaf etmiş, sosial layihələrin icrası təmin olunmuşdur. Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biri olmaqala Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətinə görə 37-ci yerə layiq görmüşdür.
Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam edilməsi, ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Qəbul edilmiş dövlət proqramları üzrə həyata keçirilən layihələr, şəhər, qəsəbə və kəndlərimizin abadlaşması ilə nəticələnmişdir.
Son illər müxtəlif məzmunlu mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi müstəqil dövlətimizin dünyadakı yüksək imicinin nəticəsi kimi dəyərləndirilməlidir .
Natiq qeyd etmişdir ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalmasına baxmayaraq cari ildə sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 5 faiz, kənd təsərrüfatı 2,5 faiz artmışdır. Ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur ki, bunun da 8 milyard dolları xarici investisiyadır. 2016-cı ildə sosial və sənaye infrastrukturunın yaradılması istiqamətində işlər davam etmiş, 100 mindən çox yeni iş yeri açılmışdır. Sosial obyektlərin inşası uğurla təmin edilmiş, 41 xəstəxana, 29 yeni məktəb tikilib istifadəyə verilmiş, 485 məktəb təmir edilmişdir. Hazırda uşaq bağçaları və digər vacib sosial obyektlərin tikintisi və əsaslı təmiri davam edir. Əhaliyə əmək haqqı, pensiya və sosial müavinətlərin vaxtında verilməsi təmin edilmişdir.
Ölkəmizdə ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi, hər bir rayonun sənaye və kənd təsərrüfatı potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilmişdir.
Kənd təsərrüfatı sahəsinə toxunan natiq müxtəlif sahələr üzrə konkret proqramların, layihələrin icra edildiyini, böyük vəsait, texnika ayrıldığını, subsidiyalarda düzəlişlər edildiyini vurğulayaraq bu sahənin inkişafına xüsusi diqqət yetirməyin vacibliyini bir daha qeyd etmişdir.
H.Əzənmədov yola saldığımız 2016-cı ilin bütün Azərbaycan xalqının həyatında olduğu kimi, Astara sakinlərinin həyatında da əlamətdar olduğunu vurğulayaraq, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin təqdirəlayiq olduğunu diqqətə çatdırmışdır.
Sonda yığıncağın qətnaməsi qəbul edilmiş, iştirakçılar adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni oxunmuşdur.