XX əsrin ən qanlı faciəsi-Xocalı
26 fevral 2017-ci ildə Astara rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri tərəfindən şəhidlərin xatirə kompleksinin önünə tər qərənfillər düzülmüş, şəhidlərin xatirəsi ehtiramla yad edilmişdir. İştirakçılar şəhidlərin xatirə kompleksinin önündə təşkil edilmiş Xocalı soyqırımından bəhs edən foto-sərgi ilə tanış olmuş, nümayiş etdirilən kompazisiyanı dinləmişlər.
Rayon İcra hakimiyyətinin məsul işçisi, “Xocalım ağrım mənim” kitabının müəllifi Mərasim Hacızadə Xocalı faciəsi barədə iştirakçılara məlumat verərək qeyd etmişdir ki, XX əsrin ən ağır müsibətlərindən biri olan Xocalı faciəsi bəşər tarixində analoqu olmayan qanlı soyqırımı, Azərbaycan xalqının qan yaddaşına həkk olunmuş acı bir kədər, dərin bir üzüntüdür.
25 il öncə, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri olan Xocalı soyqırımının baş verdiyi qanlı gecədə azğınlaşmış ermənilərin keçmiş SSRİ-yə məxsus və o dövrdə Xankəndində yerləşən, tərkibi erməni zabitlərindən və əsgərlərindən ibarət olan 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə 11 istiqamətdən güclü hücum etdiyini və dəhşətli terror aktı törətdiyini qeyd edən natiq, cəmi 5 saat ərzində qədim Xocalının yer üzündən silindiyini, əhalisinin dəhşətli soyqırımına məruz qaldığını vurğulamışdır. Qeyd olunmuşdur ki, həmin qanlı gecədə Xocalının yatmış sakinlərinə amansız divan tutularaq 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüş, 487 nəfər ömürlük şikəst olmuş, 6 ailə bütövlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 135 uşaq valideynlərindən birini itirmişdir. Bunların xüsusi qəddarlıqla törədilməsinə baxmayaraq, Azərbaycan xalqı bu dəhşətlərə dözərək, yenidən dirçələ bildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz fondun gərgin əməyi nəticəsində indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra ölkələrdə Heydər Əliyev fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlərin getdikcə geniş miqyas alması və Azərbaycanın gündən-günə beynəlxalq miqyasda artan nüfuzu sayəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı və Azərbaycanın işğal altında olan bütün torpaqlarının geri alınacağı günün uzaqda olmadığı qeyd olunmuşdur.