Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Astara rayonunda aprel döyüşlərinin ildönümü ilə əlaqədar tədbirlər keçirilmişdir

05 aprel 2017 | 16:00

Şanlı Azərbaycan Ordusunun düşmənin təxribatlarına cavab olaraq  tarixi qələbə qazanmasından bir il keçir. 2016-cı ilin aprel ayının əvvəllərində sarsıdıcı zərbə ilə düşmənin çoxlu  canlı qüvvəsini və hərbi texnikasını itkiyə məruz qoyan qəhrəman döyüşçülərimiz bir neçə düşmən postunu məhv edərək strateji yüksəkliklərin olduğu torpaqları azad etdilər.
Torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək şəhid olan qəhrəman oğlullarımızdan biri də Pəncəli Nurməmməd oğlu  Teymurovdur. 4 aprel 2017-ci il tarixdə aprel döyüşlərində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin giziri Pəncəli Teymurovovun doğulub boya-başa çatdığı Əzərüd kəndində bu qəhrəman Vətən oğlunun anım günü, 5 aprel tarixində Astara şəhərindəki Bayraq Meydanında aprel döyüşlərinin ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir. 
Tədbirlərdə Astara Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, məktəblilər, ziyalılar, gənclər iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova tədbiri açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin məsul işçisi, Astara şəhidləri haqqında yazılmış “Əbədiyyət yolçuları” kitabının müəllifi Mərasim Hacızadə, rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, Astara bələdiyyəsinin sədri Aygül Məmmədova, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, aprel döyüşünün iştirakçısı, Qarabağ müharibəsi əlili Orxan Əlizadə və aprel döyüşçüsü İbrahim Şərbətzadə, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Şahverən Cavadov, Asxanakəran kəndi üzrə icra nümayəndəsi Səlahəddin Əliyev və başqaları çıxış edərək  Vətən torpağı uğrunda canından keçən şəhidlərin, o cümlədən, Pəncəli Teymurovun qəhrəmanlığından, yurd sevgisindən danışmışlar.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin işğal altında olan torpaqlarımızın sülh yolu ilə geri qaytaracağına hədsiz inamlarını ifadə edərək, lazım gələrsə gənclərimizin Ali Baş Komandanın əmri ilə hər an torpaqların azadlığı uğrunda döyüşə hazır olduqlarını bildirmişlər.
Tədbirdə geniş ekranda aprel şəhidlərinin fotoları nümayiş etdirilmiş, Pəncəli Teymurovun Vətən sevgisinin sübutu kimi hələ 2013-cü ildə öz toyunda dilə gətirdiyi arzusunu əks etdirən videosüjet səsləndirilmişdir. Şəhid gizir toyunda demişdir: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu eləmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.
Pəncəli Teymurovun anası Vahimə ananın videosüjetdə səsləndirilən  “Beş oğul böyütmüşəm. Pəncəli Vətən uğrunda şəhid oldu, dörd qardaşı sağdır. Əminəm ki, oğullarımız şəhidlərimizin qanını yerdə qoymayacaq, qisasını alacaqlar. Mən oğlumla fəxr edirəm” fikirləri Pəncəlinin Vətən sevgisinin haradan qaynaqlandığını bir daha anlatdı.
Tədbirdə  məktəblilərin və tələbələrin ifasında vətənpərvərlik şeirləri, mahnıları və əsgər andı səsləndirilmişdir.

Keçidlər