2017-ci ilin birinci rübünün nəticələri müzakirə olunmuşdur
Aprelin 18-də rayon icra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
Bildirmişdir ki, birinci rübdə Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, beynəlxalq mövqelərimizin möhkəmlənməsi, ölkə daxilində proseslərin müsbət istiqamətdə getməsi, iqtisadi inkişafın təmin edilməsi, sosial məsələlərin öz həllini tapması onu göstərir ki, 2017-ci il ölkəmiz üçün uğurlu illərdən biri olacaqdır.
Birinci rübdə ölkə Prezidentinin 7 xarici ölkəyə işgüzar səfərə getdiyini, eyni zamanda, yeddi dövlət başçısının Azərbaycana səfər etdiyini vurğulayan natiq bu səfərlərin çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Davos Ümumdünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Brüsseldə Avropa Komissiyasına, Pakistan İslam Respublikasına, Qətər Dövlətinə, İran İslam Respublikasına və Fransaya uğurlu səfərlər zamanı təhlükəsizlik və siyasi məsələlər müzakirə olunmuş, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq, sərmayə qoyuluşu barədə geniş fikir mübadiləsi aparılmışdır.
Birinci rübdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olmuşdur. Müşavirədə bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağını vurğulayan cənab Prezident hazırda işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasının düşmənə torpaqlarımızın son qarışınadək azad edəcəyimizə bir mesaj olduğunu diqqətə çatdırmışdır.
2017-ci ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz, valyuta ehtiyatlarımız 1 milyard dollar artmışdır. Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollardır.
Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artmış, idxal isə 17 faiz azalmışdır. İdxalın azalması, ixracın kəskin artması ölkəmizin iqtisadi sabitliyini təmin edir.
Hesabat dövründə Azərbaycanda sosial proqramların icrası davam etmiş, 85 min yeni iş yeri yaradılmışdır. Onlardan 70 mini daimi iş yeridir.
Birinci rübdə iqtisadi, təhlükəsizlik və turizm baxımından ölkəmiz üçün çox əhəmiyyətli olan Şimal-Cənub dəhlizi ilə bağlı ərazimizdə olan bütün işlər yekunlaşdırılmış, Astaraçay çayı üzərində tikilən körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana ilk qatar keçmişdir.
Ölkəmizdə turizm sektorunun inkişafı da daim diqqət mərkəzində olmuş, yaradılmış turist şəbəkələri və müalicə mərkəzləri hesabına ölkəyə turist axını xeyli artmışdır.
Birinci rübdə Azərbaycanda 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirakı ilə Beşinci Qlobal Forum keçirilmişdir. Gələn ay isə Bakıda böyük idman bayramı olan İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Bakıda start verilmiş IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti” Naxçıvandan sonra aprelin 9-da rayonumuzda davam etmiş, maraqla qarşılanmışdır. Astara rayonunun ölkə ərazisində “Su səyahəti” tədbirinin keçirildiyi cəmi 15 rayondan biri kimi seçilməsi sevindiricidir.
Birinci rübün yekunları Astara ictimaiyyəti üçün çox əlamətdar olmuşdur. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, əkinə yararlı torpaqların əkin dövriyəsinə qaytarılması, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə müəyyən işlər görülmüş, torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilmişdir. Görülən səmərəli tədbirlər nəticəsində 2016-cı ildə çəltik istehsalı 280 ton, çay istehsalı 225 ton, sitrus meyvələri istehsalı 7300 ton, tərəvəz istehsalı 385 ton, kartof istehsalı 585 ton artmışdır. Bu il üçün daha çox torpaqlarda əkin aparılmışdır ki, bu da məhsul istehsalında böyük artımların olacağını göstərir.
2017-ci ilin I rübündə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılmışdır. Yerli gəlirlər 1 milyon 10 min manata qarşı 1 milyon 134 min manat, yerli xərclər isə 1 milyon 461 min manata qarşı 1 milyon 90 min manat icra olunmuşdur.
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi 2017-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz artaraq 31.7 milyon manata çatmşdır.
Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3635.9 min manat məbləğində vəsait yönəldilmişdir ki, onun 98 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 6.7 faiz artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 297 manat təşkil etmişdir.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda müəyyən işlər görülmüşdür. Xəzər dənizi sahili boyu Park-Bulvar və çimərlik ərazisində “AAAF Park Astara” lahiyəsi çərçivəsində idman sağlamlıq və uşaq əyləncə obyektləri tikilib istifadəyə verilmişdir. Şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası işləri davam etdirilmişdir. 2017-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin ikinci mərhələsinə başlanmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri işi də rüb ərzində davam etmişdir. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.
Respublika əhəmiyyətli Ələt-Astara avtomobil yolunun rayonumuza aid hissəsində yol çiyinləri avtoqreyderlə hamarlanmış, 9520 metr küvetlər təmizlənmiş, 9325 kv.metr yol çiyinləri çınqıl materialı ilə bərkidilmiş və 3015 kv.metr asfaltbeton qarışığından çala təmir işləri görülmüşdür. Yerli əhəmiyyətli Siyaku-Şəmətük avtomobil yolunda çınqıl materialı ilə təmir işləri görülmüş, Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka və digər yollarda küvetlər və suötürücü borular təmizlənmiş kəndlərarası yollar avtoqreyderlərlə hamarlanmşdır.
Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Qapçıməhəllə-Astara magistral su borusunda, şəhərin Aydın Məmmədov, Əhəd Muxtar və Kaverin küçələrində olan su xətti borularında, Səməd Vurğun və Nuru Paşa küçələrində olan magistral kanalizasiya xəttində olan boruda təmir bərpa işləri görülmüşdür. Nasosxanalarda mühərriklərin təmiri işləri aparılmışdır.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə çəkilən içməli su xəttinin 17424 metr hissəsində tikinti quraşdırma işləri və kənd çıxışları üçün qurğuların icrası başa çatdırılmış, hazırda burada işlər davam etdirilir.
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2017-ci ilin I rübündə daxili imkanlar hesabına 2624,4 p.m. müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri, 14 ədəd qaz tənzimləyici şkaf təmir olunmuş, 7 ədəd qaz tənzimləyici şkaf yenisi il əvəz edilmiş və 34 ədəd yeni qaz sayğacı quraşdırmaqla rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16640-a çatdırılmışdır.
Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 969 p.m. müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 86 ədəd fərdi tənzimləyici abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir. Hal-hazırda bu işlər davam etdirilir. Rayona 1 milyon 546 min manat məbləğində təbii qaz satılmış, 1 milyon 927 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin 89 %-ni təşkil edir.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Belə ki, ümumilikdə rayon ərazisində 10 kv-luq və 0,4 kv-luq hava xətlərində 173 ədəd metal dayaq basdırılmlış, 230 ədəd izolyator dəyişdirilmiş, 120 min metrdən çox naqil çəkilmiş və 7 ədəd transformator əsaslı təmir olunaraq yerində quraşdırılmışdır. Şəbəkəyə məxsus Lovayın yarımstansiyası qısa müddət ərzində “Azərişıq” ASC mütəxəssisləri tərəfindən yenidən qurularaq cari ilin fevral ayında istifadəyə verilmişdir. Hesabat dövründə istehlakçılara ötürülən elektrik enerjisi 18 mln 381min. 100 kvt saat, dəyəri isə 1mln. 198 min. 22 manat olmuşdur. Toplanmış vəsait 71 % təşkil etmişdir.
Astara Telekommunikasiya Qovşağında genişzolaqlı internet xidmətləri layihəsi əsasında rayonun Ərçivan, Kijəbə və Siyaku EATS-nin xidməti ərazisində 49 abunəçi üçün telefon xətti və sürətli internet çəkilmiş, 800 metr kabel mövcud dirəklərdə asılaraq xətt şəbəkəsi genişləndirilmiş abunəçilərin istifadəsinə verilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən əhalinin sosial müdafiəsi sahəsində dövlət siyasətinin əsas prioritet istiqamətləri səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə, yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusilə həssas qrupların sosial riskinin azaldılması sahəsində işlərini davam etdirmişdir.
2017-ci ilin I rübündə Rayon Dövlət Sığorta Filialı 8500 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə xəsarət almış əlillərə, şəhid olmuş vətəndaşların ailələrinə 16500 manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzində 2017-ci ilin I rübü ərzində 547 nəfər işaxtaran qeyri məşğul vətəndaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanların 284 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşlar ki, onların da 54 nəfərini qadınlar təşkil etmişdir. 8 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilmişdir. İşsizlik statusu alanların 3 nəfəri ali, 1 nəfəri orta ixtisas və 4 nəfəri peşə təhsilli olmuşdur.
Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 15 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilməklə təlimlərə başlamış və müvəffəqiyyətlə təlimləri başa vurduqdan sonra biznes planlarını müdafiə edərək özünüməşğulluq layihəsində uğur qazanmışlar. Hazırda həmin şəxslərin məşğulluğunun təmin edilməsində son tamamlanma işləri aparılır.
Rayonun təhsil müəssisələrində Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin mart ayının 16-dan 19-dək ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, müstəqillik illərində əldə edilmiş nailiyyətlərini dərindən öyrənilməsi məqsədi ilə keçirilən “Ölkəmizi tanıyaq” layihəsi üzrə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən 40 nəfər Quba, Qusar və Xaçmaz rayonlarında ekskursiyada olmuşlar. Həmçinin Sumqayıt, Mingəçevir, Naftalan şəhərlərinin, Siyəzən, Qubadlı, , Laçın, , Ağdaş, Quba, Xaçmaz, Ağsu, Qobustan, Qusar, Tər-tər, Şabran rayonlarının məktəbliləri rayonumuzda olmuş, tarixi- mədəni abidələrlə tanış olmuş və görməli yerlərinə ekskursiya etmişlər. Rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirməsinə daim diqqət yetirilmiş, rüb ərzində 231729 manat həcmində inventar və avadanlıqlar alınıb məktəblərə verilmişdir.
2017-ci ilin 3 ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə 33587 nəfər ambulator olaraq müraciət etmişdir. 27 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır ki, onlardan 20-si təxirəsalınmaz əməliyyat olmuşdur. 1356 nəfər xəstəyə imtiyazlı resept yazılmış, dərman preparatı ilə təmin edilmişlər.
Rayonda aqrar sahənin inkişafına diqqət nəticəsində əkinə yararlı torpaq sahələrinin dövriyyəsi xeyli artmışdır. 2016-2017-ci ilin payız qış mövsümündə 1442 hektar sahədə şum işləri aparılmışdır. Rayonda çəltikçilik, çayçılıq, sitrusçuluq və tərəvəzçilik təsərrüfatlarının genişləndirilməsindən ötrü müvafiq tədbirlər görülmüşdür. Həmin şumlanan sahələrin 400 hektarına yaxın ərazisində çəltik əkini üçün hazırlıq işləri hal-hazırda davam etdirilir. Əkin sahələrinə suvarma suyunun itkisiz çatdırılması, su mənbələri və su ötürücü kanalların təmizlənməsi işləri davam etdirilir.
2017-ci ilin məhsulu üçün 141 hektarda buğda, 33 hektar sahədə arpa , 175 hektar paxlalı bitkilər, 39 hektar qarğıdalı, 922 hektar kartof, 911 hektar faraş tərəvəz, 30 hektar bostan bitkiləri, 138 hektar sahədə yonca əkilmişdir. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hektar artmışdır.
İribuynuzlu mal-qaranın sayı 42 min 626 baş, xırda buynuzluların sayı 25 min 980 baş olmuşdur. 927.2 ton diri çəkidə ət, 7 min 539 ton süd, 2 milyon 252 min ədəd yumurta istehsal olunmuşdur.
Hesabat dövründə torpaqlardan təyinatı üzrə istifadə olunmaması, torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının tənzimlənməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər barədə torpaq mülkiyyətçilərinə bildirişlər verilmişdir. Bununla yanaşı aparılmış təbliğat-izahat işləri müsbət nəticəsini verməkdədir.
Torpaqların su təminatının yaxşılaşdırılması, sel-sularının normal axıdılması və əkin sahələrini gələcəkdə suvarma suyu ilə təmin etmək məqsədilə hesabat dövründə 19800 p.m kanal lildən təmizlənmişdir. Lovayın su anbarını su ilə qidalandıran Şuvi-Lovayın beton üzlüklü kanalda xidmət işləri aparılmış, su tutumu 6.3 milyon kub metr olan Lovayın su anbarı tam həcmdə su ilə doldurulmuşdur. Hal-hazırda hazırlıq işləri davam etdirilir.
Rüb ərzində Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsi tərəfindən 8 hektar sahədə meşə meyvə bağları salınmışdır.Əkinlər yerli şəraitə uyğun qoz tingləri ilə aparılmışdır. Hazırda müəssisədə meşələrin qorunub mühafizə olunması, yanğın təhlükəsizlik tədbirlərini həyata keçirməklə 2017-ci ilin yaz əkin kompaniyası davam etdirilir.
Gənclər və İdman İdarəsi 2017-ci ilin I rübü ərzində 32 tədbir həyata keçirmişdir. Bu tədbirlərdə ümumən 4405 nəfər gənc və idmançı iştirak etmişdir. O, cümlədən Bakı şəhərində və regionlarda gənclər və idman sahəsi tərəfindən keçirilən 19 tədbirdə 133 nəfər gənc və idmançının iştirakı təmin edilmişdir. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün imkanlarından maksimum istifadə edəcək, əhalinin rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun inkişafı üçün vacib olan tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bütün qüvvəsini səfərbər edəcəkdir.
Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vahab Vahabov, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndəsi Şadoğlan Bayramov, Astara Dəmir Yolu Stansiysının rəisi Akif Əliyev, “Araz” fermer təsərrüfatının rəhbəri Araz Rzayev, “AAAF Park Astara” MMC-nin direktor müavini Vüsal Məmmədov və başqaları çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2017-ci ilin birinci rüübndə rayonda xeyli iş görülmüşdür.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaratdığı əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir. Kənd təsərrüfatı sahələrinin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə aparılan təbliğat işləri səmərəsini verməkdədir. Həm əkin sahələrinin artırılması, həm də istehsal edilən məhsullsrın çəkisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranmış fərqlər böyükdür. Təkcə çəltik əkininin 132 hektardan 436 hektara çatdırılması, eyni zamanda 100 hektara qədər məhsuldarlığı yüksək olan sitrus bağlarının salınması, tərəvəz, dənli-paxlalı bitkilərin əkin sahələrinin xeyli genişləndirilməsi aparılan səmərəli işlərin nəticəsidir. Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq. Məqsədimiz çəltik əkinini gələcəkdə 1000 hektara çatdırmaq və mövcud çay bağlarından əlavə daha 1000 hektara qədər yeni çay plantasiyaları salmaqdırsa, bunun üçün durmadan çalışmalı, məqsədyönlü şəkildə iş aparmalıyıq.
Bələdiyyələr öz torpaqlarından səmərəli istifadə etməlidir. Bu sahədə Pensər, Kakalos, Şahağacı bələdiyyələrinin fəaliyyətini təqdirəlayiqdir. Rayonun digər bələdiyyələri də torpaqların təyinatı üzrə istifadəsinə diqqəti artırmalı, əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri və iş adamlarına lazım olan köməkliyi göstərməlidirlər.
Rayonda aparılan tikinti abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. 2015-ci illə müqayisədə 2016-cı ildə rayona gələn turistlərin sayının dəfələrlə artması bu sahədə həyata keçirilən səmərəli tədbirlərinn nəticəsidir. Lakin müasir tələblərə cavab verən hotellərin inşa edilməsi, istirahət yerlərinin genişləndirilməsi, yerli adət-ənələrə uyğun bayram tədbirləri və məhsul festifalları, maraqlı stimullaşdırıcı digər tədbirlərin həyata keçirilməsi ilə rayonumuza turist axınına öz müsbət təsirini göstərəcəkdir.
Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı birinci rübdə görülən işlərin nəticələrinə əsasən 2017-ci ilin Astara rayonu üçün yüksək inkişaf və bolluq ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.