Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Miki kəndində səyyar qəbul və görüş

20 aprel 2017 | 16:00

Rayon mərkəzindən xeyli aralıda olan Miki kəndi Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan 24 kənddən biridir. Ucqar dağlıq ərazidə yerləşən kəndin 120 təsərrüffatında 700 nəfər əhali yaşayır ki, onların əsas məşğuliyyəti sitrusçuluq, heyvandarlıq və arıçılıqdır. 

20 aprel 2017-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dağların qoynunda yerləşən Miki kəndinə əhali ilə növbəti görüşə gəlmişdi. Təbiətin qoynunda təşkil olunan görüşə nümayəndəliyin qonşu kəndlərinin sakinləri də gəlmişdilər. Bu da əbəs deyildi. Rayon mərkəzindən 32 km aralıda, çətin relyef şəraitinə malik bu yerlərin sakinləri avtomobil yolunun olmamasından daim əziyyət çəkiblər. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin 2015-ci ilin 13 aprel tarixində Taxtanakəran-Miki və Taxtanakəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar imzaladığı Sərəncam ən unudulmaz bir tarixi hadisə kimi heç vaxt bu zəhmətkeş, məğrur insanların yaddaşından silinməyəcək. Görüşə gələnlər də çıxışlarında dönə-dönə ölkə rəhbərinə hədsiz minnətdarlıqlarını bildirdilər.

Yeni salınan avtomobil yolu 2000 nəfər əhalinin yaşadığı Taxtanakəran, Qanqalaş, Lobır, Vaqədi, Qalaparqo və Miki kəndlərini birləşdırır.  Hazırda yolda işləyən müxtəlif adda ağır texnika sıldırım qayaları parçalayaraq yol yatağının genişləndirilməsi və bərkidilməsi, çınqıl daşınması və asfalt hörülməsinə hazırlıqla əlaqədar digər işləri həyata keçirirdilər.

Buna hədsiz sevinən kənd sakinləri adından  Miki kənd tam orta məktəbin direktoru Şahyar Hüseynov danışaraq ölkə rəhbərinin bu Sərəncamla dağ kəndlərinə təkcə yol yox, yeni həyat, böyük rahatlıq bəxş etdiyini qeyd edərək, bütün sakinlər adından cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Kənd sakinlərindən Əlikram Salayev, Rəfail Xalıqov və başqaları da çıxışlarında ölkə rəhbəri və onun tapşırıqlarını yüksək məsuliyyətlə həyata keçirən İcra başçısına minnətdarlıqlarını bildirdilər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən danışmış, dünyanın inkişaf etmiş ölkələrində də az sayda əhalinin yaşadığı ucqar yaşayış məntəqələrinə bu cür asfalt yolların çəkilməsinə rast gəlinmədiyini bildirmişdir.

Əksər dünya ölkələrinin siyasi və iqtisadi böhranla üzləşdiyi bir vaxtda öz inkişaf tempindən qalmayan Azərbaycanın son illərdə həyata keçirdiyi irimiqyaslı layihələrlə ən ucqar dağ kəndlərinin də bəhrələndiyinin göz önündə olduğunu qeyd edən İcra başçısı təkcə son 5 ildə rayonumuzda salınan 100 km-dən çox asfalt yolun yarıdan çoxunun dağ kəndlərinin payına düşdüyünü bildirmişdir. Müstəqil dövlətimizin ölkə daxilində həyata keçirdiyi tədbirlərdən əlavə mühüm beynəlxalq layihələrin icraçısı olduğu vurğulanmış, bunların ölkəmizin böyük iqtisadi gücünün təzahürü olduğu diqqətə çatdırılmışdır.

 İcra başçısı qeyd etmişdir ki, yüksək keyfiyyətli asfalt yolların çəkilməsi ilə bu kəndlərin sakinlərinin rahat yaşayışının təməli qoyulur. Əhalinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi asanlaşır, yol xərclərinin azalması ilə ərzağın və digər məhsulların qiymətlərində sərfəli dəyişikliklər olacaq ki, bu da əhalinin dolanışığına öz müsbət təsirini göstərəcək.

Gözəl və saf təbiətə malik olan bu kəndlərdə turizmin inkişafı üçün real şəraitin yaranması da yolların abadlığı ilə bağlıdır. Verilən məlumata görə hazırda Miki kəndində 1500-dən çox arı ailəsi vardır. Sevindiricidir ki, kənd sakinlərinin arıçılığın inkişafına marağı böyükdür. Bunu daha da inkişaf etdirmək lazımdır. Eyni zamanda kənd təsərrüfatının digər sahələrinin inkişafı da bu günün aktual məsələsi olduğundan buna diqqət artırılmalıdır.  

İldən-ilə inkişaf edən, güclənən müstəqil dövlətimiz tərəfindən gələcəkdə də əhalinin sosial-rifah halının yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlərin həyata keçiriləcəyini, rahat yaşayışın təmini üçün yeni layihələrin reallaşdırılacağını vurğulayan İcra başçısı bu işlərdə hər zaman  ölkə rəhbərinə dəstək olmağı, birlik nümayiş etdirməyi arzulamışdır.  

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Miki kənd tam orta məktəbində tədrisin keyfiyyəti ilə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.      

 

 

 

Keçidlər