İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir
14-15 aprel 2102-ci il tarixdə yeni istifadəyə verilmiş Astara Olimpiya İdman Kompleksində Azərbaycanın şanlı oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş dzü-do üzrə XXXV beynəlxalq turnir keçirilmişdir.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dzu-do Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstandan 200 nəfərə yaxın idmançı qalib adı uğrunda mübarizə aparmışdır.
Turnir iştirakçıları və qonaqlar Lənkəranda Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Sonra isə Həzi Aslanovun abidəsi önünə gül dəstələri düzərək xatirə paradında iştirak etmişlər.
Günün ikinci yarısı Astara şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önündə tər gül çiçəkləri qoyaraq Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Beynəlxalq turnirin saat 17:00-da Astara Olimpiya İdman Kompleksində açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Müdafiə Nazirliyinin məsul işçisi polkovnik Abdulla Qurbani və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından və hər il ənənəvi olaraq keçirilən bu turnirin ildən-ilə daha da maraqlı keçirilməsindən danışmış və idmançılara uğurlar arzulamışlar.
Tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri xüsusi proqramla çıxış etmişlər. İştirakçılara Astara rayonu haqqında hazırlanmış buklet-məlumat kitabçaları paylanmışdır.
Tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsindən ötrü Astara rayon İcra hakimiyyəti tərəfindən yaradılmış qərargah lazım olan bütün təşkilati tədbirləri həyata keçirmişdir.
Bir ay bundan əvvəl açılışı olmuş möhtəşəm olimpiya idman kompleksində ilk dəfə olaraq beynəlxalq idman tədbirinə ev sahibliyi etmək imkanı qazandığına və mənalı istirahətə görə rayon sakinləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq etmiş, dərin hörmət və ehtiramlarını bildirmişlər.
Xatirə turnirində ümumi komanda hesabında Azərbaycan birinci, Gürcüstan ikinci, Qazaxıstan üçüncü, Rusiya komandası isə dördüncü yerləri tutmuşlar.
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilmişdir.