Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

“KABİNETDƏN TARLALARA”

05 may 2017 | 16:00

Bu sitat Astarada günün devizinə çevrilib

    Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə hazırkı dövrdə daha çox diqqət yetirilməlidir. Xüsusən qeyri-neft sektorunun inkişafına nail olmaq üçün prioritet vəzifələrdən biri də ənənəvi əkinçiliyə daha geniş yer verilməsidir.
Ölkə rəhbərinin bu tövsiyə və tapşırıqları Astara rayonunda yüksək səviyyədə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla, aparat sahənin işçiləri, kənd təsərrüfatı ilə məşğul olan aidiyyəti qurumların rəhbərləri və mütəxəssisləri mütəmadi olaraq yerlərdə olur, gündəlik işlərini tarlalardan başlayırlar. Yaz-tarla işlərinin qızğın vaxtında rayon rəhbərliyi tez-tez yerlərdə əkinçilərlə görüşlər keçirir, problemləri ilə maraqlanır, onları narahat edən məsələlərin operativ həllinə köməkılik göstərir.
    Astara rayonu respublikamızda kənd təsərrüfatının spesifik sahələrinin inkişafı üçün, sözün həqiqi mənasında unikal imkanlara malik bölgələrimizdəndir. Burada ölkəmizin əksər rayonlarından fərqli olaraq çayçılığın, sitrusçuluğun, çəltikçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün çox əlverişli şərait vardır.
Rayonun fermerləri, sahibkarları və kənd təsərrüfatı ilə məşğul olan digər iş adamları ilə keçirilən görüşlərdə yerli xüsusiyyətlərə əsaslanan  kənd təsərrüfatı əkinlərinə geniş yer ayrılması üçün rayon rəhbərliyi tərəfindən tövsiyə və tapşırıqlar verilməsi, lazım olan köməkliyin göstərilməsi nəticəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ərzaq bolluğunun yaradılması məqsədilə konkret tədbirlər görülmüşdür. Torpaqların əkilib becərilməsi üçün fiziki şəxslərə, fermer və sahibkarlara lazımi köməkliklər göstərilir. 
    Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan çəltikçiliyi ilə məşhurdur. Ətirli Astara düyüsünün müxtəlif növləri yüzilliklər ərzində  yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu” , “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib. Faktlar sübut edir ki, çəltikçiliklə məşğul olmaq yerli əhalini ən böhranlı, çətin və uğursuz keçən illərdə aclıqdan xilas edib. Düyü yeməkləri insan səhhəti və sağlamlığı üçün müstəsna əhəmiyyətə malikdir.  Məlum səbəblərdən rayonumuzda bu ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı uzun müddət diqqətdən kənarda qalıb. Son illər bu sahədə mövcud geriliklər aradan qaldırılır, rayon rəhbərliyi tərəfindən ənənəvi əkinçilik növlərinin inkişafına daha çox diqqət yetirilir. Əldə edilən nəticələr bunu sübut edir.
Rayonda fəaliyyət göstərən sahibkarlarla son illərdə keçirilən işgüzar görüşlərdə çəltikçiliyin inkişaf etdirilməsi üçün fermer və sahibkarlara müraciət edərək bununla bağlı onlara hər cür dəstək veriləcəyi bildirildi. İlk növbədə rayona əkin üçün əlverişli olan məhsuldar yüksək reproduksiyalı  çəltik  toxumu sortlarının gətirilməsi təmin edildi. Əsasən “Həsəni” ,  “Haşimi”  və “Sədri”  çəltik  toxum sortlarının gətirilməsinə üstünlük verildi. Bunun nəticəsində 2015-ci ildə cəmi 65 hektar çəltik əkildiyi halda 2016-cı ildə çəltik əkini əvvəlki illə müqayisədə iki dəfə artırılaraq 133 hektara, hazırda isə  450 hektara çatdırılmışdır. Əkinlər Astara şəhəri, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos,  Şiyəkəran və digər ərazi icra nümayəndəliklərinin ərazisində aparılır.
    Rayon rəhbərliyi tərəfindən  çəltik  istehsalı ilə məşğul olan  təsərrüfat sahiblərinin problemlərinin yerindəcə həll edilməsi və onları narahat edən məsələlər istiqamətində  ardıcıl və məqsədyönlü  işlərin aparılması nəticəsində gələcəkdə rayonda çəltik sahələrinin  min hektara çatdırılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə rayona müvafiq texnika və digər avadanlıqlar  gətirilir. Xüsusən çəltik toxumunun səpmə  üsulu ilə əkilməsi üçün yerlərin hazırlanmasına diqqət artırılmışdır.
    Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Ərazidən Astara çayı  və Pensər çayının keçməsi,  Lovayın  su anbarının  yenidən qurulması bunun üçün əlverişli şərait yaradır. Eyni zamanda ərazidə fəaliyyət göstərən çəltik dəyirmanlarının olması da maraqları bir növ stimullaşdırır. Çəltikçilik  çox gəlirli sahədir. Hər hektardan 50-60 sentner məhsul götürməklə düyü maya dəyərindən 10-15 dəfə bahasına satılır. Bazarlarda yerli düyünün qiyməti 5-7 manat  arasındadır. Astara düyüsünü isə tapmaq çətindir. Ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün  bazarda yerli düyüyə tələbat böyükdür. Bundan əlavə bu sahədə çalışan insanlara dövlət tərəfindən böyük qayğı  və diqqət yetirilir. Çəltik əkininin  hər hektarına  nəzərdə tutulandan əlavə olaraq 50 manat yardımın verilməsi, məhsulun bütün növ vergilərdən azad olunması bunun bariz nümunəsidir.
    Bölgəmizin brendi olan Astara düyüsünün geniş miqyasda təbliği ilə yanaşı, bu gəlirli əkin növünün ilbəil daha da artırılması üçün daim geniş izahat və maarifləndirmə işləri aparılır. İcra başçısı hörmətli Qəzənfər Ağayev  rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul və görüşlər keçirərkən digər mühüm məsələlərlə yanaşı, çəltikçiliyin çox gəlirli və faydalı olduğunu konkret faktlarla sübut edir, bu sahəyə geniş yer verilməsi barədə tapşırıq və tövsiyələrini verir.
Rayon rəhbərliyi tərəfindən yeni, məhsuldar və keyfiyyətli çəltik toxumlarının gətirilməsi üçün əkinçilərə əlverişli şərait yaradılıb. Gələcəkdə aidiyyəti qurumlarla əlaqəli şəkildə rayonda yüksək keyfiyyətli çəltik toxumlarına olan tələbatın tam ödənilməsinə nail olunacaq. Çəltik əkini ilə məşğul olanlara  daha ucuz başa gəlsin deyə onlara verilən toxumların əvəzinin hazır məhsulla ödənilməsi üçün də şərait yaradılır.
    Əvvəlki illərdə rayonda çəltik sahələrinin bol su ilə təmin olunmasında ciddi problemlər var idi. Təbiətən bol suya tələbatı olan çəltikçiliyin inkişafında düzgün suvarma müstəsna rol oynayır. Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun çəltik əkilən bütün ərazilərində suvarma işinin düzgün və intensiv təşkili üçün əsaslı tədbirlər görülmüşdür. Yeni suvarma, suaparıcı və suötürücü kanallar qazılmış, əvvəllər mövcud olan və ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt edilən kanallar bərpa edilmişdir.
Artıq bir neçə gündür ki, rayonumuzda çəltik əkininə başlanılmışdır. Bütün fermer təsərrüfatlarında əkin yerləri yüksək keyfiyyətlə hazırlanmış, məhsuldar toxum sortlarından şitil yetişdirilmişdir. Rayon rəhbərliyi tərəfindən fermer və sahibkarlara göstərilən diqqət və qayğı onları əkinlərin daha geniş şəkildə aparılmasına ruhlandırmışdır. Heç də təsadüfi deyil ki, əvvəlki illərə nisbətən çəltik əkinlərinə maraq xeyli artmışdır. 
    Çəltik əkini başlanan gündən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəxsən yerlərdə olur, fermer və sahibkarlarla görüşlər keçirir, çəltik əkininin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verir, mövcud problemlərin aradan qaldırılması üçün konkret köməklik göstərir. Qısa müddət ərzində icra başçısı Şiyəkəran kəndində Tələt Məmmədovun, Ərçivan kəndində Teymur Rəcəbovun, Pensər kəndində Əsədxan İbrahimovun, Artupa kəndində Araz Rzayevin fermer təsərrüfatlarında olmuş, çəltik əkininin gedişi ilə maraqlanmışdır.
    Fermer Teymur Rəcəbov söhbət zamanı çəltik əkini ilə bağlı görülən işlər barədə danışaraq qeyd etdi ki, əlverişli torpaq sahəsi olduğuna görə  çəltikçiliklə 2000-ci ildən məşğul olmağa başlayıb. Əgər keçən il cəmi iki hektarda çəltik əkini keçirilmişdisə, bu il on hektarda əkin keçirilməsi nəzərdə tutulub. Hər hektardan dörd tona yaxın məhsul götürülməsi planlaşdırılıb. Hazırda  çəltik əkinlərinin başlanması ilə əlaqədar əkin yerləri və suvarma sistemi tam hazır vəziyyətə gətirilib. Biz mayın 2-də həmin ərazidə olarkən hər yerdə qızğın iş getdiyinin şahidi olduq. Həmin fermer təsərrüfatında 30-40 nəfər işlə təmin olunub. Fermer T.Rəcəbov bildirdi ki, istehsal edilən düyü məhsuluna tələbat çox olduğuna görə gələcəkdə məhsul istehsalını 2-3 dəfə artırmağı nəzərdə tutmuşuq. Artıq yerli bazardan əlavə xarici ölkələrdən də Astara düyüsü üçün bizə sifarişlər gəlir.  
    Şiyəkəran kəndində Tələt Məmmədovun  çəltik sahəsində olarkən bir sıra yeniliklərin tətbiq edildiyinin şahidi olduq. Rayon rəhbərliyi tərəfindən göstərilən hər cür köməklik nəticəsində əl əməyi sərf olunmadan müvafiq texnika vasitəsilə 33 hektarda səpmə üsulu ilə əkin keçirilməsi nəzərdə tutulub.
Pensər İnzibati ərazi dairəsi üzrə nümayəndə Azər Əhmədov bildirdi  ki, bu il nümayəndəliyin ərazisində sitrus və çay istisna olmaqla 450 hektar sahədə əkin aparılmışdır. Bunlar əsasən çəltik, tərəvəz, bostan bitkiləri, kartof və paxlalı bitkilərdir. Torpaqlarımızın olduqca münbit və bərəkətli olması müxtəlif növ əkinlərin aparılmasına şərait yaradır. Odur ki, fermer və iş adamları əsasən qarışıq əkin aparmağa üstünlük verirlər.  Fermerlərdən Əsədxan İbrahimov ona məxsus torpaqlarda 5 hektar pomidor, 4 hektar noxud, 3 hektar bostan bitkiləri, 2 hektar çəltik, Novruz Əliyev 2 hektar çəltik, qalan 4 hektarda bostan və tərəvəz bitkiləri əkmişdir. 
Ölkə bazarlarında Astara düyüsünə yüksək tələbat olduğundan və bu məhsul maya dəyərindən xeyli baha satıldığından fermer və iş adamlarının digər kənd təsərrüfatı məhsullarından daha çox çəltik əkininə üstünlük verdikləri məlum olmuşdur. Sevindirici haldır ki, artıq xarici ölkə şirkətlərindən də Astara düyüsünün sifarişçiləri vardır. Onlar sərfəli şərtlərlə iş adamlarına indidən müqavilələr təklif edirlər.
    Bir sözlə rayonda çəltik əkininin vaxtında keçirilməsi üçün hər yerdə əlverişli şərait yaradılıb. Biz harada olurduqsa, orada ruh yüksəkliyinin və işgüzarlığın şahidi olurduq. Bütün bunlar onu göstərir ki, rayonumuzda əhalinin ərzaq məhsulları ilə tam təmin olunması üçün qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetiriləcək, respublikamızda brend məhsul kimi tanınan Astara düyüsünün şöhrəti daha da artacaqdır.

Keçidlər