Astara rayonunda 9 may Qələbə günü qeyd olundu
1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar Astara rayonunda tədbir keçirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”na gəlmiş, Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun və Ağahəsən Nəhmətovun büstləri qarşısına əklil və gül dəstələri qoymuşlar.
Ziyarət başa çatdıqdan sonra müharibə veteranları onlar üçün hazırlanmış şirniyyat stolu ətrafında rayon rəhbərləri ilə söhbət etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak etmiş, bir qismi həlak olmuş, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq sonrakı quruculuq illərində sıramızda olmuşlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırmışdır. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.
İnanırıq ki, siyasi sabitliyi və iqtisadi gücü ilə dünyada özünəməxsus yer tutan qüdrətli dövlətimizin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda işğal altında olan torpaqlarımızın azadlığına nail olcaq və qələbə bayramını Şuşada, Xankəndində və digər tarixi torpaqlarımızda qeyd edəcəyik.
İcra başçısı tədbirdə iştirak edən rayonun Səncərədi kənd sakini 100 yaşlı Böyük Vətən Müharibəsi veteranı Ağabəy Dadaşovu qələbə və ad günü münasibətlə təbrik etmiş, qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Ömrünün ən ahıl çağlarını yaşayan bu nurani el ağsaqqalının keçdiyi şərəfli ömür yolunun nəsillərə nümunə olduğunu, gənclərimizə də öz xalqına və Vətəninə bu cür xidmət etmələrini arzuladığını vurğulamışdır.
Rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, əmək veteranı Paşa Əkbərov çıxış edərək müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə bütün veteranlar adından Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.