Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir

10 may 2017 | 16:00

Xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə astaralılar daim hörmət və ehtiram bəsləyirlər. Ulu öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar mayın 10-da  Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, mədəni-maarif müəssisələrinin kollektivləri, rayon ictimaiyyətinin nümayəndələrindən ibarət minlərlə astaralı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər gül dəstələri qoymuşlar.
    Ziyarətdən sonra Ulu Öndərin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Astara  Rayon İcra Hakimiyyətində “Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda  elmi-praktiki konfrans keçirilmişdir.
   Konfransı Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri, ümumbəşəri fəaliyyəti barədə geniş məlumat vermişdir. Qeyd etmişdir ki, bütün respublikada, o cümlədən rayonumuzun idarə, müəssisə və təşkilatlarında, mədəni-maarif müəssisələrində ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü münasibəti ilə geniş tədbirlərin keçirilməsi Ulu Öndərə olan ümumxalq məhəbbətinin təzahürüdür.
   Xalqımızın dahi oğlu Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə qədim Naxçıvan şəhərində dünyaya göz açmışdır. Ötən əsrin qırxıncı illərindən respublika hüquq mühafizə orqanlarında fəaliyyətə başlamış, Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmiş, 1969-cu ilə qədər bu vəzifədə çalışmışdır.
   1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Həmin dövrdə ölkəmiz sənaye, kənd təsərrüfatı, milli kadr potensialının formalaşdırılması, Azərbaycan dilinin Konstitusiyada təsbit olunması və başqa mühüm istiqamətlərdə böyük nailiyyətlər qazanmışdır. 1982-1987-ci illərdə Heydər Əliyev Sovetlər birliyində Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksəlmiş, o dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik ona etibar edilmişdir.
   Azərbaycana qarşı bədxah niyyətlərini həyata keçirmək üçün Heydər Əliyevin xalq arasında böyük nüfuzundan qorxan qüvvələr onu 1987-ci ildə müxtəlif bəhanələrlə sovet idarəçiliyindən uzaqlaşdırmağa nail oldular. Bu böyük insan bir də 1990-cı ildə xalqının başına gətirilən müsibətlərə dözməyərək siyasi səhnəyə qayıtmağa məcbur oldu. 
   Xalqın təkidi ilə ikinci dəfə siyasət meydanına qayıdan Heydər Əliyev 1990-cı ilin sentyabrında Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının Xalq Deputatı seçildi. Bununla da həyatının daha gərgin, məsuliyyətli və şərəfli dövrü başlandı. O, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işlədiyi dövrdə respublikadan təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvana yeni ümid və həyat vermişdir. Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycanın üçrəngli  bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir.
    Həmin illər Azərbaycan Respublikası öz çətin günlərini yaşayırdı. Ölkəmiz elan olunmamış müharibəyə cəlb edilmiş, Dağlıq Qarabağ və bir sıra ətraf rayonlar düşmən tərəfindən işğal edilmişdi. Soydaşlarımız doğma yurd-yuvalarından didərgin düşmüş, ölkədə hərc-mərclik, vətəndaş müharibəsi şəraiti yaranmışdı. Xilas yolunu Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışında görən Azərbaycan xalqı təkidlə onu xilaskarlıq missiyasını yerinə yetirməyə dəvət etdi. Beləliklə, Ulu Öndər 1993-cü ildən ömrünün sonuna qədər,  yəni 2003-cü ilədək memarı və qurucusu olduğu Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir.
   Heydər Əliyev Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ümummilli liderimiz öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyətdir. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən siyasi məktəb yadigar qoyubdur. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırıb. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır.
   Təcrübəli dövlət xadimi olan Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək Böyük Xilaskar rolunu oynamış, bizim üçün bugünkü Müstəqil Azərbaycanımızı yaratmışdır. Bu gün Azərbaycanımızın yüksək inkişafı və tərəqqisinə görə, dünya ölkələri arasında hörmətlə qəbul edilməsi və qazandığı nailiyyətlərinə görə Heydər Əliyev dühası qarşısında baş əyirik. Fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.
Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan ölkə Prezidentimiz möhtərəm cənab İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir.  Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır. Bu yolla  gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.
   Dahi rəhbərin böyük müdrikliklə söylədiyi “Müstəqilliyi qazanmaq asan, onu qorumaq isə çox çətindir” ifadəsi bu gün dünyada baş verən proseslər fonunda hər an özünü göstərir. Dünyanın müxtəlif ölkələrində siyasi böhran, iqtisadi tənəzzül yaşandığı halda gənc, müstəqil dövlətimiz öz inkişafındadır. Ölkə və beynəlxalq əhəmiyyətli layihələrin vaxtında icrasının təmin olunması, mühüm dünya əhəmiyyətli tədbirlərin Respublikamızda keçirilməsi, dünyanın inkişaf etmiş dövlətlərinin ölkəmizə maraqlarının getdikcə artması, aparıcı şirkətlərin ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr qoyması dediklərimizə sübutdur.  Ulu Öndərin müəyyən etdiyi siyasi yolla inkişaf edən Müstəqil Azərbaycanımız inanırıq ki, bundan sonra da ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük nailiyyətlər əldə edəcəkdir.
  Ulu Öndərin həyat və fəaliyyəti haqqında rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi vıə humanitar məsələlər şöbəsinin müdiri Yasəmən Rəsulovanın məruzəsi dinlənilmişdir. YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev,  “Astara” qəzetinin baş redaktoru Fəridə Ocaqova, Astara Pedaqoji kollecin direktoru Ağababa İbrahimov və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söyləmişlər.
   Sonda rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” Respublika müsabiqəsində III yerə layiq görülmüş Astara şəhər  2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyeva Leyla İlqar qızını təbrik etmiş, qiymətli hədiyyə ilə mükafatlandırmışdır.

Keçidlər