Astarada Bilik evinin açılışı olmuşdur
12 may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Astara rayonunda “Gənclər evi”nin nəzdində Bilik evinin açılışı olmuşdur. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısının müavini Yasəmən Rəsulova, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, fondun əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon ziyalıları iştirak etmişlər. Astara Bilik Evi ilə tanışlıqdan sonra Astara Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Dəyirmi masa” keçirilib. Tədbirdə Astara Bilik Evinin gələcək fəaliyyətinin istiqamətləri müzakirə olunmuş, təkliflər dinlənilmişdir.
Rayon İcra hakimiyyətinin başçısının müavini Yasəmən Rəsulova rayon rəhbərliyi adından Bilik Fondu ilə Heydər Əliyev Mərkəzinin birgə fəaliyyətlərinə uğurlar diləmiş, layihələrə bundan sonra da dəstək verməyə hazır olduqlarını söyləmişdir. Qeyd edilmişdir ki, regionda ilk Bilik evinin Astara rayonunda İslam Oyunlarının açılış mərasimi günündə istifadəyə verilməsi yaddaqalan olacaqdır. Bilik evinin fəaliyyəti üçün yaradılmış şərait və imkanlardan yararlanaraq Astara rayonunda geniş maarifləndirmə işləri həyata keçiriləcəkdir. Rayonun ziyalıları və məktəblilərinin Bilik Fondunun bir sıra layihələrində həvəslə iştirak etdiyini vurğulayaraq bundan sonra da bu işin davamlı şəkildə aparılacağına, ictimaiyyətin Fonda dəstək olacağına əminliyini ifadə etmişdir.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Astara Bilik Evinin belə gözəl binada fəaliyyətə başlayacağından məmnunluğunu dilə gətirərək, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə bu diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir. Fondun təşkilatçılığı ilə müxtəlif bölgələrdə Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor əhalinin maariflənməsində bu evlərin böyük rol oynadığını, Astara Bilik evinin də fəaliyyətini məhz əhalinin təklifləri üzərində quracağını diqqətə çatdırmışdır.
Proqrama uyğun olaraq Astara Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Fondun icraçı direktoru Oqtay Səmədov və Mərkəzin direktoru Kübra Səmədovanın imzaladıqları Niyyət Protokolunda rayon əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu Azərbaycançılıq məfkürəsi zəmnində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərliyi və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyətə keçirilməsi nəzərdə tutulmuşdur.