15 iyun Milli Qurtuluş günü
İyunun 14-də Astarada Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev və aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edən “Tarixin şanlı səhifələri” adlı video çarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev gündən-günə inkişaf edən, gözəlləşən, böyük tarixi inkişaf yolunda olan, doğma Vətənimizin - Azərbaycanımızın hər yerində 15 iyun “Qurtuluş günü”nün ildönümünün böyük bayram təntənəsi ilə qeyd edildiyini bildirmişdir. O, 24 il bundan öncə baş verənlərin - 1993-cü ilin qan-qadası, ağrı acısı, qardaş qırğını, adamların günahsız ölümünün uzun müddət bu xalqın yaddaşından silinməyəcəyini, müstəqil Azərbaycanı öz mənafeyinə uyğun parçalamaq, bir dövlət kimi yox etmək istəyən qara niyyətlilərin çirkin arzusunun gözlərində qalacağını vurğulamışdır.
Həmin dövrdə respublikada hərc-mərcliyin doğurduğu vəziyyət, ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, apardıqları naşı siyasətin nəticəsində qanlar bahasına yenidən əldə olunmuş müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı. Hadisələr elə məcraya yönəlmişdi ki, onun qarşısını yalnız xalqın güvəndiyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, mahir siyasətçi, Naxçıvan Ali Məclisin sədri vəzifəsində çalışan Heydər Əliyev ala bilərdi. Xalq bunu çox yaxşı anlayırdı və xilas yolunu bu böyük insanın yenidən respublikaya rəhbərliyə qayıdışında görürdü.
1993-cü ilin dəhşətli iyun günlərində ölkənin təhlükəli vəziyyətdə olduğunu, eləcə də xalqın təkidli xahişlərini nəzərə alan Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin tarixi qayıdışı ilə ölkəni bürüyən təhlükə böyük siyasi çevikliklə aradan qaldırıldı, dövlətçiliyin və xalqın yoluna parlaq nur saçıldı. Xalq faciələrdən qurtuldu, azad nəfəs almağa, xoşbəxt və firavan günlər yaşamağa başladı.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun apardığı qətiyyətli, uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi və fədakarlığı, şərəfli ömür yolu doğma xalqımız üçün Vətənə xidmət nümunəsinə çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışan, Ulu öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğunu, onun adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq bu gün Ulu Öndərimizin siyasətini uğurla həyata keçirən Heydər Əliyev siyasi məktəbinin davamçısı, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində doğma Azərbaycanımızın gündən-günə çiçəkləndiyini, inkişaf etdiyini, bütün sahələrdə dünya dövlətlərinin etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırmışdır.
Ölkəmizin iqtisadi gücü artdıqca vətəndaşlarımızın firavan yaşaması üçün ardıcıl olaraq yeni layihələr həyata keçirilir. Bu gün müstəqil Azərbaycan regionun aparıcı dövləti, dünyada şöhrəti olan bir ölkə kimi tanınır. Son illərdə Beynəlxalq tədbirlərin ardıcıl olaraq Azərbaycanda keçirilməsi onun nüfuzunun artmasına, ölkəmizə olan maraqların güclənməsinə əyani sübutdur.
İcra başçısı tədbir iştirakçılarına xatırlatmışdır ki, bu il ölkəmiz IV İslam Həmrəylik Oyunlarını ən yüksək səviyyədə keçirməklə bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazdı və yaxın günlərdə dünyada nüfuzlu idman tədbiri olan “Formula-1” yarışları Bakıda ikinci dəfə keçiriləcəkdir. Belə nüfuzlu idman və digər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi Ulu Öndərimizin siyasi varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Qeyd edilmişdir ki, dünyada iqtisadi böhranın hökm sürdüyü bu dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 08 iyun 2017-ci il tarixdə ölkə başçısının Astara şəhərində park-bulvar kompleksinin genişləndirilməsi ilə bağlı imzaladığı Sərəncam Astara və astaralılara göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğıya görə astaralılar cənab Prezidentə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Ruhid Əliyev, rayon Prokuroru Qabil Qasımov, Astara Pedaqoji Kollecin tələbəsi Xalidə Bağırova çıxış etmişlər.