Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Ucqar dağ kəndlərinin sakinləri ilə səmimi və işgüzar görüş

15 iyun 2017 | 16:00

İyunun 15-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonun ucqar kəndlərindən olan Toradi, Hamoşam, Asxanakəran  yaşayış məntəqələrində vətəndaşlarla görüş keçirmiş, onları düşündürən və narahat edən məsələlərə aydınlıq gətirmiş, təklif və arzularını dinləmişdir.

Qədim tarixə malik bu kəndlərdə əhalinin əsas məşğuliyyəti arıçılıq, bağçılıq, quşçuluq, heyvandarlıq və əkinçilikdir. Hamoşam kənd inzibati ərazi dairəsinə daxil olan Toradi kəndində keçirilən səyyar qəbul və görüşdə icra nümayəndəsi Ağarəhim Abdulov son dövrdə ərazidə görülmüş  işlər barədə ətraflı məlumat vermişdir.

Toradi kənd sakinləri Hacıbaba Babayev, Əfsər Əliyev, Mühəddin Əliyev, Mircahangir Seyfullayev, Hamoşam kənd sakinləri Ağahəsən Cövziyev, Asəf Abdulov, Mehrəli Fətəliyev, Mais Əbülhəsənov, Rəzzaq Qasımov, Meybulla Mahmudov və başqaları çıxış edərək son illər respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, ucqar dağ kəndlərinə çəkilən avtomobil yollarının tikintisi və Astara dənizkənarı park-bulvarın genişləndirilməsi ilə bağlı verdiyi Sərəncamlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, ucqar dağ kəndlərinə avtomobil yolunun çəkilişinə görə İcra başçısına razılıqlarını bildirmişlər. Kənd sakinləri görülən işlərlə yanaşı Taxtanakəran-Toradi yolunun Baba Rəsul ziyarətgahına qədər uzadılmasını, Hamoşam kəndində yeni mədəniyyət evinin tikilməsini, internet istifadəçilərinin sayının artırılması üçün ATS-ə əlavə avadanlıqların quraşdırılmasını, Hamoşam həkim evinin xəstəxanaya çevrilməsi, elektrik dirəklərinin dəyişdirilməsi və s. barədə təkliflər  vermişlər.

Asxanakəran kənd icra nümayəndəliyinin Motlayataq kəndində keçirilən səyyar qəbul və görüşdə icra nümayəndəsi Səlahəddin Əliyev, kənd sakinləri Arif Əliyev, Ramiz Gənciyev,  Bayram Rəsulov və başqaları çıxış edərək ölkə başçısı İlham Əliyevə Astara və astaralılara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, illərdən bəri həsrətində olduqları Taxtanakəran-Toradi avtomobil yolunun çəkilişinin tarixi əhəmiyyətini xüsusi vurğulamışlar. Çıxış edənlər Milli Qurtuluş günündə ucqar dağ kəndlərinə gələrək onları təbrik edən və ən xoş arzularını bildirən hörmətli icra başçısına dərin təşəkkürlərini ifadə etmişlər.  

Səyyar qəbul və görüşlərdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev son illər ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da xeyli abadlıq və quruculuq işlərinin aparıldığını diqqətə çatdırmış, bu istiqamətdə işlərin daha sürətlə davam etdiriləcəyini bildirmişdir. İcra başçısı tariximizin şanlı səhifəsi olan 15 iyun Milli Qurtuluş günü münasibəti ilə sakinləri ürəkdən təbrik etmiş, respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişafın ilbəil daha sürətlə aparılmasının təməlinin məhz 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyulduğunu xüsusi vurğulamışdır. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramından, Fərman və Sərəncamlarından irəli gələn vəzifələrin rayonumuzda da uğurla yerinə yetirildiyini bildirmişdir. İyun ayının 8-də möhtərəm Prezidentimizin Astara şəhərində dənizkənarı park-bulvarın genişləndirilməsi barədə imzaladığı Sərəncam ölkə başçısının Astara rayonuna, bütün astaralılara göstərdiyi diqqət və qayğının parlaq sübutudur. Biz bu qayğı və diqqətə görə möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlığımızı bildiririk.

İcra başçısı rayonun ən ucqar dağlıq ərazilərini əhatə edən Toradi, Hamoşam, Asxanakəran, Motlayataq, Əzərüd və Amboba  kəndlərində    tikilmiş müasir tipli məktəb binalarının, tibb məntəqəsi, poçt binaları və digər tikililərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır. Bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləyən natiq qeyd etmişdir ki, rayonumuzun səfalı guşələri kimi bu kəndlərdə turizmin hərtərəfli inkişafı üçün əlverişli şərait vardır. Biz investorları bura cəlb etməklə turizm obyektlərinin tikilib istifadəyə verilməsi ilə xeyli yeni iş yeri yarada bilərik. Bu istiqamətdə hamımız birgə səy göstərməli, bütün işlərdə birlik nümayiş etdirməliyik.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından dəstək göstərdiyi üçün layiq görüldüyü Fəxri Fərmanı Hamoşam inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulova təqdim etmişdir.

Sonra İcra başçısı Taxtanakəran-Toradi avtomobil yolunda işlərin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.

 

Keçidlər