İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin Siyaku kənd sakinləri ilə səyyar qəbul və görüşü
18 aprel 2012-ci il tarixdə Siyaku kəndində Astara rayon İcra hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevin kənd sakinləri ilə səyyar qəbul və görüşü keçirilmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanəhməd Zahirov rayona yeni təyin olunmuş İcra hakimiyyətinin başçısı Q.Ağayevi bütün kənd sakinləri adından səmimi təbrik etmiş, uğurlar arzulamışdır. O, ərazi haqqında məlumat verərək bildirmişdir ki, inzibati ərazi dairənin 7780 nəfər əhalisi, 1932 təsərrüfatı vardır. Ərazidə 5 tam orta məktəb, 1 uşaq bağçası, 1 mədəniyyət evi, 15 kütləvi kitabxana, 1 çınqıl zavodu, 1 asfalt zavodu, 4 məscid, Yol istismarı idarəsi, “Abşeron” istirahət mərkəzi, 360 tonluq soyuducu anbar vardır.
Kənd sakinlərindən Miki kənd tam orta məktəbin direktoru Xanağa Hüseynov, Siyaku kənd uşaq bağçasının müdiri Mələk Əzizova, Şağlazüzə kənd tam orta məktəbin direktoru Əhmədşah Quliyev, Vaqo kənd tam orta məktəbin direktoru Abbas Güləliyev, Siyaku kənd sakini Əlihəsən Həmzəyev, Vaqo kənd sakini Zaur Abbasov çıxış edərək icra başçısı Q.Ağayevi yeni təyinat münasibəti ilə təbrik etmiş, səmimi görüşə görə dərin təşəkkür və minnətdarlıqlarını bildirmiş, rayonumuzun daha da gözəl, abad, yaraşıqlı və müasir rayonlardan birinə çevrilməsi üçün hər an ətrafında sıx birləşməyə hazır olduqlarını söyləmişlər.
10 km məsafəsi olan Siyaku-Miki yolunun asfaltlaşdırılması, istismar müddətini başa vurmuş elektrik naqil və dirəklərinin dəyişdirilməsi, Rinə və Sığaloni kəndlərinə qaz xəttinin çəkilməsi, Vaqo kənd məscidinin təmiri, digər təklif və müraciətlər rayon icra hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənmiş, yerində həlli mümkün olan məsələlərin icrası üçün müvafiq tapşırıqlar verilmiş, digər məsələlərin icrası nəzarətə götürülmüşdür.
Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev söylənən təbriklərə və deyilən xoş sözlərə görə kənd sakinlərinə minnətdarlıq etmişdir. Qeyd etmişdir ki, ölkəmizdə hərtərəfli sürətli inkişaf davam edir. Bütün bunlar Ulu öndərimiz Heydər Əliyevin müdrik siyasətinin nəticəsində mümkün olmuşdur. Bu siyasətin davamı olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi Astarada da uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin son bir ildə iki dəfə rayonumuza tarixi səfər etməsi və rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə iki mühüm sərəncam imzalaması buna əyani misaldır. Qısa müddətdə rayonda Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP Astara rayon təşkilatı üçün yeni inzibati bina və onlarla məktəb tikilmiş, Mərkəzi Xəstəxana binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bundan əlavə 10 kilometrlərlə yol asfaltlaşdırılmışdır. Bir az da əvvələ qayıtsaq rayonda Modul elektrik stansiyası, Beynəlxalq əhəmiyyətli Qaz Kompressor stansiyası, Astara Gömrükxanası üçün yeni binalar tikilmişdir. İqtisadiyyatımız gücləndikcə rayonlarımız inkişaf edir, gözəlləşir. Bundan sonra da rayonumuzda daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yaxın müddətdə Astara şəhərində su kanalizasiya sistemi problemi həllini tapacaqdır. Ucqar dağ kəndləri istisna olmaqla 2013-cü ilə kimi rayonun bütün kəndləri qazlaşdırılacaq. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin regionlara hədsiz diqqət və qayğısının nəticəsidir.
Rayon icra hakimiyyətinin başçısı cənab Q.A.Ağayev belə görüş və səyyar qəbulların bundan sonra müntəzəm olaraq təşkil ediləcəyini, insanları narahat edən məsələlərin həllinə hər cür köməklik göstəriləcəyini bir daha vurğulamışdır.