Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

2017-ci ilin birinci yarısının nəticələri müzakirə olunmuşdur

19 iyul 2017 | 16:00

 

İyulun  19-da rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər. 
    Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunmuş, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırmışdır.
    Bildirmişdir ki, birinci yarımildə Azərbaycanın bütün sahələrdə sürətli inkişafı davam etmiş, beynəlxalq mövqelərimiz möhkəmlənmiş, ölkə daxilində proseslər müsbət istiqamətdə gedərək iqtisadi inkişaf təmin edilmiş, sosial məsələlər öz həllini tapmışdır.
    Dövlət başçımızın birinci yarımildə 10 xarici ölkəyə işgüzar səfərə getdiyiuni, eyni zamanda, 9 dövlət başçısının Azərbaycana səfər etdiyini vurğulayan icra başçısı bu səfərlərin çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Davos Ümumdünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı, Brüsseldə Avropa Komissiyasına, Pakistan İslam Respublikasına, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, İran İslam Respublikasına, Fransaya və Polşaya uğurlu səfərlər zamanı təhlükəsizlik və siyasi məsələlər müzakirə olunmuş, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq, sərmayə qoyuluşu barədə geniş fikir mübadiləsi aparılmışdır.
   Natiq qeyd etmişdir ki, birinci yarımildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarda mühüm bir nəticə əldə edilməsə də, Azərbaycanın beynəlxalq dəstəyi artmış, haqlı mövqeyini dəstəkləyən dövlətlərin sırası xeyli çoxalmışdır. Bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini vurğulayan cənab Prezident, keçirdiyi bütün görüşlərdə işğalçı ölkəyə və beynəlxalq qurumlara bunu dönə-dönə xatırladaraq  Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmayacağı mesajını vermişdir.
    2017-ci ilin birinci yarısında iqtisadiyyatın qeyri-neft sektoru 1,7  faiz, qeyri-neft sənayesi 4,4 faiz, kənd təsərrüfatı 2,2 faiz  artmışdır. Valyuta ehtiyatlarımız ilin 6 ayında 3 milyard dollar artaraq 40,6 milyard dollara çatmışdır ki, bu da dövlətimizin xarici borcundan 4-5 dəfə çoxdur. Ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya qoyulmuşdur.
    Bu ilin altı ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 36 faiz artmış, idxal isə 15 faiz azalmışdır. İdxalın azalması, ixracın kəskin artması ölkəmizin iqtisadi sabitliyini təmin edir.
    Hesabat dövründə Azərbaycanda sosial proqramların icrası davam etmiş, bu il 122 min yeni iş yeri yaradılmışdır. Onlardan 101 mini daimi iş yerləridir.
    Ölkəmizdə turizm sektorunun inkişafı da daim diqqət mərkəzində olmuş, yaradılmış  turist şəbəkələri və müalicə mərkəzləri hesabına ölkəyə turist axını xeyli artmışdır.
    Bu ilin birinci yarısında Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirakı ilə Beşinci Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları, 24-cü Xəzər neft-qaz sərgi konfransı   keçirilmişdir.
    Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında qızıl medalların sayına görə birinci yeri tutması bizi çox qürurlandırır. Bu da bir daha onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
    2017-ci ilin 6 ayında rayonumuzda da xeyli iş görülmüşdür. Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar növbəti Sərəncam imzalaması olmuşdur. Bildiyimiz kimi Prezidentin 8 iyun 2017-ci il tarixli sərəncamı ilə park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar vəsait ayrılmışdır. Bu əlamətdar hadisə rayonumuzun bütün ictimaiyyətinin sevincinə və ruh yüksəkliyinə səbəb olmuş, bu diqqət və qayğıya görə astaralılar möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər. 
  Ölkə rəhbərinin tapşırığına uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün həyata keçirdiyimiz tədbirlər səmərəli nəticəsini vermişdir.
    Görülən tədbirlər nəticəsində rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılmış, təkcə çəltik əkini 8 dəfədən çox artırılaraq 450 hektara çatdırılmışdır. Çay, tərəvəz və bostan bitkilərinin yetişdirilməsində də artımlar vardır. Bu il üçün daha çox torpaqlarda əkin aparılması məhsul istehsalında böyük artımların olacağını göstərir.
    2017-ci ilin I yarısında yerli gəlirlər 2 milyon 545 min manata qarşı 2 milyon 362 min manat icra olunmuş, bu da 93 % təşkil edir. Yerli xərclər isə 2 milyon 916.5 min manata qarşı 2 milyon 211.4 min manat icra olunmuş, bu da 76 %-ə bərabərdir.
İqtisadi və sosial  inkişafın  əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi  ötən ilin müvafiq dövrünə nisbətən 5%  artaraq 876 milyon manata  çatmışdır. Bunun 7.7 % sənayedə, 34.6 % kənd təsərrüfatında, 23 % tikintidə,  32.5 %  ticarət və xidmətlər sahəsində, 2 % nəqliyyat və anbar təsərrüfatında, 0,5 % informasiya və rabitədə olmuşdur.
    Rayonda inşaat işlərinin aparılması üçün hesabat dövrü ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 20 milyon manat məbləğində vəsait  yönəldilmişdir ki, onun 99.3 % tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə əsas kapitala yönəldilmiş  vəsaitin həcmi 56 % artmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 813 manat təşkil etmişdir.
Tikinti-abadlıq və quruculuq sahəsində də rayonda xeyli iş görülmüşdür.
    Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq Park-bulvar kompleksinin genişləndirilməsi işlərinə başlanılmış, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Xəzər dənizi sahili boyu park-bulvar və çimərlik ərazisində “AAAF Park Astara” lahiyəsi çərçivəsində idman sağlamlıq kompleksləri tikilib istifadəyə verilmiş, 2017-ci ildə mənzil fonduna daxil olan  ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.
     Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir.
Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisinin ikinci mərhələsinə başlanmış, hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu gün Toradi kəndindən başlayaraq ilk asfalt qatının vurulmasına start verilməişdir. Yerli sakinlər bunu böyük sevinclə qarşılayaraq, qurbanlar kəsmiş, bu böyük layihənin icrasına görə möhtərəm Prezidentə hədsiz sevgi və minnətdarlıqlarını bildirirlər.
    Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi birinci yarımillikdə davam etmişdir. Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.  
    Respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda  avtoqreyderlə yol çiyinləri hamarlanmış,  küvetlər təmizlənmiş, 4500 kv.metr asfalt-beton qarışığından çala təmir işləri görülmüşdür.  
    Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmişdir. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Respublikasının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınaraq, layihənin icrasına başlanmışdır. Bu günə qədər 2 ədəd 5000 kub metrlik su anbarı və manevr otağının tikintisi başa çatmış, şəhərin, Heydər Əliyev prospekti və Kaverin küçəsində 8500 m məsafədə boru xətti çəkilmiş 305 mənzil çıxışları verilmişdir. 
    Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2017-ci ilin birinci yarısında 94 evin qazlaşdırılması həyata keçirilmişdir. Əhali abunəçiləri üçün 60 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16640-a çatdırılmışdır. Hesabat dövrü rayona 2 mln 207 min manat məbləğində təbii qaz satılmış, 2 mln 177 min manat vəsait yığılmışdır ki, bu da satılan qazın dəyərinin  99 %-ni təşkil edir.
    İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü rayon ərazisində 10 kv-luq  və 0,4 kv-luq hava xətlərində 224 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 241 ədəd 10 kv-luq izolyator dəyişdirilmiş, 122 min metrdən çox yeni naqil çəkilmişdir. Cari ilin 6 ayı ərzində istehlakçılara verilən elektrik enerjisi 31,4 milyon kvt saat, dəyəri isə 2 mln 108 min 234 manat olmuşdur. Toplanmış vəsait 81.2 % təşkil etmişdir.
   Regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında Astara Telekommunikasiya Qovşağında rayonun Ərçivan, Pensər və Ojakəran EATS-lərin hər birində 48 port tutumu olan  avadanlıqlar alınaraq quraşdırılmışdır. 
    2017-ci ilin 6 ayı ərzində Poçt filialına təyin edilmiş 214 min manat  tarif gəliri proqnozu faktiki olaraq 256 min manat və ya 120 % icra edilmişdir. Bu da təyin edilmiş proqnozdan 42 min 600 manat çoxdur.
    Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən 2017-ci ilin I yarımili üzrə proqnoz plan 5 milyon 346 min manat, yəni           100 % icra olunmuşdur. I yarımil ərzində hərəkətdə olan sosial müavinət alanların sayı 5235 nəfər olmuşdur.      
    Rayon Dövlət Sığorta Filialı hesabat dövründə 32900 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 33000 manat sığorta yardımı verilmişdir. 
    Rayon  Məşğulluq  Mərkəzində 762 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Onların 112 nəfərini qadınlar təşkil edir. Ötən müddət ərzində Mərkəzə iş üçün müraciət edənlərin 321 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. 
    I yarımildə rayonun ümumtəhsil məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar Astara şəhər 6 saylı, Maşxan kənd tam orta, Deqədi və Ovala kənd əsas məktəblərində cari təmir işləri aparılmış, Ərçivan qəsəbə 1 saylı, Asxanakəran və Hamoşam kənd məktəblərinin cari təmirinə hazırlıq işlərinə başlanmışdır. Əlavə olaraq Siyatük və Balaca Şahağac məktəbləri üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulmuşdur. 12 mart 2017-ci il tarixində rayonun ümumtəhsil məktəbləörinin IX  və XI sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi keçirilmişdir. İmtahana buraxılan 1998 şagirddən 1182 nəfəri IX, 816 nəfəri XI sinif şagirdi olmuşdur.
    Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş IX-XI sinif şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində rayonun Z.Bünyadov adına şəhər  2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əlizadə Lalə İlqar qızı III dərəcəli diplomla təltif olunmuşdur.
Rayon ümumtəhsil məktəblərindən 286 məzun Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının birinci mərhələsində iştirak etmiş, onlardan 199 nəfəri keçid balını toplamışdır. Bunlardan 22 nəfəri 550-dək,  5 nəfəri isə 660-dan yuxarı bal toplamışlar.
    2017-ci ilin 6 ayı ərzində Astara rayon Mərkəzi Xəstəxanasına və tabeliyində olan səhiyyə müəssisələrinə 324 min nəfər müraciət etmişdir. Astara rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində 6 ay ərzində 212 xəstə üzərində cərrahi əməliyyat aparılmışdır. 15783 nəfər xəstəyə imtiyazlı resept yazılmış, dərman preparatı ilə təmin edilmişdir.
    Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün şum işləri 2016-cı il ilə müqayisədə 842 hektar artırılaraq 2102 hektara çatdırılmışdır. Şum aparılan sahələrin 447.5 hektarında çəltik, 146.8 hektar buğda, 31.5 hektar arpa qalan sahələrdə isə tərəvəz, paxlalı bitkilər, bostan bitkiləri və yonca əkilmişdir. Sitrus meyvələrinin istehsalına diqqətin artırılması sayəsində sitrus meyvə bağlarının ümumi sahəsi artaraq 2200 hektarı keçmişdir. Sitrusçuluqla yanaşı çay, çəltik və tərəvəz istehsalı da diqqət mərkəzində olmuşdur.
    Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək  345  hektara çatdırılmışdır. 2017-ci ilin may ayından indiyə qədər rayon üzrə cəmi 214 min 962 kq yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmişdir. Hal-hazırda yaşıl çay yarpağının yığılması davam etdirilir. Rayon ərazisində 180.3 hektar sahədə taxıl əkilmiş, iyun ayından biçinə başlanılmışdır. Rayon üzrə cəmi 362.4 ton taxıl yığılmış, orta məhsuldarlıq  20.3 sentner olmuşdur. Ümumilikdə 2017-ci ildə 2357 hektar sahədə əkilmiş tərəvəzin yığımına başlanılmışdır.
    Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 42600 baş iri, 25650 baş xırda buynuzlu, 1300 baş təkdırnaqlı, 184000 başdan çox ev quşları, 10 min arı ailəsi vardır. 2800 ton diri çəkidə ət,  22 min 630 ton süd istehsal olunmuşdur.  
    2017-ci ilin əvvəlindən başlayaraq suvarma, suötürücü kanallarda qapalı suvarma şəbəkələrini, hidrotexniki qurğuları işlək vəziyyətə gətirmək, suvarma mövsümündə onların səmərəliliyinin artırılması məqsədi ilə cari təmir işləri aparılmış, hazırda həmin işlər davam edir.
    Əkin sahələrini müntəzəm suvarma suyu ilə təmin etmək üçün tələb olunan yerlərdə kanallar təmizlənilmiş, əlavə kanallar qazılmış, suyu sahəyə qaldırmaq üçün torpaq bəndlər vurulmuşdur. Şuvi-Lovayın beton üzlüklü kanalın üzərindəki hidrotexniki qurğularda cari təmir işləri aparılmış, su anbarı tam həcmdə su ilə doldurulmuşdur. İlin altı ayı ərzində 8.7 milyon kub metr su sahələrə verilmişdir.   
    Astara Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 2017-ci ilin I yarısında 35 hektar sahədə meşə meyvə bağları salınmışdır. Əkinlər müəssisədə yetişdirilmiş yerli şəraitə uyğun yunan qozu ilə aparılmışdır.
    Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri  müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər.
    Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün geniş imkanlar vardır. Rayonun dağ kəndlərinin yollarının asfaltlaşdırılması ilə  bu ucqar kəndlərə turistlərin gəlişi başlanmışdır. Eyni zamanda dəniz sahilində salınmış, müasir tələblərə cavab verən park-bulvarda rayona gələn turistlərin daha yaxşı istirahəti üçün bütün imkanlar varadır.
    Gənclər və İdman İdarəsi 2017-ci ilin I yarımili ərzində 65 tədbir həyata keçirmişdir. Bu tədbirlərdə ümumən 7500 nəfər gənc və idmançı iştirak etmişdir. 14 iyul tyarixində Astara Olimpiya İdman Kompleksində açılışı olmuş 16 yaşadək yeniyetmələr arasında Şahmat Olimpiadası hazırda davam edir. Burada Respublikanın bütün rayonlarından 450 nəfərədək şahmatçı qüvvəsini sınayır.
    Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik  tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur. Bunun nəticəsidir ki, gənclərin orduya çağırışı həmişə yüksək səviyyədə yerinə yetirilir.
 Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.                                                 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir.
    Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. Yarımil ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 34 min 940 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
    Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması nəticəsində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişli təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır, ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.
    Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla  ölkədə  ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik. 
    Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Ona görə də ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi üçün inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.
    Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində  var qüvvələrini  səfərbər edəcəkdir.
Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Hamoşam  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağarəhim Abdulov, Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov, Su Kanal İdarəsinin müdiri Anar Baxşıyev və başqaları çıxış etmişlər.
    Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2017-ci ilin birinci yarımilində rayonda xeyli iş görülmüşdür.
    Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkədə aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar çağırış və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatı ilə məşğul olan əhali üçün yaradılan əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik  və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir. 
    Rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə aparılan təbliğat işləri səmərəsini verməkdədir. Həm əkin sahələrinin artırılması, həm də istehsal edilən məhsulların çəkisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranmış fərqlər böyükdür. Təkcə çəltik əkininin ötən illərə nisbətən təqribən 8 dəfə artırılaraq  450 hektara çatdırılması, eyni zamanda 100 hektara qədər məhsuldarlığı yüksək olan sitrus bağlarının salınması, tərəvəz, dənli-paxlalı bitkilərin əkin sahələrinin xeyli genişləndirilməsi aparılan səmərəli işlərin nəticəsidir. Lakin qazanılan uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq. 
    Bələdiyyələr öz torpaqlarından səmərəli istifadə etməli, torpaqların təyinatı üzrə istifadəsinə diqqəti artırmalı, əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri və iş adamlarına lazım olan köməkliyi göstərməlidirlər. Daha səmərəli fəaliyyət üçün hər bələdiyyənin bir layihə təqdim etməsini vacib hesab edir və bu işin diqqətdə saxlanmasını tapşırıram.
    Rayonda aparılan tikinti abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. Hazırda park-bulvar kompleksinin genişləndirilməsi ilə əlaqədar işlər davam edir. Eyni zamanda bu gün Taxtanakəran-Toradi avtommobil yolunun Toradidən başlanan hissəsində ilk asfalt döşənməsinə başlanmışdır. Bu çox sevindiricidir. Rayonumuzun mürəkkəb relyefə malik ən ucqar dağ kəndinin yollarının asfaltlaşdırılması  ölkə rəhbərinin sakinlərimizə ən böyük töhfəsidir. Bundan təkcə həmin kəndlərin əhalisi deyil, bütün rayon yararlanacaqdır. Səfalı təbiəti, tarixi yerləri ilə maraq doğuran bu ərazilərə turistlərin, xarici qonaqların indidən maraq göstərməsi dediklərimizə sübutdur. Ötən illərlə müqayisədə bu il rayona gələn turistlərin sayının dəfələrlə artması müşahidə olunur ki, bu da həyata keçirilən səmərəli tədbirlərinn nəticəsidir. 
    Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı birinci yarımildə görülən işlərin nəticələrinə əsasən 2017-ci ilin Astara rayonu üçün yüksək inkişaf  və   bolluq ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.

Keçidlər