Kakalos kəndində səyyar qəbul və görüş
Sentyabrın 14-də rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kəndində səyyar qəbul keçirmiş, əhali ilə görüşmüşdür. Hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərlərinin, kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə ictimaiyyətin nümayəndələri, fermer və sahibkarlar onları düşündürən, narahat edən məsələlər barədə fikir mübadiləsi aparmışlar.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sentyabrın 3-də ölkəmizin cənub bölgəsinə səfəri zamanı Lənkəran şəhərində keçirilən respublika müşavirəsində aqrar sahənin canlandırılması ilə bağlı verdiyi mühüm tövsiyə və tapşırıqlarını görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Möhtərəm Prezidentin çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafı ilə əlaqədar 12 sentyabr tarixli Sərəncamı barədə məlumat verərək bunun rayonumuzun aqrar sektorunun inkişafına mühüm töhfə verəcəyini əminliklə söyləmişdir. Kənd təsərrüfatı əkinlərinin genişləndirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr barədə məlumat verən icra başçısı iştirakçıları təklif və rəylərini bildirməyə dəvət etmişdir.
Kənd sakinlərindən Paşa Əkbərov, Ramiz Cabbarov, Cavanşir Zeynalov, Məlahət Rzayeva, Əbülqasım Həsənov, Nazim Rzayev və başqaları çıxış edərək kənd təsərrüfatının inkişafı üçün vacib olan məsələlər barədə fikirlərini bildirmişlər. Onlar suötürücü kanalların təmizlənməsi, əkin sahələrinə suvarma suyunun verilməsi, elektrik xətt təsərrüfatının təmirinin sürətləndirilməsi, kənd mədəniyyət evinin binasının əsaslı təmirinə köməklik göstərilməsini xahiş etmişlər. Kənd sakini Nazim Rzayev əkin apardığı 2 hektar çəltik sahəsinin hər hektarından 80-100 sentner məhsul əldə etdiyini, çox mənfəətli sahə olan çəltikçiliyi daha da genişləndirəcəyini bildirmiş, əkinçilər üçün yaradılan əlverişli şəraitə görə razılıq etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sakinlər tərəfindən qaldırılan məsələlərin diqqətlə araşdırılacağını, təhlillər aparılacağını, xüsusən kənddə əkinə yararlı torpaq sahələrindən daha səmərəli istifadə edilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün lazımi köməkliyin göstəriləcəyini qeyd etmişdir. Son dövrdə respublikamızda ölkə başçısı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin ərzaqla təminatında müstəsna rol oynayan kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi istiqamətində konkret və əməli tədbirlərin görüldüyünü, ənənəvi əkinçiliyin inkişafına ciddi önəm verildiyini diqqətə çatdırmışdır. Astara rayonunda ənənəvi əkinçilik növləri olan çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişaf etdirilməsinin vacibliyini bildirən natiq bu işdə bütün əhalinin fəal iştirakının təmin olunmasının müstəsna əhəmiyyətini xüsusi vurğulamışdır.
İcra başçısı Kakalos kəndində kənd təsərrüfatı sahələrinin inkişafı üçün münbit şəraitin olduğunu diqqətə çatdırmış, insanların torpağa qayıdışının sevindirici olduğunu bildirmişdir. Qeyd etmişdir ki, görülən işlərlə yanaşı ərazidə torpaq sahələrinin xeyli hissəsində əkin aparılmaması narahatlıq doğurur. Kəndin ərazisində əvvəlki illərdə yüzlərlə hektarda çay plantasiyaları salınmış, çəltik əkinləri keçirilmişdir. Ərazi nümayəndəliyinə daxil olan bütün kəndlərdə əhali imkan daxilində pay torpaqlarını birləşdirməklə kənd təsərrüfatının inkişafında daha yüksək nəticələr qazana bilərlər. Gələcəkdə torpaqlardan səmərəli istifadə etməyənlər haqqında ciddi inzibati tədbirlər görüləcək, torpaqlar onlardan alınaraq daha səmərəli istifadə edənlərə veriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına dair verdiyi tapşırıqların icrası ilə əlaqədar rayonumuzda ənənəvi kənd təsərrüfatı sahələrini, o cümlədən çəltikçiliyi, çayçılığı, sitrusçuluğu daha geniş şəkildə inkişaf etdirmək üçün əkinə yararlı bütün torpaqların dövriyyəyə qaytarılmasına maksimum səy göstərməliyik. Əkinçiliklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermer və sahibkarlar dövlətin göstərdiyi qayğı və diqqətdən ruhlanaraq bu əkin növlərini artırmaqla, ərzaq bolluğu yaratmaq üçün bütün qüvvələri səfərbərliyə almalıdırlar.