Astara rayonunda birinci rübün yekunlarına həsr olunmuş Şura iclası keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr 25 aprel 2012-ci il tarixdə Astara rayon İcra hakimiyyəti Başçısı yanında Şura iclasında müzakirə olunmuşdur.
İclası giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Q.Ağayev açaraq qeyd etmişdir ki, 2012-ci ilin birinci rübündə ölkədə ümumi daxili məhsul 0,5 faiz, qeyri-neft sektoru 7,7 faiz artmışdır. İnflyasiya cəmi 3,1 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 14 faiz artmışdır. Bu ilin dövlət büdcəsi 20 milyard dollardan çox olmaqla sosial proqramlar uğurla icra edilmiş, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılmışdır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatlarımız artmış, cari ilin birinci rübündə 43 milyard dolları ötmüşdür.
Birinci rübdə rayonun sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər, qazanılan nailiyyətlər barədə məruzədə ətraflı bəhs olunmuşdur.
Rayon maliyyə idarəsinin rəisi C.Abbasov, Təhsil şöbəsinin müdiri Q.Məmmədova, rayon Mərkəzi xəstəxananın müdiri E.Hüseyn və rayon Gənclər, İdman İdarəsinin rəisi Ə.Əliyev çıxış edərək rəhbərlik etdikləri sahə üzrə cari ilin birinci rübündə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev yekun nitqində konkret tapşırıqlar vermişdir. Qeyd etmişdir ki, görülən işlər bizi arxayın salmamalı, daha yüksək nailiyyətlərin əldə edilməsi üçün daim çalışmalıyıq. Ölkə Prezidenti cənab İlham Əliyevin rayonumuzun sosial-iqtisadi inkişafı ilə əlaqədar bir ay ərzində iki mühüm sərəncam imzalaması məsuliyyətimizi ikiqat artırır.
İnzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri yerlərdə əhali ilə müntəzəm görüşməli, onları narahat edən məsələlərin həllində köməklik göstərməlidirlər. Əhalinin maaş, məvacibləri, pensiyaların vaxtında verilməsi təmin edilməlidir. Ünvanlı sosial yardımların verilməsində şəffaflıq olmalı, qanunda tələb olunan ədalətlilik prinsipinə əsaslanmalıdır.
Şəhərin təmizliyi daim nəzarətdə saxlanmalı, əkilən ağacların, salınan yaşıllıqların qorunmasına diqqət yetirilməlidir.
Bir ay bundan öncə möhtərəm Prezidentin açılışını etdiyi Astara Olimpiya İdman Kompleksi gənclərimizə böyük hədiyyədir. Bura işlək vəziyyətə gətirilməli, tədbirlərin keçirilməsinə diqqət artırılmalıdır. Təkcə şəhərdən deyil, kəndlərdən də gənclərin bu idman sarayına gəlib asudə vaxtlarını səmərəli keçirməsi üçün şərait yaradılmalıdır.
Bunu da qeyd etməliyəm ki, Astaranın inkişafı, şəhər, qəsəbə və kəndlərin sosial problemlərin həlli ilə əlaqədar perspektiv planlarımız var. Biz həmin tədbirlərin tədricən həyata keçirilməsinə nail olacağıq.
Bu işlərdə hamınıza uğurlar arzulayıram.