2017-ci ilin doqquz ayının nəticələri müzakirə olunmuşdur
Oktyabrın 11-də rayon İcra Hakimiyyətində 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairəsi üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrləri yığıncaqda iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə açan Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etdi ki, sentyabrın 9-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda geniş nitq söyləyən dövlət başçısı qeyd etmişdir ki, bu ilin doqquz ayında ölkəmiz uğurla və hərtərəfli inkişaf etmiş, bütün sahələrdə dinamik inkişaf təmin edilmiş, Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, ölkə daxilində proseslər müsbət istiqamətdə gedərək iqtisadi-sosial məsələlər öz həllini tapmışdır.
Son illərdə aparılan siyasətin nəticəsi olaraq ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2,5 faiz artmış, qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil etmiş, xarici ticarət dövriyyəsi 7 faiz artmışdır. Azərbaycanın valyuta ehtiyatları doqquz ayda 4,5 milyard dollar artaraq 42 milyard dollara çatmışdır. Ölkə iqtisadiyyatına 8,3 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da çox hissəsi xarici sərmayədir.
Dövlətimizin başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğulamış, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan heç vaxt öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlətimizin başçısı onu da vurğulamışdır ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilməmişdir.
Ötən dövrdə yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələr uğurla icra olunmuş, ilin əvvəlindən 100-ə yaxın məktəb, iyirmi yeddi tibb ocağı tikilib, təmir edilmişdir. Doqquz ayda 171 mini daimi olmaqla 226 min yeni iş yeri yaradılmışdır.
Ölkəmizdə turizm sektorunun inkişafı da daim diqqət mərkəzində olmuş, yaradılmış turist şəbəkələri və müalicə mərkəzləri hesabına ölkəyə turist axını xeyli artmışdır.
Doqquz ayda ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş vermiş, ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni saziş imzalanmış, yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olacaqdır.
Strateji Yol xəritələrinin inkişafı təmin edilmiş, doqquz ayda Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilmişdir. 140 ölkə arasında rəqabətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ci yerə qalxmış, MDB məkanında liderliyini qoruyub saxlamışdır.
2017-ci ilin doqquz ayında rayonumuzda da xeyli iş görülmüşdür. Ən yaddaqalan hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin bölgəmizə səfəri, yeni obyektlərin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü və çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirməsi olmuşdur. Müşavirədə cənab Prezident aqrar sektorun inkişafı ilə əlaqədar mühüm tövsiyə və tapşırıqlarını vermişdir. Bu tapşırıqlara uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsi, istifadəsiz qalan torpaq sahələrinin dövriyyəyə qaytarılması ilə əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilmişdir.
Görülən tədbirlər nəticəsində rayonda ümumi əkin sahəsi 2300 hektara qədər artırılmış, suvarma şəbəkəsi yararsız olduğundan əkilməyən daha 1370 hektar torpaq sahəsində bu problemin həllindən sonra əkin aparılması nəzərdə tutulmuşdur. Bundan əlavə rayonun ayrı-ayrı yaşayış məntəqələrində aşkar edilmiş, çay və sitrus bitkilərinin əkini üçün yararlı olan 2235 hektar torpaq sahəsinin də gələcəkdə əkin dövriyyəsinə qaytarılması üçün tədbirlər müəyyən edilir.
Hesabat dövründə yerli gəlirlər 4 milyon 218 min manata qarşı 3 milyon 863 min manat icra olunmuş, bu da 92 % təşkil edir. Yerli xərclər isə 4 milyon 479 min manata qarşı 3 milyon 656 min manat icra olunmuş, bu da 82 %-ə bərabərdir.
İqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1.6% artaraq 148.2 milyon manata çatmışdır. Bunun 7% sənayedə, 35 % kənd təsərrüfatında, 23.4 % tikintidə, 32.4 % ticarət və xidmətlər sahəsində, 11.8 % nəqliyyat və anbar təsərrüfatında, 0,4 % informasiya və rabitədə olmuşdur.
Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon manat məbləğində vəsait yönəldilmişdir ki, onun 99.6 % tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 20.1 % azalmışdır. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1381 manat təşkil etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 8 iyun 2017-ci il tarixli sərəncamına uyğun olaraq Park-bulvar kompleksinin genişləndirilməsi işlərinə başlanılmış, hazırlanmış layihəyə əsasən nəzərdə tutulan işlər ardıcıl olaraq həyata keçirilir. Park-Bulvar və çimərlik ərazisində “AAAF Park Astara” layihəsi çərçivəsində idman sağlamlıq kompleksləri tikilib istifadəyə verilmiş, şəhərin prospekt və küçələrində tikinti-quruculuq işləri, işıqlandırma sisteminin bərpası, 2017-ci ildə mənzil fonduna daxil olan ictimai-yaşayış binalarında təmir-tikinti işləri görülmüş və bu istiqamətdə işlər davam etdirilir.
Kənd investisiya layihəsi çərçivəsində Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində müasir tipli xəstəxana binası tikilib istifadəyə verilmişdir. Ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə başlanılmış, yolun 13 km-i asfaltlaşdırılmış, hazırda işlər davam etdirilir.
Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin əsas avtomobil yollarından biri olmaqla yanaşı, “Şimal-Cənub“ nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Hazırda bu magistralın Masallı-Astara hissəsinin tikintisində işlər davam etdirilir.
Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması işi hesabat dövründə davam etmiş, Respublika əhəmiyyətli Ələt-Astara-İran sərhədi avtomobil yolunda avtoqreyderlə yol çiyinləri hamarlanmış, 27 min 510 metr küvetlər təmizlənmişdir. 27 min 648 kv.metr yol çiyinləri çınqıl materialı ilə bərkidilmiş, 11576 kv.metr asfalt-beton qarışığından çala təmir işləri görülmüşdür. Yerli əhəmiyyətli Lovayın-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamışovka, Pensər-Şahağac, Pensər-Kakalos, Sərək-Şüvi, Kijəbə-Qəcimardə, Siyaku-Şəmətük avtomobil yollarında 20610 pm küvetlər təmizlənmiş, həmin yollarda asfalt-beton qarışığından çala təmiri işləri görülmüşdür.
Rayon Su Kanal İdarəsi tərəfindən şəhər ərazisində ictimai yaşayış binalarının içməli su təminatının yaxşılaşdırılmasından ötrü mənbədə olan su quyuları lildən təmizlənmişdir. Qapıçıməhəllə-Astara magistral su xəttində diametri 327 mm olan su borusunda təmir bərpa işləri görülmüşdür. Astara şəhəri və ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Respublikasının regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına salınaraq, layihənin icrasına başlanılmışdır. Bu günə qədər layihə üzrə Xanbulançay dəryaçasında 2 ədəd 5000 kub metrlik su anbarının dəmir beton işləri qurtarmış, anbarın çöl izoliyasiya işləri görülmüş, havalandırma boruları qaynaq edilmişdir. Astara şəhərinin içməli su şəbəkəsi layihəsi üzrə birinci və ikinci mərhələsinin tikintisinə başlanmış, şəhərin Heydər Əliyev prospekti, Kaverin, Aydın Məmmədov, Nizami, Səməd Vurğun, Həzi Aslanov, Mirzə Rəhimov, Əhəd Muxtar, Qum və s küçələrində 54062 p/m məsafədə boru xətti tikilmiş, 1677 mənzil çıxışları verilmişdir.
Lənkəran Regional Qaz İstismar İdarəsinin Astara Xidmət Sahəsi tərəfindən rayonun qaz təchizatını daha da yaxşılaşdırmaq məqsədi ilə 2017-ci ilin 9 ayında 206 evin qazlaşdırılması həyata keçirilmiş, 6384 p/m müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işləri aparılmış, 107 ədəd qaz tənzimləyici şkaf təmir olunaraq saz hala gətirilmişdir. Əhali abunəçiləri üçün 206 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilmiş, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 16752-a çatdırılmışdır. Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 1618.9 p/m müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilmiş, 498 ədəd fərdi qaz tənzimləyici abunəçilər üçün quraşdırılaraq istifadəyə verilmişdir.
Rayonda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər davam etmişdir. Rayon ərazisində 10 kv-luq və 0,4 kv-luq hava xətlərində 652 ədəd yeni metal və dəmir beton dayaqlar quraşdırılmış, 313 ədəd 10 kv-luq izolyator dəyişdirilmiş, 148 min metrdən çox yeni naqil çəkilmişdir. Tarixən elektrik enerjisi olmayan Şəvqo kəndi elektrik enerjisi ilə təmin edilmiş, rayonun bütün şəhər, qəsəbə və kəndlərini tam əhatə etməklə təqribən 170 km məsafədə ağac budanmaları aparılmış, naqillər tarımlanaraq standarta uyğun vəziyyətə gətirilmişdir.
2017-cı ilin 9 ayı ərzində rayon telekommunikasiya qovşağının tarif gəliri 738516 manat olmuşdur ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 34902 manat çoxdur. Əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi isə 595365 manat təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35208 manat çox olmuşdur. Regionlarda genişzolaqlı internet xidmətlərinin genişləndirilməsi layihəsi əsasında Ərçivan, Şahağacı, Kijəbə, Təngərüd və Kakalos EATS-lərin hər birində 48 port tutumu olan DSLAM avadanlıqları alınaraq quraşdırılmışdır.
2017-ci ilin 9 ayi ərzində Astara Poçt Filialına təyin edilmiş 316 min 580 manat tarif gəliri proqnozu faktiki olaraq 364 min 274 manat və ya 115 % icra edilmişdir. Bu da təyin edilmiş proqnozdan 47 min 694 manat çoxdur. Poçt Filialı 1 milyon 634 min manat elektrik enerji haqlarını, 1 milyon 714 min 582 manat qaz pullarını vətəndaşlardan qəbul edib “Azərpoçt” MMC-nin hesabına köçürmüşdür. Filialının 14 poçt şöbəsi kompüterləşdirilmiş, qalan şöbələrin kompüterləşdirilməsinə yaxın vaxtlarda baxılacaqdır.
Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsi tərəfindən 2017-ci ilin 9 ayı üzrə proqnoz plan 8194.8 min manata qarşı 8195.2 min manat icra olunmuşdur. Bu da 100.0% təşkil edir. Şöbədə 20496 sığorta olunan qeydiyyatda vardır. Onlardan 6771 hüquqi şəxs, 5256 fiziki şəxs, 8469 torpaq mülkiyyətçiləridir. 9 ay ərzində hərəkətdə olan sosial müavinət alanların sayı 5235 nəfər olmuşdur.
Rayon Dövlət Sığorta Filialı hesabat dövründə 38000 manat tədiyyə toplamışdır. Yığılmış tədiyyə və baş idarədən daxil olmuş vəsaitin hesabına hərbi xidmət dövründə şəhid olanların ailələrinə və zərər çəkmiş əlillərə 17050 manat sığorta yardımı verilmişdir.
Rayon Məşğulluq Mərkəzində 941 nəfər işaxtaran qeyri-məşğul vətəndaş qeydiyyata alınmışdır. Onların 177 nəfərini qadınlar təşkil edir. Ötən müddət ərzində Mərkəzə iş üçün müraciət edənlərin 397 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunmuşdur. Ailə biznesini genişləndirmək məqsədi ilə işaxtaran və işsiz vətəndaşlardan 15 nəfəri özünüməşğulluq layihəsinə cəlb edilmiş, onların özünüməşğulluğu təmin edilmişdir.
Hesabat dövründə rayon təhsil şöbəsində də müəyyən işlər görülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirinin “2017-2018-ci dərs ilinin əvvəlindən ümumtəhsil müəssisələrinin rasionallaşdırılması barədə müvafiq əmri ilə rayonun Kakalos kənd 2 nömrəli tam orta məktəbi ləğv edilmiş, Bala Şahağac kənd tam orta məktəbinin tipi ümumi orta məktəbə dəyişdirilmişdir.
2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə 122 müəllim üçün sifariş verilmiş, nazirliyin müvafiq əmri ilə 40 müəllim Rayon Təhsil Şöbəsinə göndərilmiş, onlardan 37 nəfəri təhsil müəssisələrinin sifariş yerlərinə göndərilərək işlə təmin olunmuşlar. Müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballara görə vakant qalmış sifariş yerlərinə 32 nəfər yerləşdirilmişdir. Keçən tədris ilində IX sinif yeni kurikulum təlim üsulu ilə təhsil alanların ilk buraxılış sinfi olmuşdur. Tam orta təhsil səviyyəsi üzrə attestat alan 813 şagirddən 384 nəfəri ali məktəblərə qəbul olmaq üçün ərizə ilə müraciət etmiş 233 məzun tələbə adını qazanmışdır. Tələbə adını qazanan məzunlardan 31 nəfəri 500-dən çox, onlardan 9 nəfəri 600-dən yüksək bal toplamışdır. IX siniflər üçün Dövlət İmtahan Mərkəzi yeni qaydada iki mərhələ olmaqla mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarını keçirmiş və məzunlarına ilk dəfə olaraq ümumi təhsil haqqında attestat verilmişdir.
Rayonda aqrar sahənin inkişafına diqqət artırılmışdır. İnzibati ərazi nümayəndəlikləri üzrə kənd təsərrüfatı bitkilərinin əkini üçün şum işləri 2016-cı il ilə müqayisədə artaraq 547,85 hektara çatdırılmışdır. 41 hektar sahədə payızlıq əkin aparılmış, hazırda əkin və şum işləri davam etdirilir.
Son illər çəltik əkinin rentabelli olması, əhalinin bu sahəyə marağını daha da artırmış, nəticədə çəltik sahələri genişləndirilərək 447,5 hektara çatdırılmışdır ki, bu da keçən illə müqayisədə 3 dəfə çoxdur. Cari ilin avqust ayının 15-dən çəltik biçininə başlanılmış, rayon üzrə 446,55 hektar sahədən 1797,95 ton məhsul yığılmış, orta məhsuldarlıq 40,3 sentner olmuşdur. Taxıl əkini aparılmış 180,3 hektar sahədən 362,4 ton taxıl yığılmış, orta məhsuldarlıq 20,1 sentner olmuşdur.
Rayon üzrə ixtisaslaşdırılmış sahələrdən olan çayçılıq daim diqqətdə saxlanılmaqla mütəmadi olaraq yeni çay sahələri salınır. Hazırda 345 hektar çay plantasiyası mövcuddur. Həmin çay plantasiyalarının 187 hektarı məhsuldar, 158 hektarı isə cavan çay sahələri təşkil edir. 2017-ci il may ayından indiyə qədər rayon üzrə 347,2 ton yaşıl çay yarpağı yığılaraq çay fabriklərinə təhvil verilmişdir. Hazırda yaşıl çay yarpağının yığılması davam etdirilir.
2017-ci ildə həyətyanı torpaqlarla birlikdə rayon üzrə cəmi 2356,7 hektar olmaqla 1254 hektar kartof, 493,6 hektar soğan, 370,5 hektar xiyar, 550 hektar pamidor, 145,6 hektar kələm, 448 hektar bostan bitkiləri, 174 hektar sahədə yeni yonca, 267 hektar sahədə qarğıdalı və 595,1 hektar sahədə tərəvəz əkilmişdır.
Rayon ərazisində fərdi, dövlət və fermer təsərrüfatlarında 42626 baş iri, 25580 baş xırda buynuzlu, 1221 baş təkdırnaqlı, 187550 başdan çox ev quşları, 9740 arı ailəsi vardır. 2873.6 ton diri çəkidə ət, 22 min 657 ton süd istehsal olunmuşdur.
Əkin sahələrini müntəzəm suvarma suyu ilə təmin etmək və su itkisinə yol vermədən su tələbatçılarının əkin sahələri müəyyənləşdirilərək kanallar təmizlənilmiş, əlavə kanallar qazılmış, suyu sahəyə qaldırmaq üçün torpaq bəndlər vurulmuşdur. Suvarma suyunu itkisiz su tələbatçılarına çatdırmaq üçün 21 km kanal qazan mexanizmlə xırda ölçülü arxlar qazılmış su tələbatçılarının istifadəsinə verilmişdir. Şuvi-Lovayın beton üzlüklü kanalın üzərindəki hidrotexniki qurğularda cari təmir işləri aparılmış, su anbarı tam həcmdə su ilə doldurulmuşdur. Qapalı şəbəkələrdə də müəyyən cari təmir işləri görülmüş, tələb olunan ərazilərə suyun verilməsi təmin edilir. Mövsüm ərzində 8.7 milyon kub metr su sahələrə verilmişdir. Astaraçay və Pensərçaydakı suqəbuledici qurğuları vaxtında işlək vəziyyətə gətirilmiş və mövsüm ərzində heç bir qəza halları baş vermədən həmin qurğulardan istifadə edilmişdir.
Meşə mühafizəsi və bıərpası müəssisəsində 2017-ci ilin 9 ayında 35 hektar sahədə meşə meyvə bağları salınmışdır. Əkinlər müəssisədə yetişdirilmiş yerli şəraitə uyğun yunan qozu ilə aparılmışdır. Yeni şitillik sahələri salınmaq üçün 0,20 ha böyütmə sahəsi salınmışdır. Keçən illərdə salınmış meşə əkinlərində və meyvə bağlarında 717 hektar xidməti, 747 hektarda suvarma işləri, tinglik və böyütmə sahələrində isə 48 hektarda becərmə işləri və 33 hektarda suvarma işləri aqrotexniki qaydalara uyğun olaraq aparılmışdır.
Rayon əhalisinin mədəni istirahətinin və asudə vaxtının səmərəli təşkili və keçirilməsi məqsədilə mədəniyyət evləri və klubların kollektivləri yaşayış və sərhəd məntəqələrində müxtəlif tədbirlərdə maraqlı proqramlarla çıxış etmişlər. Yay mövsümündə Astara Mərkəzi kitabxanasında “Açıq kitabxana” fəaliyyətə başlamış, həftə boyu davam edən xidmət zamanı insanların sərbəst kitab oxuması üçün mütaliə stolu təşkil olunmuşdur.
Turizm potensialına malik olan rayonumuzda bu sahənin inkişafı üçün daha geniş imkanlar açılmışdır. Rayonun uzaq dağ kəndlərinin yollarının asfaltlaşdırılması ilə tarixi, mədəni, təbiət abidələri ilə zəngin olan bu ucqar kəndlərə turistlərin gəlişi başlanmışdır. Eyni zamanda dəniz sahilində müasir tələblərə cavab verən park-bulvar tikilmişdir ki, bu da rayona gələn turistlərin daha yaxşı istirahətinə əlavə imkanlar yaradır.
Gənclər və İdman İdarəsi 2017-ci ilin 9 ayı ərzində 65 tədbir həyata keçirmişdir. Bu tədbirlərdə ümumən 7489 nəfər gənc və idmançı iştirak etmişdir. 14 iyul tarixində Astara Olimpiya İdman Kompleksində açılışı olmuş 16 yaşadək yeniyetmələr arasında Şahmat Olimpiadası keçirilmiş və burada Respublikanın bütün rayonlarından 450 nəfərədək şahmatçı qüvvəsini sınamışdır. Gənclərin fiziki tərbiyəsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, idmançılarımıza göstərilən daimi diqqət və qayğı onların Respublika və Beynəlxalq yarışlarda uğurlu nəticələr qazanması üçün şərait yaratmışdır. Dövlət Gənclər Siyasətinin ən vacib istiqaməti olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi onların vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət, intellektual, bacarıqlı və yaradıcı gəncliyin inkişafı daim diqqətdə olmuşdur. Bunun nəticəsidir ki, gənclərin orduya çağırışı həmişə yüksək səviyyədə yerinə yetirilir.
Rayonda siyasi partiyaların, qeyri-hökumət təşkilatları ilə işin təşkilinə diqqət artırılmış, onların normal fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi əməl olunmuş, dini durum daim nəzarətdə saxlanılmış, bu sahədə sabitlik təmin edilmişdir. Ölkə Prezidenti tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi” ili elan edilməsi ilə əlaqədar rayonun ayrı-ayrı yaşayış məntəqələrində gənclər, din xadimləri, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə vaxtaşırı tədbirlər keçirilmiş, islam dinin elmi əsaslarla təbliği haqqında maariflənmə aparılmışdır.
Müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində bütün tədbirlər həyata keçirilmişdir. 9 ay ərzində şəhər, qəsəbə və kənd ərazi nümayəndələri, icra hakimiyyəti başçısının aparatı, bələdiyyələr və sahibkarlar tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrin yardım fonduna 51 min 205 manat vəsaitin köçürülməsi təmin edilmişdir.
Rayonda vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar müsbət nəticəsini vermişdir. Vətəndaşların müraciətlərinə yerində baxılmış, operativ zəruri tədbirlər görülmüşdür.
Rayonun gələcək sosial-iqtisadi inkişafı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirilməsi məqsədilə daha vacib olan məsələlər gündəmdədir. Rayonun əlverişli təbii şəraiti və yaradılmış yol infrastrukturu turizmin inkişafına geniş imkanlar açır, ona görə də iş adamlarının bu sektora diqqət ayırmaları və investisiya yatırmaları qarşıda duran vacib məsələlərdəndir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır.
Rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu sahənin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Ölkə rəhbərinin tapşırığına uyğun olaraq hazırda rayonda fermer və sahibkarlara məşğul olduqları sahələrin daha da inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar ayrı-ayrı ərazilərdə istifadəsiz qalmış torpaqların tamamilə əkilməsi barədə tapşırıqların verilməsinə, hər cür köməkliyin göstərilməsinə baxmayaraq rayonun bir çox kəndlərində istifadəsiz torpaq sahələri hələ də qalmaqdadır. Torpaqları əldə edən, ancaq uzun müddət ondan istifadə etməyən şəxslərlə izahat işləri aparılmalı, bu torpaqlar istifadəsiz qalmamalıdır. İnzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyələr bu məsələ ilə ciddi məşğul olmalı, torpaq istifadəçiləri ilə təbliğat işlərini gücləndirməlidirlər.
Rayon İcra hakimiyyəti Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə edəcək, əhalinin maddi rifah halının, məişət şəraitinin və güzəranının gündən-günə yaxşılaşdırılması, rayonumuzun hərtərəfli inkişafı üçün vacib olan bütün tədbirləri görəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində var qüvvələrini səfərbər edəcəkdir.
Məruzə ətrafında rayon İcra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cvaadov, Astara Elektrik Şəbəkəsinin müdiri Alim Qəmbərli, 52 saylı yol istismar idarəsinin rəisi Qurban Əliyev və başqaları çıxış etmişlər.
Şura iclasına yekun vuran rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qeyd etmişdir ki, doğrudan da 2017-ci ilin doqquz ayında rayonda xeyli iş görülmüşdür.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Sərəncamları ilə ayrılan vəsait hesabına Taxtanakəran-Toradi və Taxtanakəran-Miki avtomobil yollarının asfaltlaşdırılması, Astara şəhərindəki Park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində görülən işlər ürəkaçandır. Hər iki layihə üzrə işlər müvəffəqiyyətlə davam edir. Taxtanakəran-Toradi avtommobil yolunun 13 km hissəsinə asfalt döşənmiş, Taxtanakəran-Miki avtomobil yolunda torpaq qatının bərkidilməsi işləri yekunlaşdırılmışdır. Astara şəhərinə içməli suyun çəkilməsi də uzun illər bu problelə üz-üzə qalan sakinlərə böyük töhfə olduğunu qeyd etməliyik.
Əsas məsələlərdən biri də möhtərəm Prezidentin aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarına uyğun olaraq kənd təsərrüfatının rayonumuz üçün prioritet sahələrinin inkişaf etdirilməsidir. Aqrar sahə ilə məşğul olan əhali üçün yaradılan əlverişli şərait nəticəsində rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalının ildən-ılə artması bizi çox sevindirir. Həm əkin sahələrinin artırılması, həm də istehsal edilən məhsulların çəkisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranmış fərqlər böyükdür. Təkcə çəltik əkininin ötən illərə nisbətən təqribən 8 dəfə artırılaraq 450 hektara çatdırılması, eyni zamanda 100 hektara qədər məhsuldarlığı yüksək olan sitrus bağlarının salınması, tərəvəz, dənli-paxlalı bitkilərin əkin sahələrinin xeyli genişləndirilməsi aparılan səmərəli işlərin nəticəsidir. Lakin bu uğurlar bizi arxayın salmamalı, rayonun ayrı-ayrı yaşayış məntəqələrində istifadəsiz qalan hektarlarla kənd təsərrüfatı üçün yararlı torpaqların tamamilə əkin dövriyyəsinə qaytarılmasına maksimum çalışmalıyıq.
Rayonda aparılan tikinti abadlıq işləri, dəniz sahilində salınmış park-bulvarda yaradılan yüksək şərait, yol infrastrukturunun yaxşılaşdırılması turizm imkanları geniş olan rayonumuza gələn turistlərin sayında yüksək artımla müşahidə olunur. Verilən məlumatlara görə bu il rayona gələn turistlərin sayı 6 min nəfərdən çox olmuşdur. Lakin, rayonda hotel şəbəkəsinin və digər mədəni xidmətlərin səviyyəsini yaxşılaşdırmaqla bu rəqəm xeyli arta bilər.
Qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən icra başçısı 2017-ci ilin doqquz ayında görülən işlərin nəticələrinə əsasən bu ilin respublikamızda olduğu kimi Astara rayonu üçün də yüksək inkişaf ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.