Astara məktəbliləri Gəncə-Şəmkir-Göygöl rayonlarına yola düşdülər
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib.
Bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
Noyabrın 11-də tur-aksiyanın ”Astara-Gəncə-Şəmkir-Göygöl-Astara” marşrutunun iştirakçılarını yola salmaq üçün rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq ölkəmizi daha yaxından tanımaq üçün məktəblilərə yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Qrupun rəhbəri Elşad Axundov qeyd etdi ki, ölkə başçısının təşəbbüsü ilə dövlət səviyyəsində keçirilən tur-aksiyanın iştirakçıları - Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncənin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Məktəblilər Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər”.
Məktəblilərdən Fidan Hacızadə, Şahmar Bəhrəmov və başqaları bildirdilər ki, Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyindəndir. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonlarının qədim tarixi, adət və ənənələri, mədəniyyət və incəsənəti bütün dünyada məşhurdur. Bütün bunları görmək bizə də nəsib olacaq deyə çox sevinirik. Məktəblilər üçün bu imkanı yaradan Azərbaycan Prezidentinə “Çox sağ olun!” deyirik”.
Sonra Astara-Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə aksiya iştirakçılarını Gəncəyə aparan avtobus rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyətin nümayəndələrinin müşaiyəti ilə yola düşdü.