Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025-22) 5-13-94

Tur-aksiyanın iştirakçıları Astarada

13 noyabr 2017 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Gəncə şəhərinin, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Qazax, Ağstafa, Yasamal və Nəsimi rayonlarının məktəbliləri noyabrın 12 və 13-də Astara rayonuna səyahət ediblər.

Aksiyanın iştirakçılarını rayon icra hakimiyyətinin məsul işçiləri və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Rayon İcra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Ölkəmizdə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran, Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.

Bildirilib ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir.

Bu il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan Sərəncam ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm rol oynayır.

Bu sahələrin dirçəldilməsi üçün mövcud potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik, çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması nəzərdə tutulur.

Şagirdlərə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, erməni separatçıları növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprel ayının 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetiriblər. Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır. 

Məktəblilər Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini, böyük rəhbərin Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə böyük maraqla tanış olublar.

Sonra tur-aksiyanın iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılacaq.

Park-bulvar kompleksi ərazisinin genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək.

Ərazidə, həmçinin uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub. Parkın əvvəlki hissəsindən fərqli olaraq yeni ərazidə dəniz sahilinə çıxışlar olacaq.

Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı, əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məktəblilərə məlumat verilib. Qeyd olunub ki, Astara zəngin təbiətə və qədim tarixə malik, nadir el sənətkarlığının, qədim adət-ənənələrin və folklorun qorunduğu qədim yaşayış məntəqəsidir.

Park-bulvar kompleksi ilə tanışlıqdan sonra tur-aksiyanın iştirakçıları rayonun Ərçivan kəndindəki “Yanar bulaq”da suyun necə alovlandığını böyük maraqla izləyiblər.

Məktəblilər “Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləmiş, “Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar.

Keçidlər